Arif Hacılı heç vaxt səmimi olmayıb

Səxavət Əlisoy: “O, səhər “qucaqlaşmaq” təklif edir, günorta hədə-qorxu gəlir, axşam isə qardaşının dirijorluğu ilə narazı müsavatçıları təhqir etdirir”




Müsavatın qurultayından sonra partiyada narazılıq pik həddə çatıb. Başqanlığa sabiq namizədlər seçkilərdə kütləvi saxtakarlıq və pozuculuq hallarına yol verildiyini əsas gətirərək, yeni sədr Arif Hacılının legitimliyini şübhə altına salıblar. Bir neçə tanınmış müsavatçı isə baş verənlərə etiraz əlaməti olaraq, partiyadan istefa veriblər. Narazılardan bir qrupu isə öz irad və təkliflərini arayış formasında partiyanın mərkəzi nəzarət təftiş komissiyasına (MNTK) təqdim edib, qeyd olunan nöqsanların aradan qaldırılmasını tələb ediblər. Lakin MNTK-nın çıxardığı rəy başqanlığa sabiq namizəd Qubad İbadoğlu və tərəfdarlarını qane etməyib. Buna görə də onlar noyabrın 8-də partiyanın qərargahında yenidən toplaşmağı və müzakirələr aparmağı qərarlaşdırıblar. Partiya daxilində baş verən hadisələr, yeni başqanın olanlara münasibəti, 8 noyabr toplantısı və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını başqanlığa sabiq namizəd Səxavət Əlisoy cavablandırır.

 

Səxavət bəy, Müsavat qurultayındakı seçkilərdə müşahidə olunan kütləvi saxtakarlıq və pozuntularla bağlı MNTK-ya arayış təqdim edilmişdi. Həmin arayışa verilən cavab Sizi qane edirmi?

 

- Bu cavab əsla bizi qane etmir və bunu müzakirə etmişik. Onlara MNTK-nın sabiq üzvləri tərəfindən cavab hazırlanır və bu, 8 noyabrda geniş toplantıda açıqlanacaq. Noyabrın 8-də tərəfdarlarımızın iştirakı ilə ciddi müzakirə aparıb və qərarımızı elan edəcəyik. Yeri gəlmişkən, toplantı gizli olmayacaq, media təmsilçiləri də burada iştirak edə bilərlər.

 

Müsavat Partiyasının sədri Arif Hacılı oktyabrın 31-də keçirdiyi mətbuat konfransında hamını birlikdə fəaliyyət göstərməyə, hər kəsi qurultaydan əvvəl tutduğu mövqeni unutmağa çağırıb. Bu çağırışı nə dərəcə səmimi qəbul edirsiniz və bu çağırışa səs verməyi düşünürsünüzmü?


- Bu məsələdə Arif Hacılı heç vaxt səmimi olmayıb. O, səhər “qucaqlaşmaq” təklifi edir, günorta hədə-qorxu gəlir, axşam isə rəhbəri olduğu Müsavat üzvləri qrupunda qardaşının dirijorluğu ilə narazı müsavatçıları təhqir elətdirir. Hacılı öncə öz hərəkətlərini və qardaşının yazdıqlarını götür-qoy etsin, dəstəsinin üzvlərinin təftişini, şantajını dayandırsın və sonra müdrik çağırışlarını bəyan etsin.

 

Qurultaydan sonra müşahidə olunan narazılıqlardan dolayı Tural Abbaslı, Qubad İbadoğlu və Vurğun Əyyubun bir araya gəlib partiya daxilində fraksiya yaratmaq istədiyi bildirilir. Siz özünüz də bu fraksiyada iştirak edəcəksinizmi?


- Adlarını çəkdiyiniz şəxslərlə və digər narazı müsavatçılarla fikir mübadiləmiz olub. Müzakirələr davam edir. Bəzi məsələlərdə ortaq məxrəcə gəlmişik. Son qərar noyabrın 8-də açıqlanacaq. Fraksiyanın yaranacağı ehtimalı böyükdür. Yaranmayacağı təqdirdə partiyada parçalanma qaçılmazdır.

 

A.Hacılı mətbuata açıqlamasında partiyanın nizamnaməsində fraksiya yaradılmasının nəzərdə tutulmadığını, bu ideyanın partiyanın maraqlarına uyğun gəlmədiyini diqqətə çatdıraraq, fraksiya yaratmaq niyyətində olanların partiya üzvləri qarşısında nüfuzdan düşəcəyini vurğulayıb. Sizin bu açıqlamaya münasibətiniz necədir?


- Hacılı öncə öz nüfuzundan yana narahat olsun. Fraksiya yaranması təbii ki, onun yuxusuna haram qatıb. O gözəl bilir ki, fraksiya yaranacağı təqdirdə populist addımlar ata bilməyəcək. Müsavatın Müsavat olmasında onun hər bir üzvünün payı var. İnsanlar ömürlərini bu partiyanın inkişafı yolunda qoyublar, sağlamlıqlarını itiriblər. Partiya kimsənin dədəsinin malı deyil ki, onunla istədiyi formada rəftar etsin. Bu gün partiyada plüralizmdən əndişələnənlər, sancılananlar saxtakarlıq edən zaman düşünməli idilər.

 

Bir qədər əvvəlki cavabınızda qeyd etdiniz ki, fraksiyanın yaranmayacağı təqdirdə partiyada parçalanma qaçılmazdır. Amma, artıq indidən istefaları biz müşahidə etməkdəyik. Son olaraq isə Nəsib Nəsibli partiyadan istefa verib. Onun istefasını necə qarşıladınız?


- Bu gün Müsavatın Qadınlar Birliyinin sədri Ellada xanım açıqlama verib sosial şəbəkədə. Deyib ki, Nəsib Nəsibli məhz Hacılının saxta yolla başqan seçilməsinə görə istefa verib. Ellada xanım bildirib ki, onunla Nəsib bəy arasında qurultaydan sonra danışıq olub. Nəsib bəy ona söyləyibmiş ki, partiyanın başına gələn şəxs Müsavatı məhv edəcək. Hətta qurultaydan sonra o, iki gün özünə gələ bilmədiyini də Ellada xanıma söyləyib. Mərkəzi Nəzarət-Təftiş Komissiyasının məlum rəyindən sonra isə Nəsib bəy dəyişən bir hadisənin baş vermədiyini görərək istefa verib. Ümumiyyətlə, Müsavatda Hacılının dəstəsinin qurultay oyunbazlığını qəbul etməyən çox sayda insan var. Saxtakarlığa qarşı mübarizə aparanların saxtakarlığı qəbul etməsi absurddur. Noyabrın 8-i çox nəsnələrə aydınlıq gətirəcəyik.

 

A.Hacılının qardaşı, Müsavatın Məclis üzvü Mustafa Hacıbəyli mətbuata açıqlamasında partiyada hər hansı vəzifəyə təyinat almamasına səbəb kimi qardaşının başqan olmasını göstərib. Deyib ki, seçki prosesində opponentlər müəyyən təbliğat aparıblar ki, bu da onun təyinatlı vəzifələrə gəlməsini əngəlləyib. Bir çox müsavatçılar isə A.Hacılının Müsavatı ailə partiyasına çevirməkdə ittiham edirlər. Deyilənlərlə bağlı Sizin mövqeyiniz necədir?


- Hacılı Mustafanı partiyanın Mərkəzi İcra Aparatının rəhbəri təyin etsə, yekə qardaşının “Əhrar”ını da Müsavata birləşdirib onu da özünə 1-ci müavin qoysa, Müsavat yaxın zamanlarda iqtidar olar. Ancaq bunu deyə bilərəm....

 

A.Hacılının müavini Səxavət Soltanlı narazı müsavatçıları qınayaraq, partiyanın “arzular və istəklər”lə deyil, nizamnamə ilə idarə olunduğunu, nizamnamənin isə mümkün təyinatları qurultayın seçdiyi başqana tanıtdığını diqqətə çatdırıb. Hətta Q.İbadoğlunu Məclisə üzvlük üçün namizədliyini irəli sürməyə çağırıb. Məgər qurultaydan narazı qalan müsavatçılar vəzifə davası edirlər?

 

- Mən o zatın dediklərinə əhəmiyyət vermirəm. Onun Hacılıya məxsus “Müsavat üzvləri” qrupunda gənc bir müsavatçıya yazdığı təhqirləri görəndən sonra tərbiyəsinin qüsurlu olduğu qənaətinə gəldim. O üzdən ona zaman ayırmağı gərək bilmirəm.

 

Müsavatın sabiq Divan üzvü Vurğun Əyyubun Xəzər Universitetində kafedra müdiri işləməsi də partiya daxilində birmənalı qarşılanmır. Bəzi müsavatçılar ona az qala satqınlıq, iqtidara işləmək damğası vururlar. Bu məsələyə sizin münasibətiniz necədir?


- Bunu Hacılının xırda qardaşı Mustafa gündəmə gətirib. Baxın, bunların zehniyyətinə. Təklif edirəm ki, Hacılı təftiş qrupu yaradıb, dəstə üzvlərindən aktivlərini ora yazsın və onlar da cümlə narazıların mal-mülkünü, iş yerlərini, geyim-keçimini yoxlasınlar. Sonra da bir arayış hazırlatdırıb MNTK-sında müzakirə edərək, dövlətdə işləyənləri, maşını olanları, yaxşı geyinənləri partiyadan uzaqlaşdırsın. Yazıqlar olsun!

 

Rufik İSMAYILOV 

6.11.2014 10:20 / Hits: 426 / Print
 
    Bu bölmədə
     News feed
    20.05.2019
    17.05.2019
    16.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo