Radikal mövqe heç kimə uğur gətirmir

Fuad Əliyev: “AXCP və digər partiya sədrləri də görüşə qatıla, istədikləri problemi orada qaldıra bilərdilər”

Ötən şənbə günü iqtidar-müxalifət dialoqu baş tutub. Görüşdə hakimiyyəti təmsil edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və ölkədəki müxalifət partiyalarının sədrləri iştirak edib. Görüşdən sonra mətbuata açıqlama verən şöbə müdiri bildirib ki, Azərbaycan cəmiyyətinin daxili idarəçiliyi mətbuat, söz və məlumat azadlığı, həmçinin vətəndaş cəmiyyəti institutlarının və siyasi partiyaların opponentlik fəaliyyəti olmadan qeyri-mümkündür. O, bu səbəbdən də davamlı olaraq mətbuatla, siyasi partiyalarla, qeyri-hökumət təşkilatları ilə görüşlər keçirildiyini vurğulayıb. Ə.Həsənov Azərbaycanın bir qrup müxalifət partiyasının təşəbbüsü ilə reallaşdırılan son görüşü də müsbət qiymətləndirərək, qaldırılan məsələlər ətrafında fikir mübadiləsi aparıldığını, nəticələrin Prezident İlham Əliyevə, Prezident Administrasiyasına və müvafiq strukturlara çatdırılacağını söyləyib. Müxalifət partiyalarının iqtidarla dialoqu, qaldırılan problemlər, görüşdən imtina edənlərin arqumentləri və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Azərbaycan Liberal Demokrat Partiyasını (ALDP) sədri Fuad Əliyev cavablandırır.

 

- Fuad bəy, dekabrın 13-də Prezident Administrasiyası rəsmisi ilə 17 partiya nümayəndəsinin görüşü keçirildi. Siz həmin görüşü necə qiymətləndirirsiniz?


- Bu görüşü çox yüksək qiymətləndirirəm. Müxalifət bu görüşü çoxdan gözləyirdi. Elə iqtidar komandası üzvlərinin çıxışlarından da hiss olunurdu ki, belə bir görüşün keçirilməsini onlar da normal qarşılayırlar. Nəhayət ki, ötən şənbə günü bu görüş baş tutdu. Düzdür, görüş mediaya qapalı oldu, amma bu heç də o demək deyil ki, biz fəaliyyətimizi ictimaiyyətdən gizlədirik. Biz həmin görüşdə tam sərbəst şəkildə fikirlərimizi çatdıra bildik, üzləşdiyimiz problemləri qaldıra bildik. Fikrimcə, olduqca səmimi bir görüş keçdi. Ümid edirəm ki, bundan sonra baş tutacaq görüşlər bütövlükdə iqtidar-müxalifət danışıqlarına, demokratik cəmiyyətin formalaşmasına gətirib çıxaracaq.

 

- Görüşdə əsasən hansı məsələləri, problemləri qaldırdınız? Ümumiyyətlə, partiya sədrlərinin səsləndirdiyi fikirlərə reaksiya necə oldu?



- Siyasi partiyaları düşündürən, həm onları, həm də cəmiyyəti narahat edən bir sıra problemlər qaldırıldı. Prezident Administrasiyası rəsmisi də mətbuata açıqlamasında qeyd etmişdi ki, görüşdə sosial məsələlərin həllindən tutmuş, partiyaların qərargah, maliyyələşmə və sair problemlərinə kimi bir çox məsələlər müzakirə edilib. Xüsusilə iqtisadi və siyasi məsələlər ətrafında daha çox müzakirələr aparıldı.

 

- Bu görüş üçün hansı partiyalar təşəbbüslə çıxış etmişdilər?



- İlkin olaraq 4 partiya belə bir görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Bu barədə Prezident Administrasiyasına müraciətdən sonra Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinə daxil olan bütün partiyaların görüşdə iştirak etməsi təklifi razılaşdırıldı. Lakin son anda 3 partiya bu görüşdən imtina etdi. Biz görüşə qatılarkən isə məlum oldu ki, bizimlə bərabər digər siyasi partiyalar da bu görüşdə iştirak etmək üçün müraciət ediblər. Ona görə də görüşdə iştirak edən partiyaların sayı ümumilikdə 17 oldu.

 

- Hansı partiyalar bu görüşdən imtina etdi? Onlar nəyə əsasən belə bir qərar qəbul etmişdilər?



- Azad Demokratlar, Müsavat və Xalq partiyaları sonradan görüşdə iştirak etməmək qərarına gəldilər. Baxmayaraq ki, Xalq Partiyasının sədri Pənah Hüseyn bu görüşün əsas təşəbbüskarlarından, müraciətin tərəfdarlarından biri idi, amma son məqamda bundan imtina etdi. Sözsüz ki, hər bir partiya seçimini özü edir və biz ona təsir edə bilmərik. Əsasa gəlincə, Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin iclaslarında belə məsələləri müzakirə etmirik. Bir qədər əvvəl dediyim kimi, hər partiyanın öz seçimi var. Buna görə ondan izahat tələb etmirik.

 

- AXC, Müsavat, AX partiyaları dekabrın 13-də keçirilən görüşün iqtidar-müxalifət dialoqu kimi qələmə verilməsinin əleyhinə çıxış edirlər. Sizcə onların bu mövqeyi nə dərəcədə düzgündür?


- Məlum görüşlə bağlı bəzi mətbuat orqanlarında gedən bir sıra yazılarla, eləcə də adlarını çəkdiyiniz partiya təmsilçilərinin mövqeyi ilə tanış oldum. Görüşdə iştirak edən partiyaların ünvanına müxtəlif ittihamlar səsləndirirlər. Konkret AXCP-ni götürsək, adama deyən lazım, necə olur ki, sizin partiya üzvləri başda Əli Kərimli olmaqla deputat mandatı daşıyanda, vaxtilə qərargahla təmin olunanda, sizə tabe olan “Azadlıq” qəzeti Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondundan maliyyə dəstəyi alanda yaxşı, normal sayılır, amma digər partiyalar dəyirmi masa ətrafında iqtidarla hər hansı məsələni müzakirə edəndə bu anormal sayılır? Hansı əsasla bu görüşə qarşı gözdən salma kampaniyasına başlamısınız? Sizin narahatlığınızın səbəbi nədir? Biz ki, həmin görüşdə kimdənsə imtiyaz, vəzifə istəməmişik. Bir qədər əvvəl qeyd etdiyim kimi, siyasi partiyaları, cəmiyyəti narahat edən ən müxtəlif məsələləri qaldırmışıq. Digər tərəfdən, Prezident Administrasiyasının şöbə müdiri ilə 17 partiya gizlin, separat danışıqlara getməmişik. Hər kəsin, mətbuatın gözü qarşısında müzakirələr aparıb görüş təşəbbüsü ilə çıxış etmişik. Görüşün başlanğıcı da bütü media üçün açıq olub. Belə olan halda niyə bu təşəbbüsə, bu görüşə kölgə salınmalıdır? Bu cür əsassız ittihamlar irəli sürməkdənsə, AXCP və digər partiya sədrləri də görüşə qatıla, istədiyi problemi orada qaldıra bilərdilər. Lakin onlar bunu etmədilər. Sanki bir neçə partiya müxalif adını monopoliyaya alıb və özlərindən başqa heç bir partiyanı müxalifət saymırlar. Ona görə də görüşdə iştirak edən partiyalar ünvanına deyilən sözləri əhəmiyyətsiz sayıram. Biz bu deyilənlərdən qətiyyən narahat deyilik.


- Sizcə, Azərbaycanda hansısa partiya dialoqa deyil, radikal mövqeyə üstünlük verməklə, siyasi arenada nəyəsə nail ola bilərmi?



- Nəinki Azərbaycanda, ümumilikdə dünyada radikal mövqe heç kimə uğur gətirmir. Ona görə də istənilən cəmiyyətdə iqtidar-müxalifət dialoqu qaçılmazdır. Qonşu Türkiyədə bunun gözəl nümunəsi var. Orada müxalifət iqtidara müxaliflik etsə də, ümummilli məsələlərdə, dövlət maraqlarında ümumi mövqedən çıxış edirlər. Orada demək olar ki, bütün məsələlərdə iqtidar-müxalifət dialoqu var. Ona görə də Azərbaycanda 17 partiyanın iqtidar təmsilçisi ilə görüşüb dəyirmi masa ətrafında bir çox məsələləri müzakirə etməsini də əhəmiyyətli hadisə kimi dəyərləndirirəm. Radikallıq göstərib hər şeyə arxa çevirməkdənsə belə görüşlərdə iştirak etmək, cəmiyyəti narahat edən problemləri qaldırmaq daha vacibdir. İnanıram ki, 2015-ci ildə belə görüşlər daha intensiv xarakter daşıyacaq.

 

- Bəzi partiyalar dialoqdansa mitinq keçirməyi daha üstün sayırlar. Buna misal olaraq, Milli Şuranın noyabr ayında 2, Müsavat partiyasının isə ötən bazar günü keçirdiyi mitinqləri göstərə bilərik. Bir partiya rəhbəri olaraq həmin mitinqləri, bu cür mübarizə üsulunu necə dəyərləndirirsiniz?



- Siyasi mübarizədə mitinqlər, piketlər, icazəli aksiyalar normal haldır. Amma bu aksiyalardan öncə müxalifət partiyaları iqtidarla bir masa arxasında oturub narahatlıq yaradan məsələləri müzakirə etməyi bacarmalıdır. Əgər danışıqlar prosesində qaldırılan məsələlər həllini tapmazsa, qarşı tərəf deyilən sözü eşitməzsə, o zaman aksiyalar vasitəsilə tələbləri çatdırmaq olar. Bunun üçün də ən əsası sosial sifariş olmalıdır. Son iki ayda siyasi məhbuslarla bağlı AXCP iki dəfə, Müsavat Partiyası isə bir dəfə mitinq keçirdi. Müşahidələrimiz əsasında deyə bilərik ki, əhali bu mitinqlərə maraq göstərmir. Sonuncu mitinqlərdə 500 nəfərə yaxın adam ancaq iştirak edirdi. Hətta bir çox partiya üzvləri də təmsil olunduqları qurumun təşkil etdiyi mitinqlərə qatılmır, buna qeyri-ciddi yanaşırlar. Özünü həqiqətən də güclü sayan, hiss edən bir partiyanın təşkil etdiyi mitinqdə insanların sayı on minlərlə, yüzminlərlə ölçülməlidir. Bu o demək olar ki, həmin partiyanın qaldırdığı məsələ bütün cəmiyyəti narahat edir, düşündürür, ona görə də hər kəs aksiyaya dəstək verir. Lakin biz bunu görmürük axı. Adi müqayisə aparaq: Bu yaxınlarda Bakının Xətai rayonunda istilik problemi ilə əlaqədar adi vətəndaşlar etiraz aksiyası keçirdilər, sosial problemlərinin həllini istədilər. Gəlin görək, həmin adamlar müxalifətin hansısa mitinqinə qatılırlarmı? Əlbəttə ki, xeyir. Hər kəs bilir ki, özlərini güclü müxalifət partiyası sayanların təşkil etdiyi mitinqlər konkret siyasi məqsədlər üçündür. Ona görə də sadə vətəndaşlar onlara dəstək vermirlər. İnsanlar görür ki, son vaxtlar müxalifət partiyalarında nə qədər parçalanma, daxili gərginlik, üzvlərə qarşı ən müxtəlif ittihamlar hökm sürür. Belə olan halda hansı vətəndaş onların sırasına qatılmaq, onlara dəstək vermək istəyər?

 

- Ehtimal edilir ki, siyasi partiyalarla növbəti görüş təşəbbüsü iqtidar tərəfindən gələcək. Əgər belə bir görüş olsa, bu dəfə hansı məsələləri qaldırmağı planlaşdırırsınız?



- Bəli, belə bir ehtimal var. Çünki, dekabrın 13-də keçirilən görüşdə KXCP sədri Mirmahmud Mirəlioğlu çıxış edərək, ikinci görüşün iqtidar tərəfindən daha geniş formatda təşkil olunması təklifini irəli sürdü. Administrasiyanın şöbə müdiri Əli Həsənov da bu təkliflə razılaşdı. Əgər yeni görüşün konkret vaxtı məlum olacaqsa, o zaman biz də hansı məsələləri orada qaldıracağımız barədə ictimaiyyətə məlumat verəcəyik. Mən özüm isə növbəti görüşə dəvət olunarsam, seçki islahatları, seçki komissiyalarının formalaşması zamanı parlamentə düşməyən partiyaların iştirakının təmin olunması və sair məsələləri qaldıracağam. Sözsüz ki, bununla yanaşı bir çox problemləri də görüşdə müzakirəyə çıxarmağı düşünürük.

 

Rufik İSMAYILOV 

17.12.2014 12:25 / Hits: 503 / Print
 
    Bu bölmədə
     News feed
    20.05.2019
    17.05.2019
    16.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo