Milk and Kisses qrupunun üzvü: Hətta bir neçə gün rok konsertləri verə bilərik

“Azadinform”un suallarını “Milk and Kisses” qrupunun üzvü Dilarə Kazımova cavablandırıb

 

“Milk and Kisses” qrupu iki qızdan ibarətdir. Dilarə 1984, Fəridə isə 1983-cü il təvəllüdlüdür. Hər ikisi Bakıda anadan olub və professional musiqi təhsili alıb. Dilarə və Fəridə eyni zamanda “Unformal” rok-qrupun solistləridir. Həmin qrup “Eurovision-2008” müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün keçirilən “Land of fire” milli seçim finalına vəsiqə qazanan üç namizəddən biri olub.

- “Milk and kisses” bu aralar hansı yeniliklər üzərində işləyir?

- Bu günlərdə Toni ilə “Hardadır hisslər” klipinin təqdimatı oldu. Bu həftəni tamamilə o mahnının təqdimatına, daha çox səslənməsinə sərf edəcəyik. İnanırıq ki, bu nömrəmiz də uğur qazanacaq. “Hardadır hisslər” mahnısını qrupun üzvlərindən olan Fəridə Nelson və Nicat Fərəcov yazıb. Mahnı İngiltərədə aranjeman olunub. Klipə Fərhad Əli rejissorluq edib. Sentyabrda isə Toni ilə birgə konsert verməyi planlaşdırırıq. Artıq müəyyən işlər üzərində çalışırıq.

- Yeni albom haqda düşünürsünüzmü?

- Yeni albom mütləq olacaq. Fəridə qrupumuzun həm də bəstəkarıdır. Bütün mahnılarımızı o bəstələyib. İndi də albom üzərində işləyir. O tam hazır olandan sonra aydınlaşdıracağıq ki, albomda neçə və hansı mahnılar yer alacaq.

- Daha çox marağa səbəb olan mahnılar xalq mahnıları ilə rokun sintezidir. Belə hitlərin də üzərində işləməyi planlaşdırırsınız?

- Bunu tam əminliklə deyə bilmərəm. Amma elə mahnılara da  müraciət edə bilərik. “Yuxu” qrupu ilə ifa olunan “ Xəzərin sahilində” mahnısı o janrda idi. Həqiqətən də uğur qazanmışdı. Ümumiyyətlə, folklor ilə sintez edilən mahnıları ifa etməkdə biz də maraqlıyıq.

-Yaxın gələcəkdə Bakıda rok gecəsi gözlənilirmi?

- Qabaqcadan demək bizə düşmür adətən. (Gülür) Ancaq alınsa, əlbəttə, hətta bir neçə gün rok konsertləri verə bilərik. Bu barədə düşünmüşük.


- “Avroviziya” yarışmasından bu ilki gözləntiləriniz nədir?

- Bu il, ümumiyyətlə, seçim turlarına baxmamışam. Ancaq Eldar ilə Nigarın ifasını çox bəyəndim. Onlara da bolluca uğurlar arzulayıram.

- Sizcə o zaman həmin yarışmada seçilməməyinizin səbəbi nə idi?

- Səbəbini biz də anlamadıq. Ancaq səmimi deyək ki, bizim üçün vacib olan yer tutmaq deyildi. Bizim əsas məqsədimiz uğurlu performans göstərmək idi. Bunu da layiqincə bacardıq. Bilirsiniz ki, yarışmadan sonra Yurmalada keçiriləcək «Yeni dalğa-2010» müsabiqəsinə qatılmaq imkanı əldə etdik və böyük uğur da qazandıq.

- Gələn il “Avroviziya”nın milli seçim turunda iştirak edəcəksiniz?

- Deyə bilmərəm. Bizim proqramdan asılıdır. Bəlkə həmin aralar konsertə hazırlaşdıq, ya başqa vacib planlar oldu.

- Başqa ölkələrdən təklif gəlsə, onları təmsil edərsiniz?

- Təbii ki, baxır hansı ölkədən. Biz həm də öz ölkəmizin maraqlarından çıxış etməyə çalışırıq. Məncə, bu təklif üzərində düşünməyə dəyər. Əgər normal şərtlərlə olsa, niyə də olmasın.

- Qrupda daha çox qərarları kim verir? Sizcə bir- birinizi nə dərəcədə tamamlayırsınız?

- Qərarları ikimiz də razılaşdırılmış halda qəbul edirik. Məsələn, “Hardadır hislər” klipində geyimlərimizi, retro obrazları və s. mən təklif etdim, Fəridə də razılaşdı. Hər zaman qərarları müzakirə edir, daha sonra ümumi razılığa gəlirik.

- Ailə həyatı qurandan sonra yenə qrupda fəaliyyətinizi davam etdirəcəksiniz?

- Əlbəttə. Bizim üçün ailə önəmlidir təbii ki. Ancaq yoldaşım da məni anlamalıdır. Bu mənim peşəmdir. O da buna hörmət etməlidir. Mən 5 il Konservatoriyada təhsil almışam. Təhsilimi heç nəyə dəyişmərəm. Peşəmi sevirəm.

25.04.2011 16:01 / Hits: 770 / Print
 
    Bu bölmədə
     News feed
    13.12.2018
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo