Qarabağda müharibə başlayarsa, KTMT Ermənistana yardım etməyəcək

Mübariz Əhmədoğlu: “Ermənipərəst diplomatların ən böyüyü Ceyms Uorlikdir”


 

Leyla Məhərrəmova/AZADİFORM. Politoloq Mübariz Əhmədoğlu  Qarabağda başlaya biləcək “İldırım sürətli  müharibə” haqqında fikirlərə Ermənistan tərəfinin münasibətini Azadinform-a  müsahibəsində şərh edib:

 

- Son zamanlar  mətbuatda  Dağlıq Qarabağda “İldırım sürətli müharibə”nin başlayacağı barədə fikirlər yer alıb. Ermənistan ictimaiyyəti və rəsmiləri buna necə  münasibət  göstərir? 

 

- Xaricdəki erməni ekspertləri də, ermənipərəst rus ekspertləri də müharibəni labüd hesab edirlər.  Lakin onların heç biri Ermənistanın qələbə əldə edəcəyi barədə fikir bildirmir. Hamısı qeyd edir ki, müharibə başlasa qısamüddətli olacaq. Ermənistan məğlubiyyətə düçar olacaq. Hətta Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib ki, Avropa Oyunlarından sonra Azərbaycan müharibəyə başlaya bilər. Dağlıq Qarabağın keçmiş “müdafiə naziri”, Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisinin hazırkı  müavini Movses Hakobyan da belə düşünür. Ermənistan tərəfi müharibəni gözləyir. Yubatmağa ehtiyac yoxdur. Müharibənin çox variantları var. Azərbaycanın  hərbi gücü nəzərə  alınarsa, bu  heç müharibə deyil. Erməni ekspertlərinin fikrində də əsas məsələ  budur.

 

- Fransanın Ermənistandakı səfiri Cen François Çarlespentier  bildirib ki, Qarabağda “İldırım sürətli  müharibə”nin başlanması barədə fikirlər fərziyyədir. Siz bu barədə nə  düşünürsünüz? 

 

- O diplomatdır, diplomat çalışmalıdır ki, sonadək hərbi yolu rədd etsin. Yalnız diplomatik yola üstünlük versin. Əgər diplomat desə ki, müharibə başlayacaq, onda o öz-özünü inkar edər. Ermənipərəst diplomatların ən böyüyü Ceyms Uorlikdir. O da dedi ki, müharibənin başlanması ehtimalı çoxdur. Müharibə başlasa, dinc  tənzimlənmə yolu dayanacaq. Əsas məsələ odur ki, Uorlik demədi ki, Azərbaycan müharibəyə başlasa beynəlxalq ictimaiyyət Azərbaycanın üstünə düşəcək. Diplomatların dediyindən belə çıxır ki,  müharibə Ermənistanla Azərbaycana aid olan bir məsələdir. Ermənistan arxayın olmasın ki, hansısa bir qüvvə  gəlib onu müdafiə  edəcək. 

 

- Erməni  mayor-general Ter-Tadevosyan hesab edir ki, Qarabağda müharibə başlasa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT)  öz öhdəliyinə uyğun olaraq Ermənistanı müdafiə edəcək. Sizcə, KTMT Ermənistana nə kimi yardım edə  bilər ? 


- Bu köhnə fikirdir. Belə fikirlər əvvəllər də  səsləndirilib. Tedavosyan etiraf edir ki, Ermənistanın ən böyük günahı odur ki, günahı özündə yox, özgələrdə axtarır. Ermənistanın ən böyük problemi dindədir. O Ermənistanı irəliyə apara bilmir. Tedavosyan öz müsahibəsində qeyd edib ki, Azərbaycanda etnik azlıqlar bir-birinə  güllə atır. Lakin bunlar  hamısı mifdir. 

KTMT-yə gəlincə, o, Ermənistanı müdafiə edə bilər. Lakin Rusiya da, KTMT də  Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Qarabağda müharibə başlayarsa, KTMT Ermənistana yardım etməyəcək. Azərbaycan Qarabağdan Ermənistana keçsə, o zaman KTMT işə qarışa bilər. Dəfələrlə Tovuz-Qazax istiqamətində, Naxçıvanda hərbi  insidentlər olub. KTMT ona reaksiya veribmi? Xeyr. Bu erməni psixologiyasına hesablanmış fikirdir.


13.07.2015 15:51 / Hits: 633 / Print
 
    Bu bölmədə
     News feed
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo