Türkiyənin bu məsələyə təmkinli münasibət bəsləməsi gözlənilən idi

Fəzail Ağamalı: “AXCP və Milli Şura özünün tarixin arxivinə verilməsi haqda düşünməlidir”


 

Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının AZADİNFORM-a müsahibəsi:

 

- Fəzail müəllim, məlum olduğu kimi AXCP və Milli Şura cütlüyü öz mitinqləri ilə son vaxtlar mətbuat səhifələrindədirlər. Ən sonuncu mitinqdən sonra onlar yenidən aprelin 5-də mitinq keçirməyə hazırlaşırlar. Sizcə, bu mitinqdən nə gözləmək olar?

 

- Bu mitinqdən də, heç nə gözlənilmir. Necə ki, martın 15-də onlar bu rəqəmi 10 dəfə şişirirdilər, az qala bütün Azərbaycan səviyyəsində belə bir mitinqə bütün xalqın hazır olduğunu bəyan edirdilər. Onlar bunu facebook səhifələrində, özlərinin profillərində qeyd edirdilər. Ancaq biz nəyin şahidi olduq? Əslində, bu dərəcədə təbliğatın qarşısında, bu dərəcədə məsələnin şişirilməsinin qarşısında AXCP, Milli Şura və digər partiyalarla bağlı olan bütün üzvlərin də hətta buraya qatılmağını nəzərə alsaq 1000 nəfərdən yuxarı insanı ətrafına toplaya bilməyən AXCP və Milli Şura özünün tarixin arxivinə verilməsi haqda düşünməlidir. Yəni, bu aksiyalar cəmiyyətin içindən sosial sifariş kimi gəlmir. Sadəcə olaraq, bu, Əli Kərimlinin ambisiyalarının məntiqinə söykənən fiaskoya uğramış bir təşkilatın son görüntüləri idi. Mən tamamilə əminəm ki, aprelin 5-də də onların bu mitinqi hər hansı bir ciddi nəticə verməyəcək. Ayın 15-də olandan da daha az adamların orada toplanmasının şahidi olacağıq. 

 

- Məlum olduğu ki, son vaxtlar ölkəmizə qarşı qarayaxma kampaniyası geniş vüsət alıb. Bu da təbii ki, I Avropa Olimpiya Oyunlarının keçirilməsi ilə bağlıdır. Buna nümunə olaraq, Türkiyədə Azərbaycan Konsulluğunun qarşısında bir neçə gün öncə aksiya keçirilib ki, Azərbaycanda itləri diri-diri yandırırlar. Bu cür məsələlərin nə cür təsiri ola bilər?

 

- Azərbaycanın diqqəti cəlb edən böyük tədbirlərə ev sahibliyi etməsi və bütövlükdə ölkəmizin dünyada nüfuzunun artması, inkişafı, regionun lider dövlətinə çevrilməsi, beynəlxalq aləmdə sayılıb-seçilən bir dövlətə çevrilməsi erməniləri, erməni diasporunu və bunun tərkibində olan erməni lobbisini hər zaman narahat edib. İndi də narahat etməkdədir. Mən şübhə etmirəm ki, bu narazılıqlarından onlar gələcəkdə də vaz keçəcəklər. Onlar hər zaman ölkəmizə qarşı analoji bir qarayaxma etməyə çalışıblar.  Bu gün dünya miqyasında kifayət qədər böyük hadisələrdən biri olan I Avropa Yay Olimpiya Oyunlarına ölkəmiz ev sahibliyi edəcək. Nəzərə alsaq ki, idmana dünyanın çox böyük marağı var, bu böyük bir auditoriyanı əhatə edir, bu cəlbetmə Azərbaycanın bir dövlət kimi nümayişi olacaq. Eyni zamanda ölkəmizin bütün sahələrini təbliğ edən gözəl bir fürsətdir. Biz bundan çox gözəl şəkildə yararlanacağıq. Bu da erməniləri və onların arxasında duran qüvvələri narahat edir. Düşünürəm ki, onların bu Azərbaycana qarşı anti-Azərbaycan təbliğatı, təhdidləri, təzyiqləri heç bir nəticə verməyəcək.

 

- Sadəcə bu cür bir aksiyanın qardaş Türkiyədə keçirilməsi  qəribə deyilmi?

 

- Bu qəribədə olsa baş verib. Lakin deyim ki, Türkiyə demokratik ölkədir. Buna yasaq qoyulması da düzgün olmazdı. Onsuzda, onun təsir dairəsi yoxdur. Belə ki, 5-10 nəfər yığışıb fikirlərini ifadə edirlər, ictimai rəyə, proseslərə, əhalinin düşüncəsinə və Azərbaycana qarşı olan münasibətlərdə mənfi çalarların olmasına təsir göstərməyəcək bir xırda hadisədir, görütüdür. Bu görüntüyə görə, əlbəttə, Türkiyə özünün demokratik imicinə zərər vurub bunun qarşısını almaq kimi cəhdlər etsə, hər halda, bu dünyada yaxşı səslənməzdi. Düşünürəm ki, Türkiyənin buna bu cür təmkinli münasibət bəsləməsi gözlənilən idi və biz bundan narahatçılıq keçirməli deyilik.

 

- Qarşıdan “Çanaqqala zəfəri” ilə bağlı aprelin 24-də möhtəşəm ildönümü tədbiri gəlir. Türkiyə dövlət başçısının bu tədbirə dəvətini isə Ermənistan prezidenti qəbul etmədi. Onlar “erməni soyqırımı”nı əllərində bayraq edirlər. Etiraf edək ki, bu yöndə də onlar “soyqırımı”larını  tanıda bilirlər. Sizcə bu nə zamanadək davam edəcək?

 

- Ermənilər “soyqırımı”nı 50 ildən çoxdur ki, dünya miqyasında təbliğ edirlər. Bu “soyqırımı”nı dünya miqyasına tanıtmaq üçün şaxələnmiş erməni diaspor təşkilatları və onların maliyyəsi ilə formalaşan siyasətdə, iqtisadiyyatda, idarəçilik sistemində özünə yer tapan erməni lobbisi, ermənin təsiri altında olan insanlar da milliyyətindən asılı olmayaraq bu kampaniyaya qoşulublar və bu “soyqırımı”nı gündəliyə gətirilər. Bununla bağlı ermənilərin saysız-hesabsız yazıları, məqalələri, kitabları çıxıb. Bu türk xalqına qarşı olan kampaniya yenə də lazımi səviyyədə özünün ciddi nəticələrini göstərməyib.  Mən tamamilə əminəm ki, “100 il” deyilən bir aksiyanın da keçirilməsi ermənilərin gözlədiyi kimi nəticəni verməyəcək. Türkiyənin Çanaqqala zəfəri ilə bağlı göndərmiş olduğu dəvətnamələr isə seçim etmək kimi bir jest qoyub ki, sən həqiqətin yanındasan yoxsa “soyqırımı”nın? İnanıram ki, dövlət başçıları da şərəf, ləyaqətlə bu cavabda fərqlənəcəklər. Biz əlbəttə, ermənilərin iç üzünü dünyaya Xocalı faciəsi və işğal olunmuş torpaqlarımızda onların törətmiş olduğu vəhşiliklə dünyaya tanıtmalıyıq. Əslində 100 il əvvəl ermənilərin ölməsi başqa bir hadisədir. Lakin 1992-ci ildə baş verən Xocalı faciəsinin və bununla əlaqədar Qarabağın digər kəndlərində baş verənlər isə tamam başqa bir faktdır. İnanıram ki, bu faktlar daha ciddi şəkildə dünyaya çatdırılacaq.

 

Fidan AFƏR

AZADİNFORM

18.03.2015 13:28 / Hits: 684 / Print
 
    Bu bölmədə
     News feed
    19.04.2019
    18.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo