Con Kerri ilə bağlı faktlar ABŞ diplomatiya tarixinə qara ləkədir

Rufiz Qonaqov: "Hansısa hədə-qorxu, güc, təzyiq vasitəsilə Azərbaycanı öz yolundan döndərmək olmaz"

 

Azərbaycan qitə tarixində ilk dəfə keçiriləcək Avropa Oyunlarına ciddi hazırlaşır. Qısa dövr ərzində ölkənin idman infrastrukturu təkmilləşdirilərək, ən müasir standartlara uyğunlaşdırılıb, yeni idman obyektləri, komplekslər yaradılıb, Azərbaycana səfər edəcək idmançıların, qonaqların yerləşdirilməsi, təhlükəsizlik, nəqliyyat, təchizat və digər məsələlər uğurla həll edilib. Hətta Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də bunları yüksək qiymətləndirərək, bütün Bakı heyətinin Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdığını vurğulayıb. Lakin buna baxmayaraq, xarici anti-Azərbaycan şəbəkəsi və erməni lobbisi səylərini birləşdirərək, insan hüquqları, media azadlığı, korrupsiya və digər məsələləri süni və qərəzli şəkildə şişirdir, I Avropa Oyunlarına “boykot” çağırışları edir, möhtəşəm idman yarışlarını gözdən salmağa, onu siyasiləşdirməyə çalışırlar. Azərbaycana qarşı qarayaxma kampaniyası, I Avropa Oyunlarının gözdən salınması cəhdi, ABŞ-ın dövlət katibi Con Kerrinin bu olaylarda rolu və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) rəhbəri, politoloq Rufiz Qonaqov cavablandırır.


- Rufiz müəllim, bəzi xarici qüvvələr tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyası, I Avropa Oyunlarının əhəmiyyətini gözdən salmağa yönəlik cəhdlər nədən irəli gəlir?

 

- Azərbaycana qarşı təşkil edilən belə kampaniyaya biz birinci dəfə deyil ki, rast gəlirik. 2012-ci ildə Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision” beynəlxalq musiqi yarışması öncəsində də belə mənzərəni müşahidə etmişik. Eləcə də müxtəlif beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi barədə məlumat yayılandan sonra anti-Azərbaycan mövqeli qüvvələr dərhal “fəallaşırlar”. Ona görə də I Avropa Oyunları ərəfəsində Azərbaycan əleyhinə ənənəvi kampaniyanın başlanacağı gözlənilən idi. Ümumiyyətlə, dünyada ölkələrə, dövlətlərə yanaşmada ikili Qərb standartları mövcuddur. Çox təəssüf ki, erməni diasporunun əli ilə Azərbaycana qarşı da bu ikili Qərb standartları, metodu tətbiq edilir. Demokratiya, hüquq müdafiəçiliyi pərdəsi altında gizlənən bəzi beynəlxalq təşkilatlar öz missiyalarını həyata keçirmək üçün belə kampaniyalarda xüsusi ilə seçilirlər. Onlar bu işlərə ölkə daxilində himayə etdikləri qüvvələri, o cümlədən maliyyələşdirdikləri və tərəfdaş saydıqları bəzi qeyri-hökumət təşkilatlarını (QHT-müəl.) da cəlb edirlər. Hətta ölkənin ziyalı təbəqəsinin içərisinə nüfuz edərək, müəyyən prosesləri daim nəzarət altında saxlamaq, onları istədikləri istiqamətə yönəltmək niyyəti güdürlər. Belə fəaliyyət planı həmin beynəlxalq təşkilatların mənsub olduqları ölkələrin xüsusi xidmət orqanları tərəfindən hazırlanır. Sözügedən faktları nəzərə alsaq, tam çılpaqlığı ilə aydın olar ki, I Avropa Oyunları ərəfəsində təşkil edilmiş qarayaxma kampaniyası Azərbaycanın uğurlarını həzm etmək istəməyən, dövlətimizin müstəqil siyasəti, iqtisadi, mədəni inkişafı ilə barışmayan, güc-təzyiq vasitəsilə öz maraqlarını burada reallaşdırmaq istəyən qüvvələrin məqsədli fəaliyyətidir. Bu fəaliyyət, bu kampaniya bilavasitə Azərbaycan dövlətçiliyinə qarşı yönəlib Bu fəaliyyətdə yer alan beynəlxalq təşkilatlar, ermənipərəst qüvvələr Azərbaycanın dünyada və regionda artan nüfuzundan narahat olmaqdadırlar. Ən müxtəlif metodlarla bu narahatlıqlarını ifadə etməkdədirlər. Əsas hədəfləri diqqəti reallıqlardan kənara yönəltməklə Azərbaycan dövlətini, dövlətçiliyini zəiflətməkdir. Bunun başqa adı yoxdur.


- Bu qarayaxma kampaniyasının ABŞ-ın dövlət katibi Con Kerrinin Konqresdəki ofisindən idarə olunması barədə mətbuatda məlumat yayılıb. Buna münasibətiniz necədir?

 

- Belə bir məlumatla mən də tanışam. Orada qeyd olunub ki, ABŞ-da bu kampaniyanın təşkil olunması National Endowment for Democracy (NED) təşkilatına həvalə edilib. Eyni zamanda, bildirilib ki, əsasən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, dolayısı ilə dövlət büdcəsindən maliyyələşdirilən NED uzun illərdir Azərbaycanda “5-ci kolon”un formalaşdırılması, hakimiyyət çevrilişi planlarının fəal iştirakçılarından biri rolunda çıxış edir. Hətta bu təşkilat vasitəsilə Azərbaycandakı “tərəfdaş” QHT və media vasitələrinə ABŞ və Qərb mənbələrindən milyonlarla dollar vəsaitin ötürüldüyü bildirilir. Kampaniyanın əsas fəaliyyət mərkəzi rolunu isə ABŞ-ın dövlət katibi Con Kerrinin Konqresdəki ofisinin oynadığı diqqətə çatdırılır. Belə faktların mövcudluğu bizdə dərin təəssüf hissi doğurur. ABŞ dövlət katibinin belə məsələlərdə vasitəçi olması acınacaqlı vəziyyət yaradır. Azərbaycan bütün dünya üçün açıq ölkə olduğunu dəfələrlə bəyan edib. Müstəqil, demokratik ölkə olaraq, burada bütün millətlərin nümayəndəsi azad şəkildə yaşaya, işləyə, öz fikirlərini sərbəst şəkildə ifadə edə bilir. Azərbaycan Avropaya inteqrasiya yolunu tutub və bu siyasətini indi də davam etdirir. Müstəqil dövlət kimi beynəlxalq təşkilatlarla, dünya dövlətləri ilə əməkdaşlıq edir, qarşılıqlı əlaqələr qurur. ABŞ-la da tərəfdaşlıq münasibətlərini daim inkişaf etdirməkdə maraqlı olduğunu bəyan edir. Bütün bunlar nəzərə alınmadan ABŞ rəsmisinin ölkəmizə qarşı qarayaxma kampaniyasında hər hansı şəkildə iştirak etməsi, ermənipərəst qüvvələrlə ortaq mövqedən çıxış etməsi bizi çox təəssüfləndirir.


- Sizin də qeyd etdiyiniz kimi, bəzi hallarda beynəlxalq təşkilatların bu cür “fəaliyyətinə” “sapı özümüzdən olan baltalar” da dəstək verirlər. Belələrinin mövqeyini necə qiymətləndirirsiniz?

 

- Bu barədə dəfələrlə mətbuatda çıxış edib öz fikrimizi bildirmişik. Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən təşkilatların yanında yer alan bəzi yerli QHT-lərin yanlış yolda olması barədə bəyanatlarla çıxış etmişik. Ancaq təəssüf ki, hələ də bəziləri yaşananlardan, reallıqlardan nəticə çıxarmayıblar. Dəfələrlə vurğulanıb ki, Azərbaycan əleyhinə təbliğatın aparılmasında xarici ölkələrin xüsusi xidmət orqanlarının bilavasitə rolu var. Onlarla işbirliyində olan yerli təşkilatları alət rolunu oynamamağa çağırmışıq. Bir müddət bundan əvvəl həmin beynəlxalq təşkilatlardan “qidalanan” QHT-lərdə qanun çərçivəsində yoxlamalar aparılarkən onlar aldıqları vəsaiti hara, nə məqsədlə xərclədiklərini doğru-düzgün ortaya qoya bilmədilər. Nəticədə isə vergidən yayınmaqla, dələduzluqla, qanunsuz sahibkarlıqla məşğul olan belə təşkilat nümayəndələrinin bir qismi məsuliyyətə cəlb olundular. Həmin adamların bir qismi isə tələm-tələsik ölkəni tərk edərək, “siyasi mühacir” adı altında onları maliyyələşdirən ölkələrə sığınıblar. İndi də həmin ölkələr üzərindən Azərbaycan əleyhinə gerçəkləşən kampaniyalara dəstək verirlər. Bu da təbiidir. Çünki onlar pul aldıqları ölkələr qarşısında müəyyən öhdəliklər, tapşırıqlar götürüblər. Hər necə olsa da, hətta Vətənə xəyanət etmək, dövlətçiliyə zərbə vurmaq bahasına olsa da, o öhdəlikləri yerinə yetirməyə çalışırlar. Əgər “siyasi mühacir” adı altında xaricdə sığınacaq tapanlar öz fəaliyyətlərində şəffaf idilərsə, nə üçün ölkədən gizlincə qaçırdılar? Doğrudan da onların fəaliyyəti Azərbaycanın milli maraqlarına, dövlətçiliyinə qarşı yönəlməmişdisə, nədən ehtiyat edirdilər? Bütün hallarda öz ölkəsinin, dövlətinin əleyhinə olan fəaliyyət qəbuledilməzdir. Belə olmasa idi, mənfur düşmənlərimiz ilə onların nə fərqi olardı ki? Ermənilər də Azərbaycana qarşı eyni təbliğatı aparır, bayaq qeyd etdiyim bəzi yerli QHT rəhbərləri də. Bu haqda həmin şəxslər bir daha düşünməlidirlər. Azərbaycanlı olduqları üçün onlar gec-tez öz vicdanları qarşısında cavab verməli olacaqlar.


- Sözügedən xarici qüvvələr, eləcə də onların ölkəmizdəki əlaltıları beynəlxalq ictimaiyyətin diqqətini təhrif olunmuş şəkildə Azərbaycanın daxili məsələlərinə yönəltməklə təzyiq və təhdid metodlarını da işə salırlar. Sizcə, bu yolla onlar Azərbaycanı öz müstəqil siyasət kursundan geri çəkilməyə məcbur edə bilərlərmi?

 

- Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi hər zaman ortada olub. Dəfələrlə bəyan edilib ki, Azərbaycanla zor, güc dilində danışmaq qeyri-mümkündür. Bu bəyanatı dövlət başçısı xarici siyasətində, beynəlxalq səviyyəli tədbirlərdə iştirakında hər zaman diqqətə çatdırıb. Azərbaycanla yalnız mehriban qonşuluq, dostluq, əməkdaşlıq, tərəfdaşlıq dili ilə, bərabərhüquqlu şəkildə danışmaq olar. Hansısa hədə-qorxu, güc, təzyiq vasitəsilə Azərbaycanı öz yolundan döndərmək olmaz. Bu günkü Azərbaycan 1990-cı illərin əvvəllərindəki zəif Azərbaycan deyil. Müasir Azərbaycan Cənubi Qafqazın güclü iqtisadi inkişafa, hərbi potensiala malik, regionda böyük nufuza sahib müstəqil ölkəsidir. Həqiqət budur ki, bu gün regionda heç bir beynəlxalq layihə Azərbaycanın iştirakı olmadan reallaşa bilməz. Ölkəmizin bütün dünyada çox güclü tərəfdaşları var. Bu kimi faktlar Azərbaycana qarşı təzyiq və təhdid siyasətinin keçərli olmadığını bir daha ortaya qoyur. Belə bir niyyətdə bulunanların arzuları hər zaman ürəklərində qalacaq.


- Avropa Oyunları ərəfəsində bəzi beynəlxalq təşkilatların Azərbaycan əleyhinə kampaniya aparmasında ABŞ-ın dövlət katibi Con Kerrinin adının hallanması Vaşinqton-Bakı münasibətlərinə necə təsir edə bilər?

 

- Belə situasiya ABŞ-Azərbaycan münasibətlərinə müəyyən sərinlik gətirə bilər. Lakin inanıram ki, bu, dövlətlərarası hər hansı gərginliyə səbəb olmayacaq. Çünki yalnız Con Kerri və ABŞ-dan maliyyələşən bəzi beynəlxalq təşkilatlar bütövlükdə Amerika dövləti demək deyil. Bütün hallarda bu kimi məsələlərə aydınlıq gətirilsin deyə, rəsmi Bakı Vaşinqtondan açıqlamalar istəyəcək. Unutmaq olmaz ki, iqtidarlar əbədi olmur, müəyyən vaxtdan sonra əvəz olunurlar. Ancaq dövlət əbədidir. Azərbaycan və ABŞ arasında da bu günə qədər çox isti münasibətlər olub. Ölkələrimiz bir neçə koalisiyada birgə iştirak edib və ya etməkdədir. İnanıram ki, zaman gələcək, Con Kerri və bəzi beynəlxalq təşkilatlar etdikləri əmələ görə cavab verəcək, utanc hissi keçirəcəklər.


- ABŞ rəsmisinin, eləcə də hər hansı digər bir dövlət nümayəndəsinin bu yolla müstəqil dövlətlərin daxili işlərinə qarışması və hakimiyyət çevrilişi planları hazırlaması diplomatik etiket qaydaları baxımından nə dərəcədə düzgündür?

 

- Əlbəttə ki, baş verənlər diplomatik etiket qaydalarına tam ziddir. Burada heç bir diplomatik qaydalara uyğunluqdan söhbət gedə bilməz. Bu, Amerika kimi bir dövlətə utanc gətirən bir məsələdir. Con Kerri ilə bağlı məlum faktların üzə çıxması ABŞ kimi nəhəng, nüfuzlu ölkənin diplomatiya tarixinə qara ləkədir.


Rufik İSMAYILOV 

29.04.2015 11:27 / Hits: 838 / Print
 
    Bu bölmədə
     News feed
    19.04.2019
    18.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo