Ceyhun Osmanlı: Prezidentin gəncləri başına toplayıb bu qədər problemin həllinə qərar verməsi dünyada az rast gəlinəcək gözəl bir nümunədir

“Azadinform” millət vəkili Ceyhun Osmanlının mətbuata verdiyi müsahibəni təqdim edir

 

 

Azərbaycan Respublikası Prezidenti ilə görüş barədə ilkin təəssüratlarınız barədə nə deyə bilərsiniz?

 

İlk öncə onu deyərdim ki, mənim üçün Cənab Prezidentin təşəbbüsü ilə baş tutan bu görüş bir növ sürpriz xarakteri daşıdı. Düşünün ki, cəmi bir gün öncədən xəbər olunur ki, sabah Azərbaycan Respublikasının Prezidenti ilə görüşəcəksiniz. Etiraf edək ki, hər gün olunmayan bir təklifdir. O an  suallar gəlir adamın ağlına. Mövzu, protokol və s. necə olacaq... Lakin eşidəndə ki, Cənab Prezident istəyir ki, bizləri düşündürən, bizim gənclər olaraq həllini istədiyimiz, gənclərin inkişafına əngəl törədən məsələləri qaldıraq, onların həlli yollarını qarşılıqlı olaraq müzakirə edək etiraf etməliyəm ki, bunun nə qədər məsuliyyətli olduğunu düşündüm. Çünki düşündüm ki, gənclərin mənafeyi baxımından aktual məsələləri gərək elə qaldıraq bu bütün ölkə gənclərinin maraqlarına cavab vermiş olsun və həllini tapacaq məsələlərdən bütün gənclərimiz faydalansın. Elə bu təəssüratlarla görüşə gəldim və aramızda olan ən gənc görüş iştirakçısı, universitetə qəbul imtahanında 700 ballıq nəticə göstərmiş Fəridə Musayevanın “Cənab Prezident, bizimlə bu görüşə nə qədər vaxt ayırmısınız?” deyə ilk sualına Cənab Prezidentin “Məhdudiyyət yoxdur, bütün suallarınızı ünvanlaya bilərsiniz” deyə cavabı bəlkə də bu görüş üçün ən səmimi və gözəl başlanğıc idi

 


Bəs bütün suallarınızı ünvanlayıb, onlara cavab almağınız təxminən nə qədər vaxt tələb etdi? Maraqlıdır ki, təxminən nə qədər sual səsləndi və onların hər birinə cavab aldınızmı?

 

Görüş 2 saatdan çox davam etdi və hər söz alan görüş iştirakçısı əslində bir yox, eyni zamanda bir neçə məsələni qaldırırdı. Ən yaddaqalan və uğurlu məqam ondan ibarət idi ki, biz nəinki suallarımıza cavab alırdıq, hətta onların həlli ilə bağlı Cənab Prezidentin yerindəcə qərar qəbul etməsinin, bir çox məsələnin həllinin isə 2011-2015-ci illər Gənclərlə bağlı Dövlət Proqramına salınması barədə göstəriş verməsinin şahidi olduq. Bu isə əlbəttə ki, bizlər üçün qürurverici idi. Ümumiyyətlə düşünürəm ki, görüşdə qaldırılan məsələlərin həlli Azərbaycan gənclərinin inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını təşkil edəcəkdir

 

Gənclər tərəfindən qaldırılan və ölkə prezidenti tərəfindən həll edilməsi ilə bağlı göstəriş verilən məsələlərdən hansılarını sadalaya bilərsiniz?

 

Doğrusunu desəm belə məsələlərin sayı çox oldu görüşdə, lakin dərhal ağlıma gələn bir neçə məsələni qeyd etmək istərdim. Qeyd olunan məqamlardan biri bu idi ki, bu gün gənclərimizin peşə hazırlığında ciddi problem vardır. Əksər peşə məktəbləri dövrün tələbləri ilə ayaqlaşmır, peşə məktəbləri texniki cəhətdən yenilənmir, bəzilərinin təklif etdiyi peşələr ümumiyyətlə müasir əmək bazarı ilə uyğun deyil. Bu məsələni Cənab Prezident dəstəklədi və bununla bağlı xüsusi proqramın hazırlanacağı ilə bağlı məlumat verdi. Həmçinin peşə hazırlığının ölkənin gələcək iqtisadi inkişaf prioritetləri, xüsusilə qeyri-neft sektorunda yaranacaq imkanlarla uyğunlaşdırılması, bununla da gənclərin məşğulluğuna da dəstək verilməsi xüsusilə vurğulandı.

 

Peşə təhsili ilə yanaşı ali təhsillə bağlı gəncləri düşündürən məsələlər var idimi?

 

Tamamilə doğrudur. Azərbaycanın bəzi ali məktəblərinin dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə ali məktəblərdən geri qalması vurğulandı. Təhsilimizdə qocalma prosesinin getməsi də reallıqlardan biri kimi dəyərləndirildi. Qeyd edildi ki, təqaüd yaşına çatan universitet müəllimləri hələ uzun illər tədris prosesinə davam edir, bu isə gənc kadrların imkanlarının məhdudlaşdırılmasına gətirib çıxarır. Bəzən dərslərin və dərsliklərin keyfiyyəti, kurrikulumun quruluşu da müasir dövrün tələblərindən geri qalır. Baxmayaraq ki, gənclərimiz xaricə təhsil dalınca göndərilir, bir reallıq da vardır ki, bütün gənclərimizi xaricə göndərə bilmərik. Ona görə də yerli ali məktəblərimizi müasirləşdirməliyik. Bunun üçün isə təklif olundu ki, xaricdə təhsil alıb dönən gənclərimiz ali məktəblərdə dərs deməyə stimullaşdırılsın, eyni zamanda xarici müəllimlər yerli universitetlərimizdə dərs deməyə və islahatlara dəvət edilsin. Bu təklif də müsbət dəyərləndirildi. Xüsusilə Cənab Prezident qeyd etdi ki, yeni dövlət proqramında təhsilin səviyyəsinin yüksəlməsi ilə bağlı konkret mexanizmlər öz əksini tapmalıdır. Lakin Azərbaycanın inkişaf prioritetlərinə uyğun olaraq gənclərimizin xaricdə təhsil imkanlarının artırılmasının mühümlüyü də prezidentin qeyd etdiyi tövsiyyələr arasında idi.

 

Tələbələr gənclərin hər zaman fəal təbəqəsini təşkil etmişdir. Bəs Azərbaycandakı tələbə həyatının hansı problemləri qaldırıldı?

 

Görüşdə tələbələr olduğundan təbii olaraq tələbələri düşündürən məsələlərə toxunuldu. Xüsusilə tələbələrin universitet həyatının tək tədris baxımından yox, həm də sosial – mədəni tədbirlər baxımından maraqlı olması, tələbə özünüidarə strukturlarının universitet həyatında daha fəal təmsil olunması məsələsi vurğulandı. Eyni zamanda tələbə yataqxanalarının qıtlığının regiondan Bakıya təhsil dalınca gələn tələbələrin həyatına əngəl törətdiyi bildirildi. Azərbaycanda vahid tələbə kartının tətbiqi və bu kartı daşıyan tələbələrin müəyyən endirimlərdən istifadə edə bilməsinin mümkünlüyü də müzakirə edildi. Təbii olaraq tələbə stipendiyalarının yüksəlməsi məsələsi də gündəmə gəldi ki, Cənab Prezident buna da müsbət yanaşmasını nümayiş etdirdi.

 

Gənclər tərəfindən ən çox gündəmə gələn məsələlərdən biri də ev məsələsidir. Bu barədə görüşdən bir müsbət qərar çıxdımı?

 

Gənclərin, xüsusilə gənc ailələrin evlə təminatı baxımından Cənab Prezident ipoteka kreditlərinin daha da sadələşdirilməsinin zəruriliyindən bəhs etdi. Eyni zamanda ev alınması nəzərdə tutulan məbləğin maksimum həcminin artırılması məsələsi də gündəmə gəldi. Çünki müəyyən edilmiş 35 000 manatlıq limit bu gün Bakıda evlərin real qiyməti ilə uzlaşmır.

 

Gənclər hər zaman idarəetməyə can atır. Gənclər idarəetmənin gəncləşməsindən danışır. Onların bu arzusu necə qəbul olunur?

 

Bir məsələni qeyd edim ki, Cənab Prezident hələ giriş nitqində ölkədə yeni nəsil peşəkar menecer hazırlığının əhəmiyyətindən və onların idarəetməyə cəlb olunmasının aktuallığından danışdı. Qeyd olundu ki, bu gün bizim hər sahədə, o cümlədən turizm, İKT, xidmət və s sektorlarda yaranan imkanlarla bağlı olaraq peşəkar menecerlərə olan ehtiyacımız günü-gündən artır. O ki, qaldı gənclərin idarəetməyə cəlb edilməsi həqiqətən də buna ehtiyac vardır. Məsələn mən görüşdə qeyd etdim ki, Azərbaycanda yerli gənclər idarələri rəislərinin cəmi 12 faizi gəncdir, hansı ki, çoxluğun gənc olmağı məqsədəuyğun olardı ki, gənclərə daha rahat kontakt yarada bilsinlər və onları tələblərini anlasınlar. Nəzərə alsaq ki, gənclər əhalimizin 30 faizini təşkil edir, idarəetmədə də ən azı elə o proporsiya ilə təmsil olunmaları faydalı olardı. Xüsusilə də nəzərə almaq lazımdır ki, Azərbaycanda yeni nəsil yetişibdir və onların da fərqli tələbləri vardır.

 

Deyirsiniz ki, Azərbaycanda yeni nəsil yetişibdir. Gəncləri daha hansı yeni ideyalar düşündürür və hansı yeni məsələlər görüşdə gündəmə gəldi?

 

Məsələn indi dünyanın ən aparıcı elmi-texniki nailiyyətlərindən xəbərdar olan, “Təhsil-Elm-Sənaye” Formulasını dərindən bilən, Azərbaycanı neft ixrac edən ölkədən texnologiyalar ixrac edən ölkəyə çevirməyin yolları üzərində daima düşünən və çalışan gənc mühəndislər, həkimlər, mütəxəssislər sinfi yaranmışdır. Görüşdə bu insanların fəaliyyətlərinin daha da stimullaşdırılması ilə bağlı təkliflər səsləndi. Qeyd edildi ki, bu gün hər hansı idman vəya musiqi yarışında ilk yeri tutan insanlara yüksək mükafatlar təqdim edildiyi halda elmdə, texnologiyada, ixtiralarda qabağa çıxan insanlara eyni münasibət göstərilmir. Gənclər əlavə etdi ki, bu sahədə çalışan gəncləri daimi dəstəkləmək üçün xüsusi Dövlət Gənclər Mükafatına ehtiyac vardır. Cənab Prezident isə öz cavabında bu qeydlə razılaşdığını və uyğunsuzluğun dərhal aradan qaldırılmalı olduğunu bildirdi və gənclərin təklifinə cavab olaraq bu mükafatın təsis edilməsinin dövlət proqramında öz əksini tapmasının vacibliyini qeyd etdi. Eyni zamanda ölkə rəhbəri əlavə etdi ki, bu gün Gəncə, Sumqayıt və Qaradağda xüsusi sənaye mərkəzləri, texnoparklar yaradılır və bu texnoparklar ərazisində gənc mühəndislərə, tədqiqatçılara xüsusi ehtiyac olacaqdır. Eyni zamanda gənclərin kitaba, elmə maraqla böyüməsinin əhəmiyyətindən danışan Prezident Azərbaycanın hər bir bölgəsində intellektual oyunların, kitab müzakirə klublarının təşkil edilməsi ilə bağlı tapşırıqlarını verdi.

 

Qeyd olunan bu qədər müsbət təklifi həyata keçirməyə hansı strukturlar cavabdeh olacaqdır, bu barədə fikirlər necədir, hər hansı bir yeni qurumların meydana gəlmək ehtimalı var mı?

 

Cənab Prezident qeyd etdi ki, Dövlət Proqramı çox konkret olmalıdır və hər bir fəaliyyətə cavabdehlik daşıyacaq qurumun adı konkret olaraq göstərilməlidir. Bu gənclərin təhsil, mədəniyyət, hərbi, idman, məşğulluq və digər sahələrdə fəaliyyətlərini dəstəkləyəcək qurumlar vardır. Amma əsas gənclərlə bağlı fəaliyyətinə görə tanınan qurumlardan biri də Gənclər və İdman nazirliyidir. Nəzərə alsaq ki, bu gün nazirliyin gənclər üçün olan büdcəsi 4.9 milyon manat, ölkədə gənclərin sayı isə 2.6 milyondan artıqdır, əlbəttə ki, həm nazirliyin büdcəsinin artmasına, hım də əlavə dəstək mexanizmlərinə ehtiyac vardır. Lakin bu gün Prezidentin Azərbaycanda yeni Gənclər Fondunun yaradılması ideyasını dəstəkləməsi əlbəttə ki, həm Azərbaycanda olan, həm də xaricdə olan gənclərimizə müjdədir. Çünki Cənab Prezident qeyd etdi ki, Gənclər Fondu yarandıqdan sonra xüsusi olaraq diqqət yetirmək lazımdır ki, gənclərimizin kreativ layihələri və təşəbbüsləri operativ bir şəkildə Gənclər Fondu tərəfindən dəstəklənsin. Başqa bir yadda qalan məqam isə yenə də gənclərimizdən birinin təklifi əsasında Prezidentin Bakıda beynəlxalq standardlara cavab verən “Gənclər Mərkəzi”nin inşa edilməsi ilə bağlı tapşırığı oldu. Həm Gənclər Fondu, həm də Gənclər Mərkəzi bizlərin çoxdankı arzusu idi, bu görüşdən sonra onların reallığa çevrilmə mərhələsi başlayır.

 

Bəs gənclərin ideoloji məsələlərlə bağlı sualı oldumu?

 

Təbii ki, oldu. Gənclər Qarabağ məsələsi, “Azərbaycançılıq ideologiyası” barədə Prezidentin fikrini öyrəndilər. Cənab Prezidentin tezisləri isə Müstəqil Azərbaycan Respublikasının bizim ilham mənbəyimiz olduğunu, Qarabağ müharibəsinin bizim hamımızı birləşdirməli olan mübarizə olduğunu və Azərbaycanın ərazi bütövlüyü bərpa olana qədər bu mübarizədən əsla vaz keçməyəcəyimizi, “Azərbaycançılıq” ideologiyasının bütün dünya azərbaycanlılarının ideoloji dayağı olduğunu ortaya qoydu. Qeyd edildi ki, bizim sözün əsl mənasında müstəqil siyasətimiz vardır və Azərbaycan heç bir zaman müstəmləkəyə çevrilməməlidir və çevrilməyəcəkdir. Bunun üçün əsasən özümüzə güvənməli, öz resurslarımızı inkişaf etdirməli, dayanıqlı və davamlı inkişafa nail olan bir ölkəyə çevrilməliyik.

 

Gəncləri ən çox maraqlandıran sahələrdən biri də sahibkarlıq fəaliyyətidir. Bu sahədə yeni bir təşəbbüsün şahidi oldunuzmu?

 

Deyərdim ki, çox konkret təkliflər oldu. Təkliflərdən biri gənc sahibkarlar üçün kredit imkanlarının artırılması idi. Digər yadımda qalan təklif isə Biznes İnkubatorların yaradılması idi. Cənab İlham Əliyev Sahibkarlığa Kömək Milli Fondundan gənc sahibkarlara kreditlərin verilməsi üçün xüsusi bir istiqamətin meydana gəlməsinin mükünlüyünü qeyd etdi, biznes inkubatorların isə faydalı bir təcrübə kmi araşdırılıb tətbiq olunmasını maraqla qarşıladı.

 

Siz həm də millət vəkilisiniz...Görüşdə yaranan şansdan istifadə edərək təmsil etdiyiniz bölgənin problemlərini qaldırdınız mı?

 

Çox maraqlı sualdır. Təbii ki, Sabirabadda da gənclərimiz var və onları düşündürən məsələlər vardır. Bilirik ki, kəndlərdə məktəb çox önəmli təsisatdır. Məktəb həm təhsildir, həm mədəniyyət, həm idman, həm görüş yeri, həm də ünsiyyət yeri. Mən Cənab Prezidentdən tək Sabirabadda deyil, bütün Azərbaycanda qəzalı məktəb məsələsinə qon qoymaqla bağlı müvafiq tapşırıq verilməsini xahiş etdim. Eyni zamanda isə bildirdim ki, kəndlərimizin boşalmaması və kənd gəncliyinin durmadan şəhərə üz tutmasını balanslaşdırmaq məqsədi ilə kəndlərdə müxtəlif aqrar layihələr keçirmək mümkündür. Məsələn vaxtı ilə Aran zonası pambıqçılıla tanınırdı, indi də ölkənin prioriteti ilə səsləşən aqrar komplekslər düşünülə bilər ki, kəndlərdə gənclərin məşğulluğu təmin edilsin. Cənab Prezidentin isə öz cavabında 2012-ci ilə kimi ölkədə qəzalı məktəb anlayışına son qoyulacağını, bu məktəblərin müasir şəkildə qurulacağını bildirmısi məni çox ruhlandırdı.

 

Son olaraq nəyi qeyd etmək istərdiniz?

 

Onu deyə bilərəm ki, Prezidentin gəncləri başına toplayıb 1 görüşdə bu qədər problemin həllinə qərar verməsi dünyada az rast gəlinəcək gözəl bir nümunədir. Mən bu görüşün Azərbaycan gənclərinin inkişafı tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı hesab edirəm. Gənclərin öz problemlərini ölkənin 1-ci şəxsinə birbaşa çatdırdığı formata nail olunması, fikirlərin azad və sərbəst şəkildə ifadə olunmasına bütün şəraitin yaradılması ən yüksək bir dialoq və əməkdaşlıq nümunəsi idi. Ən çox sevindiyim məqamlardan biri isə Cənab Prezidentin bu görüşü bəyəndiyini və bu formatda görüşün davamlı keçirilməsinin vacibliyini vurğulaması oldu.

22.04.2011 12:00 / Hits: 939 / Print
 
    Bu bölmədə
     News feed
    12.12.2018
    11.12.2018
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo