"Təbliğat kampaniyasını partiyanın təlimatı əsasında quracağam"

Hikmət Babaoğlu: “YAP siyasi baxımdan ən yetkin insanların təşkilatlandığı partiyadır”


Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin sentyabrın 15-də keçirilən növbəti iclasından sonra hakim partiya qarşıdan gələn parlament seçkilərində müvafiq seçki dairələri üzrə namizədliyini irəli sürdüyü şəxslərin siyahısını açıqlayıb. Milli Məclisə keçiriləcək seçkilərdə namizədliyi YAP tərəfindən irəli sürülən şəxslərdən biri də 19 saylı Nərimanov birinci seçki dairəsindən namizəd göstərilən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğludur (Məmmədov). Həmkarımızla əlaqə yaradıb təmsil etdiyi partiyanın müəyyən etdiyi namizədlər, onlar üçün tələb olunan meyarlar, onların adlarının yer aldığı siyahının ictimaiyyətə bir qədər gec açıqlanması, budəfəki seçkilərdə namizədliyi irəli sürülən şəxslər arasında gənclərə, xüsusən də qadınlara xeyli yer verilməsi, bəzi rektor-millət vəkillərinin adlarının yeni siyahıda yer almaması və sair məsələlərlə bağlı fikirlərini öyrəndik.

 

- Hikmət müəllim, iqtidar partiyasının parlament seçkilərində namizədliyini dəstəkləyəcəyi şəxslərin kimliyi hər zaman cəmiyyətdə böyük maraqla izlənilib. Bu dəfə də elə oldu. Amma nədənsə YAP siyahısına kimlərin daxil olması barədə məlumatı sanki bir qədər gec açıqladı. Bu, seçkiöncəsi bir taktikadır, yoxsa həqiqətən də siyahının müəyyənləşməsində tərəddüdlər var idi?


- Yeni Azərbaycan Partiyası ümumxalq partiyası kimi səciyyələndirilən, 700 minə yaxın üzvü olan böyük bir siyasi təşkilatlanmadır. Ölkəmizin lokomotiv siyasi təşkilatıdır, regionun ən böyük partiyasıdır. Parlament seçkiləri kimi ciddi siyasi hadisə ərəfəsində heç şübhəsiz ki, böyük partiya öz mövqeyini açıqlayarkən təmkinli olmalı, siyasi strategiya baxımından ən xırda detallara qədər hər şeyi nəzərə almalı idi. Çox hörmətli Əli Əhmədov da bu barədə mediaya müsahibəsində bildirib ki, partiyanın namizədlərinin adlarının açıqlanması tarixi əvvəlcədən müəyyənləşdirilib və heç bir gecikmə olmayıb. Ona görə də hansısa gecikmədən, tərəddüddən söhbət gedə bilməz.

 

- YAP-ın namizədlər siyahısını necə dəyərləndirirsiniz?


- Yeni Azərbaycan Partiyası özündə ölkəmizin ən yüksək intellektual resurslarını birləşdirən siyasi təşkilatdır. Siyasi baxımdan ən yetkin insanların təşkilatlandığı partiyadır. Eyni zamanda, Yeni Azərbaycan Partiyası cəmiyyətin siyasi sistemini, onun keyfiyyətini müəyyənləşdirən təşkilatdır. Partiyamızda Milli Məclisdə təmsil olunmağa layiq olan onlarla, yüzlərlə, minlərlə insan var. Ona görə də Yeni Azərbaycan Partiyası seçim edərkən özünün uzunmüddətli siyasi təcrübəsinə, partiya daxilində özünün müəyyən etdiyi ədalətli qiymətləndirmə meyarlarına söykənib və namizədlərdən ibarət siyahısını tərtib edib. Mən təkrar Əli müəllimin fikirlərinə istinadən etmək istəyirəm. O bildirib ki, Yeni Azərbaycan Partiyasının müəyyən etdiyi siyahı ən optimal və ən ədalətlidir. Bu, doğrudan da belədir.

 

- Siyahıdakı namizədlər müəyyən edilərkən hansı meyarlar əsas götürülüb?


- Yeni Azərbaycan Partiyasının proqram və nizamnaməsində ilk növbədə azərbaycanlı sosial kimliyinin sosial-siyasi məzmunu göstərilib. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyasının, ideologiyasının daşıyıcısı olmaq əsas meyarlardan biridir. Azərbaycançılıq ideologiyasının əsasında isə ilk növbədə Azərbaycan dilinə, dövlətinə, milli maraqlarına, milli-mənəvi dəyərlərinə sadiq olmaq, onlara sahib çıxmaq, öz üzərində işləmək, intellektual keyfiyyətlər əldə etmək, ölkənin siyasi kursunu daim irəliyə aparmaq kimi prinsiplər dayanır. Güman edirəm ki, partiyamız qiymətləndirmə kriteriyalarını müəyyən edərkən məhz bu göstəriciləri nəzərə alıb. Yəni ilk növbədə Azərbaycan dövlətinin maraqlarını qorumaq, Azərbaycan xalqının milli maraqları uğrunda siyasi mübarizə aparmaq, ölkədə sabitliyin təmin olunması üçün çalışmaq, eyni zamanda, bu mübarizədə intellektual resurslarla silahlanaraq yüksək səviyyədə intellektual vətənpərvərlik keyfiyyətləri nümayiş etdirmək vacib şərtdir.

 

- YAP 125 seçki dairəsindən yalnız 117-dən öz namizədlərini irəli sürüb. Digər seçki dairələrindən namizədlərin irəli sürülməməsi nə ilə əlaqədardır?


- Yeni Azərbaycan Partiyası böyük siyasi partiya olmaqla bərabər, həm də Azərbaycanın milli-mənəvi dəyərlərinin ən yaxşı qoruyucusu və hamisidir. Biz bilirik ki, ictimai-siyasi mühitlə yanaşı, ölkəmizdə həm də sosial-mənəvi mühit var. Bu mühitin tələbləri də bir qədər əvvəl xatırlatdığım milli-mənəvi dəyərlər əsasında yeni keyfiyyətlər tələb edir. Yeni Azərbaycan Partiyası da bu keyfiyyətlərdən çıxış edərək, Azərbaycan cəmiyyətində tanınmış, hörmət və nüfuz sahibi olan insanların namizəd olacağı dairələrdən öz namizədini irəli sürməyəcəyini əvvəlcədən bəyan edib. İndi həmin prinsipinə də sadiq qalıb. Yeni Azərbaycan Partiyasının partiya üzvü olmayan digər namizədləri dəstəkləyəcəyi və sairlə bağlı hörmətli millət vəkili Siyavuş Novruzov da vaxtilə mediaya açıqlamalar verib. Onun fikirlərində də qeyd olunub ki, Yeni Azərbaycan Partiyası öz resurslarından istifadə edərək xalq tərəfindən qəbul edilən, namizədliyini müstəqil şəkildə irəli sürmüş şəxsləri də dəstəkləyə bilər.

 

- YAP-ın açıqladığı siyahıda gənclərin, o cümlədən qadınların da sayı çoxdur. Hakim partiyanın bu cür seçimi nədən irəli gəlir?


- Yeni Azərbaycan Partiyasının fəaliyyət prinsiplərindən biri də cəmiyyətdə ideoloji, siyasi, mədəni, milli varisliyin təmin olunmasıdır. Dediyim bu varisliyi təmin edən isə gənclərdir. Gənclər gələcək nəsillərlə nisbətən yaşlı nəsil arasında körpü rolunu oynayırlar. Yeni Azərbaycan Partiyası siyasi baxımdan yetkin olan yeni gənclərin, gənc siyasi liderlərin formalaşması istiqamətində xüsusi fəaliyyət həyata keçirir. Çünki bu, siyasi və ideoloji sistemdə varisliyin təmin olunması baxımından vacib şərtlərdəndir. Dünyada müxtəlif proseslər baş verir. İdeoloji və siyasi təxribatlar, milli dövlətçiliyə qarşı aqressiv münasibətlər, dünya siyasətini formalaşdıran böyük dövlətlərin kiçik dövlətlərə yuxarıdan aşağı baxma cəhdləri, kiçik dövlətlərin mövcudluğunu qəbul etməmək, qloballaşmanın gətirdiyi yeni keyfiyyətlər və sair özünü göstərir. İctimai-siyasi varisliliyi olmayan toplumlarda, dövlətlərdə bütün bunlar müəyyən problemlər yaradır. Amma bizim ölkədə, partiyada bu, belə deyil. Ona görə də Yeni Azərbaycan Partiyasını gənc liderlər partiyası da adlandırırlar. Hadisələrə məhz bu məntiqlə yanaşsaq, Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlər arasında gənclərin də olması, üstünlük təşkil etməsi normaldır. Qadınlarla bağlı məsələyə gəldikdə isə, bilirik ki, hər bir cəmiyyətin intellektual gücü bioloji cins olaraq qadınlar və kişilərə bölünüb. Ağıllı cəmiyyətlərdə güclü cinsin nümayəndələri ilə bərabər zərif cinsin nümayəndələri də ölkədəki bütün ictimai-siyasi sferalarda önə çəkilir. Bununla iki komponent bir-birini tamamlayır, sözün həqiqi mənasında ümumi milli gücə çevrilir, ölkə maraqlarını yüksək səviyyədə müdafiə edirlər. Bu siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Ölkəmizdə gender siyasəti həyata keçirilir. Biz bunu idarəetmədə də görürük. Təbii olaraq eyni siyasəti Yeni Azərbaycan Partiyasının namizədlərinin siyahısından da görmək mümkündür.

 

- Ali təhsil müəssisəsinin rektoru olmaqla bərabər həm də deputat mandatı daşıyan şəxslərin növbəti parlament seçkiləri öncəsi seçim qarşısında qoyulacağı barədə mediada xəbərlər yer almaqda idi. YAP-ın siyahısı açıqlananda da bəzi rektorların adının orada olmadığını müşahidə etdik. Rektorlar qarşısında hakim partiyanın belə bir seçim qoymasına səbəb nə idi?


- Bu barədə Yeni Azərbaycan Partiyası artıq qərar qəbul edib. Hesab edirəm ki, bu qərar tamamilə doğrudur. Amma həmin qərar barədə yenidən müzakirə açmağı düzgün hesab etmirəm.

 

- Hikmət müəllim, adınızın YAP-ın siyahısına salınacağını, namizədliyinizin irəli sürüləcəyini gözləyirdinizmi?


- Bir qədər əvvəl qeyd etdiyim kimi, Yeni Azərbaycan Partiyasında millət vəkilliyinə namizəd yüzlərlə, minlərlə layiqli şəxs var. Partiya üzvləri arasından mənim də adımın namizədlər siyahısına salınmasına görə ilk növbədə Yeni Azərbaycan Partiyasının sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə sonsuz minnətdarlığımı bildirirəm. Eləcə də partiyamızın rəhbər orqanlarına, orada təmsil olunan rəhbər şəxslərə səmimi qəlbdən təşəkkürümü çatdırıram. Əgər desəm ki, mənim belə bir gözləntim yox idi, bu, qeyri-səmimi olar. Ürəyimdə belə bir gözlənti var idi. Lakin bunun reallaşıb-reallaşmayacağı partiyamızın rəhbərliyindən asılıydı. Mənə etimad göstərildiyinə görə bir daha təşəkkür edir, millət vəkili seçiləcəyim təqdirdə öz fəaliyyətimlə bu etimadı doğrultmağa çalışacağam.

 

- Hüquqşünas və iqtisadçılarla bərabər, media təmsilçilərinin də parlamentdə təmsil olunmasına münasibətiniz necədir?


- Buna çox normal baxıram. Zaman-zaman Azərbaycan parlamentində jurnalistlərin, baş redaktorların təmsil olunması ənənəsi formalaşıb.Dünya təcrübəsində də bu belıdir . Heç də təsadüfi deyil ki, jurnalistika, media IV hakimiyyət adlandırılır . Hakimiyyət isə mənşə etibarı ilə siyasi kateqoriyadır. Əgər siyasət varsa, jurnalistlər də bu və ya digər şəkildə həm də siyasətin yükünü daşıyırsa, deməli, media ilə siyasət bir-birini qidalandıran, bu sahədə keyfiyyəti müəyyənləşdirən iki vacib komponent kimi nəzərdən keçirilə bilər. Media siyasi sistemin əsas aparıcı mexanizmlərindən biridir.Yəni o, siyasətçilərlə cəmiyyət arasında əsas kommunikativ əlaqələndiricidir. Ona görə də media bu və ya digər şəkildə siyasətlə təmasda olur. Başqa sözlə, hər bir media nümayəndəsi həm də bir qədər siyasətçidir. Hesab edirəm ki, Azərbaycan mediasında da yetərli qədər siyasi biliyə sahib, millət vəkilliyinə layiq insanlar var.

 

- Seçkiöncəsi təbliğatınızı necə qurmaq fikrindəsiniz?


- Bununla bağlı Yeni Azərbaycan Partiyası İdarə Heyətinin partiya namizədləri üçün müəyyən etdiyi forma, konkret siyasi texnologiya var. Təbii ki, mən də seçkiqabağı təbliğat kampaniyamı buna uyğun şəkildə, partiyamızın mərkəzi aparatının təlimatı əsasında quracağam.

 

Rufik İSMAYILOV 

21.09.2015 08:41 / Hits: 601 / Print
 
    Bu bölmədə
     News feed
    12.12.2018
    11.12.2018
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo