Müxalifətin son mitinqi daha çox brifinqə bənzəyirdi

Elşən Musayev: “Mili Şura adlanan qurumun istənilən tədbiri təxminən sünnət toyu kimi bir şeydir”


Özlərini demokratik qüvvələr adlandıranların Milli Şurası nəhayət ki, oktyabrın 12-də "Məhsul" stadionunda icazəli aksiya keçirdi. Bu aksiya da əvvəlkilər kimi bir sıra nüanslarla yadda qaldı. Belə ki, Milli Şuranın 2 saat davam edən toplantısına müxalifətçilər cəmi 900-ə yaxın adam cəlb edə bildilər. Hətta Şura üzvü, KXCP sədri Mirmahmud Mirəlioğlu və müavinləri də bu aksiyaya qatılmadılar. Mitinqdə iştirak edən Müsavat Partiyasının yeni sədri Arif Hacılı, sabiq başqan İsa Qəmbər, eləcə də başqanlığa keçmiş namizəd Tural Abbaslı, partiya üzvləri Gülağa Aslanlı, Əhəd Məmmədli, Xalq Partiyasının sədri Pənah Hüseyn və başqalarına isə açıq-aşkar sayğısızlıq nümayiş etdirildi. Milli Şuranın mitinqindəki “kulminasiya nöqtəsi” isə dünyada terror təşkilatı kimi tanınan İraq Şam İslam Dövlətinin (İŞİD) bayrağının dalğalandırılması oldu. 

Milli Şuranın son aksiyası, mitinqdə müşahidə edilən proseslər, həmçinin Müsavat Partiyası daxilində davam edən gərginlik, partiyadan istefalar və sairlə bağlı “Kaspi”nin suallarını Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev cavablandırır.

 

- Elşən müəllim, partiya rəhbəri və siyasətçi kimi Milli Şuranın 12 oktyabr mitinqini necə dəyərləndirirsiniz?


- Müxalifətin son mitinqi - hərçənd bu, mitinqdən daha çox brifinqə bənzəyirdi - artıq fiaskonun, ümidsizliyin, uğursuzluğun deyil, tam anlamı ilə rəzalətin anonsu idi. O mənada ki, əllərindən gələn hər şeyi etdilər, fəqət yenə də nəticə hasil olmadı. Bu kontekstdə bir məsələ, bir ölçü meyarı daha var. Məsələn, hamı bilir ki, Əli Kərimli və onun özünə bənzəyən tərəfdarları mitinq üzvlərinin sayını faktiki ortada olanların min mislinə vurmaqda pərgardırlar. Amma, hətta bu istedadla belə, həmin sayın 5 mindən o tərəfə olduğunu deyə bilmədilər. Bax bu qədər miskin idilər. Bu məntiq, meyar isə bir daha söyləməyə əsas verir ki, haqqında danışdığımız aksiyada kütləvilik müşahidə olunmayıb. Milli Şura adlanan qurum keçmişdə hansısa kolxozun keçirdiyi komsomol şurasının iclasına bərabər bir toplantı keçirib. Adını da qoyublar mitinq.

 

- Müxalifət funksionerləri, xüsusən də radikal liderlər hər dəfə aksiya öncəsi bəyan edirlər ki, mitinqə on minlərlə insan gələcək, onlarla birlikdə hakimiyyətə, mövcud iqtidara narazılıqlarını ifadə edəcəklər. Lakin hər dəfə biz mitinqdə min nəfərə qədər adamın ancaq toplandığının şahidi oluruq. Sizcə, nə üçün müxalifət xalqın dəstəyini qazana bilmir?


- Müxalif “lider”lər pərən-pərəndir. Bir-biri ilə daimi çəkişmə mühitində, əhval-ruhiyyəsindədirlər. Ən özündən deyəni də kompyuter, monitor arxasından o yana getmir, getmək istəmir. Öz təşkilatını sanki “pult”la televizor idarə edirmiş kimi yönəltmə çabasındadırlar. Bu istedad, bu fəaliyyət ilə hansı elektorat cəlb olunsun? Və ya bir mitinqin elanı, anonsu ki tamamən “facebook” sosial şəbəkəsindən asılı ola, bir aksiya ki məramını, məqsədini açıqca bildirməyə, camaat hara və niyə getdiyini anlamaya, orada hansı kütləvilikdən söhbət gedə bilər? Təbii, heç bir. On minlər, iyirimi minlərsə müxalifətin çoxdankı arzusudur. Nağıllar, əsatirlər içində düz 22 ildir itib-batan, çabalayan, köhnələn, reallaşmayan arzusu. Amma kiminsə xəyal qurmasına mane ola bilmərik. Belə şeylər bizim kurasiyamızda deyil.

 

- Baxmayaraq ki, 12 oktyabr mitinqi Milli Şura tərəfindən təşkil edilmişdi, ancaq biz orada KXCP sədri, Milli Şuranın üzvü Mirmahmud Mirəlioğlu və müavinlərini görmədik. Sizcə, bu, nəyin göstəricisidir?

 

- Mili Şura adlanan qurumun istənilən tədbiri təxminən sünnət toyu kimi bir şeydir. O mənada ki, bilmirsən komplimenti, sağlığı nə haqda deyəsən. Üstəgəl, necə ki, bəzi toylara sadəcə pul göndərib getməmək kifayət edir, yəni məclisdə iştirak etməsən də olar, eləcə də bu. Yetər ki, siyahıda, qurumda adın getsin. Onsuz da bunların yaratdığı bütün təsisatlar tarixən adı olub, özü olmayan nəsnələrdən ibarətlik təşkil edib. Və ya lap tutaq ki, Mirmahmud Mirəlioğlu orada iştirak elədi, guya nə dəyişəcəkdi ki? Əlbəttə, heç nə. Onda da gərək Gültəkindən-zaddan kimisə tribunadan düşürəydin ki, düş aşağıda oyna, əmilər gəlib. Hətta görmədiniz, o tribunada heç son 20 ilin “kos-kosa” başqanı İsa Qəmbərə yer olmadı? Adam nə formada, məzlumca, əlində şəkil quruyub qalmışdı...

 

- Yeri gəlmişkən, aksiyada diqqət çəkən məqamlardan biri də Müsavat Partiyasının yeni sədri Arif Hacılı, sabiq başqan İsa Qəmbər və komandasının bu aksiyaya qatılmasına rəğmən, onların adlarının çəkilməməsi, söz verilməməsi idi. Sizcə, Əli Kərimlinin müsavatçılara qarşı bu sayğısızlığı haradan qaynaqlanır?

 

- Əli Kərimli indiyə qədər öz lideri Elçibəyə, ətrafındakı ən sadiq insanlara sayğı ilə yanaşmayıbsa, Müsavata və onun funksionerlərinə həmin olmayan sayğını necə göstərsin? Yaxud da niyə göstərsin? Adam özünü bəs-bəlli müxalifət kralı hesab edir, adam özünə günü-gündən daha çox vurulur. Daha çox psixiatrik dəyişimə, “hava”ya girir. Daha çox aqressivləşir və bütləşir. Nəyinə lazımdır onun İsa Qəmbər, Arif Hacılı, Pənah Hüseyn, ya da başqa birisi? Əlbəttə ki, bu insanların adı çəkilməyəcəkdi, onlara söz imkanı tanınmayacaqdı. Belə şeylər Əli Kərimli üçün prinsip məsələsidir, prioritet xəttdir: keçmiş dostları vurmaq, tapdalamaq və kiminsə üzərinə çıxıb yekə görünmək. AXCP sədri nəyə xəyanət eləsə də, bu prinsipinə heç vaxt xəyanət eləməyib.

 

- Milli Şura Əli Kərimlinin diktəsi ilə idarə olunmasına baxmayaraq, bu dəfəki aksiyada AXCP bayraqlarına rast gəlinmədi. Amma əvəzində Avropa İttifaqının, dünyanın terror təşkilatı kimi tanıdığı İraq Şam İslam Dövlətinin (İŞİD) bayraqları dalğalandı. Bununla Milli Şura üzvləri nə demək istəyir, cəmiyyətə, yaxud da xaricə hansı mesajı verirdilər?

 

- AXCP-nin bayrağı hər zaman kişisiz evin hasarına bənzəyib. Sadəcə indi anlayıblar ki, əvvəlcə evə kişi tapıb, sonra həmin hasara əl gəzdirmək lazımdır. Odur ki, adamlar kişi axtarışındadır. Özü də fərq eləmir - kişi qaradərilidi, əcnəbidi, hindidi, terrorçudu, avropalıdı. Yox! Əsas meyar o kişinin ötkəm, təpərli, pullu və xarizmatik olmasıdır. Avropa bazarında da kişi tapmaq çətin məsələ olduğu üçün bunların işi bir az əngələ düşüb. Keçiblər başqa variantlara. Düşünürlər ki, bəlkə adam öldürəndən, başkəsəndən, ev partladandan bir kişi çıxıb bunlara sahiblik edə, Əli Kərimlinin cibinə 5-10 manat pul basa, bəyin mitinqdəki məxsusi “priçeska”sını ehmalca yuxarı qaldırıb alnından öpə və sair. Hətta bayraq məsələsinə də bu kontekstdən, bu prizmadan ritorik, üstəgəl, məntiqli baxıram. Və ya o bayrağın elə əsl tutulma, saxlanma, harasa sancılma yeri məhz Milli Şuranın mitinqi idi ki, elə orda da həmin məntiq öz nəticəsinə türklər demiş, “ulaşdı”. Ayrıca, bir məqamı da qeyd edim. Eyni adlı aksiyada məhbus söhbətindən başqa bütün söhbətlərə yer ayrıldı, çıxışların və çıxışçıların hər biri radikal idi, fikirlər radikal idi, mühit radikal idi, yuxarıda duranlar, aşağıda oturanlar radikal idi. O zaman bayraq niyə radikal olmasın ki? Hətta mən düşünürəm ki, AXCP öz bayrağını İŞİD bayrağıilə əvəzləsə, lap yerinə düşər. Ya da AXCP üzvləri həmin İŞİD-in Bakı bürosunu yaratsınlar. Onsuz da eyni xislətin, eyni ağlın, eyni mahiyyətin yiyəsidirlər də. Onlar indi baş kəsir, bunlar da qabaq baş kəsirdilər.

 

- Ümumiyyətlə, Milli Şuranın son aksiyası “Siyasi məhbusları azad et” adlanırdı. Onlar tribunadakı çıxışlarında vətənə xəyanətdə, dələduzluqda, vergidən yayınmaqda təqsirli bilinən şəxsləri siyasi məhbus kimi qələmə verir, onların azad edilməsi tələbini səsləndirirdilər. Sizcə, bu nə dərəcədə düzgündür?

 

- Baxın, bundan əvvəlki sualıma cavabımda da dedim: Radikal müxalifətin bütün aksiyalarında ad və mahiyyət arasında ciddi kuryoz və ziddiyyət müşahidə olunub. Bunlar həmişə tamaşa deyib sirk göstəriblər. Konsert deyib, film nümayiş etdiriblər. Odur ki, son mitinq də istisna təşkil etmirdi. Dələduza qəhrəman, vətən xaininə siyasi məhbus demək isə bunların dədə-baba adətidir. O ki qala, konkret olaraq Leyla Yunus, Arif Yunus məsələsinə. Qəribə olan budur ki, Leyla Yunus digərlərindən fərqli olaraq erməni sevgisini, təəssübkeşliyini heç zaman gilətməyib. Əksinə, bunu açıq-açığına etiraf edib. Bir tək etiraf eləmədiyi törətdiyi cinayətlərdi, onu da hüquq-mühafizə orqanları başda Yunus ailəsi olmaqla hər kəsə sübut edəcək. Gültəkin Hacıbəylinin qardaş deyə xitab etdiyi Seymur Həzi və ümumən bu kimi tipajlar haqqda isə danışmaq istəmirəm. Çünki ictimai-siyasi sektorda bəzi insanlar var ki, onların elə ancaq sifəti, fizionomiyası, quruluşu artıq hər şeyi özü deyir. “Bandit”ə oxşayır, zalım uşağı. Bəs-bəlli “bandıt”ə.

 

- Milli Şuranın son aksiyası ilə bərabər, Müsavat Partiyası daxilində cərəyan edən hadisələr də cəmiyyətdə müzakirə mövzusudur. Partiyanın qurultayından sonra baş verənləri necə qiymətləndirirsiniz?

 

- Müsavat İsa Qəmbərin əsəridir. 20 illik İsa Qəmbər əməyinin bəhrəsidir. Təşkilat daxilində despotizmin, daxili intriqaların, diktaturanın, şəxsiyyətə pərəstişin, mütiliyin, yerində saymanın, inkişafsızlığın məntiqi sonudur. Buna görə də kimsə təəccüblənməsin, heyrətlənməsin. Olmalı nə idisə, o olur. Olması gərəkən nə idisə, o baş verir. Və ya bir təsisat ki gələcək üçün kadr istehsal etmək əvəzinə fanat ordusu yetişdirirdi, dağınıq, absurd fikirlərlə siyası ambisiya çabasına girmişdi, hakimiyyətlə mübarizə əvəzinə müxalifət monopoliyası uğrunda mübarizəni özünə prioritet seçmişdi, İsa Qəmbər kimi uğursuzun ideyaları, fikirləri, dünyagörüşü ilə qidalanırdı, sonu başqa cür ola bilməzdi. Və inanın ki, bu hələ prosesin əlifbasıdır. Əsl konsert bundan sonra baş verəcək. Meydanda elə iyrənc, elə qorxunc ittihamlar yer alacaq ki, ən yaxın tərəfdarlar da həyatlarının müəyyən hissəsini Müsavata bağladıqlarına görə özlərindən utanacaqlar. Buna kimsənin şübhəsi olmasın.

 

- Müsavatın başqanı Arif Hacılı seçiləndən sonra başqanlığa sabiq namizəd Qubad İbadoğlu seçkilərdə kütləvi saxtakarlıqlara yol verildiyini bildirdi və bunun davamı olaraq partiyadan ard-arda istefalar baş verdi. Sizcə bu, partiyanın parçalanmasına gətirib çıxaracaqmı?

 

- Müsavatda parçalanma prosesi illərdir başlayıb. Sadəcə, fərq ondan ibarətdir ki, əgər əvvəl tikə-tikə, hissə-hissə parçalanmışdılarsa, indi zərrə-zərrə, təxminən civə qırıntısı kimi parçalanırlar. Burada əsas rol və ifa nə Qubad İbadoğlunundur, nə də qeyrisinin. Burada əsas məğz və prosesi sürətləndirən amil, hərəkətverici qüvvə insanların qəflət yuxusundan ayılmasıdır. Gec də olsa, hətta fanatcasına da olsa, prosesləri dəyərləndirə bilmə imkanıdır. Bütün maskaların, saxta cildlərin açılma faktıdır. Təşkilat rəhbərliyində təmsil olunan insanların əsl mahiyyətinin ortalığa çıxmasıdır. Daxildəki hərc-mərcliyin qarşısıalınmaz sürətlə irəliləməsidir. Və ən nəhayət, hələ də başqanın İsa Qəmbər, yoxsa Arif Hacılı olduğunu bilməməyin, anlamamağın yaratdığı zərurətdir, məhkumiyyətdir, məziyyətdir!

 

Rufik İSMAYILOV 

16.10.2014 11:52 / Hits: 447 / Print
 
    Bu bölmədə
     News feed
    20.05.2019
    17.05.2019
    16.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo