Ramiz Mirişli: Mən ilhama heç fikir vermirəm, özü həmişə gəlib(fotosessiya)

Azərbaycanın Xalq artisti, bəstəkar Ramiz Mirişli Araz FM-in qonağı olub

 

- Ramiz müəllim, bir neçə gün əvvəl 77 yaşınız tamam oldu. Siz təkcə kinofilmlərə deyil, eləcə də cizgi filmlərinə musiqi yazmısınız. Bunlar arasında nə fərq var idi?

- “Tıq-tıq xanım”, “Analar və laylalar” və daha bir neçə cizgi filminə yazdığım mahnılar bu gün də oxunur. Hətta bu yaxınlarda Röya da öz konsertinin reklamını “Tıq-tıq xanım”ın mahnısı üzərində qurmuşdu. Bu gün kinofilm üçün musiqi yazmaqla uşaqlar üçün musiqi yazmaq arasında böyük fərq var. Çünki saniyəlik musiqi bəstələmək çox çətindir.

 

- Ramiz Mirişli bəstəkar kimi ilhamı nədən alır?

- Mən ilhama heç fikir vermirəm, özü həmişə gəlib. Mən gəzməyi çox sevirəm. Azərbaycanın bir çox rayonunu gəzmişəm. Gözəl insanlarla, səmimi insanlarla rastlaşırsan. Mənim Vətən haqqında, Azərbaycan haqqında çox əsərim var. Azərbaycan haqqında çoxlu mahnım var. Həmin mahnılardan birini də Rəşid Behbudov oxuyub, hazırda isə həmin mahnını – “Azərbaycan dünyam mənim”i Rəşid Behbudovun qızı Rəşidə Behbudova oxuyur.

 

- Təbii ki, hər bir film üçün mahnı yazmaq sifarişi verirlər. Bəs sizin daxilən yazmaq istədiyiniz mahnı hansı mövzuda olub?

- Mən bir çox şairin sözlərinə mahnı yazmışam. Onların arasında Nizami Gəncəvi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani də var. Bir dəfə Flora Kərimova ilə birgə Fikrət Qocaya bizə mahnı üçün söz yazmağını sifariş vermişdik. İstədik ki, həmin mahnı böyüyüb həyat qursun. Beləliklə, “Günay” mahnısı əmələ gəldi. Mahnının təşəbbüskarı Flora Kərimova idi. Bundan sonra bir çox ailədə qızların adı Günay qoyuldu. Bu mahnı 70-ci illərdə yazılıb.

 

- İşlədiyiniz şairlər arasında bir çox məşhur insan var. Nizamidən tutmuş müasir şairlərə qədər müraciət etdiyiniz insanlar olub. Daha çox kimə müraciət edirsiniz?

- Nizaminin əsərində peyğəmbərin tərifi var. Peyğəmbərimiz haqqında böyük oda yazdım. Bu, vokal poemadır. Burda həm xor, həm də solist var. Mahnının xorunu Azər Zeynalov oxudu. Mənə Nizaminin peyğəmbəri tərif hissəsi çox böyük təsir edib.

 

- Təəssüf ki, bəstəkarlar hazırda vokal janrlara müraciət etmirlər. Sizcə səbəbi nədir?

- İndi hər şey bu şou-biznes deyilən bir şeydədir.

 

- Şou-biznes sizi narahat edir?

- Məni heç nə narahat etmir. Şou-biznesin müğənniləri mənim mahnılarımı da oxuyub. Əlbəttə, onların arasında yaxşıları da var.

 

- Peyğəmbərin tərifinə musiqi bəstələmiş Ramiz Mirişli bu gün şou bizneslə necə ayaqlaşır? Özünüzü buna məcbur edirsiniz?

- Şou-biznes deyiləndə çox böyük səslənir. Həmin müğənnilərdi də. Kim var ki orda. Aygün Kazımova, Brilliant Dadaşova, Flora Kərimova. Onların da hamısı mənim mahnılarımı oxuyur. Həmin müğənnilərdi də, sadəcə, adını şou biznes qoyublar.

 

- Bir çox dinləyicinin qəlbində professor deyil, sadəcə Ramiz Mirişli kimi olacaqsınız. Bəs Ramiz Mirişlinin müəllimi kim olub?

- Elə sadəcə Ramiz Mirişliyəm. Müəllimim Azərbaycan simfonik musiqisinin banisi Cövdət Hacıyevdir. Cövdət Hacıyev simfoniyanın təməl daşını qoyanlardan hesab olunur. Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov - bu bəstəkarlar Azərbaycan professional musiqisini 150 il qabağa çəkdilər. Balet janrı Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletiylə inkişaf etdi. Hazırda Arif Məlikovun baleti dünyanın 60-70 ölkəsində göstərilir.

 

- İki bəstəkar atasısınız. Onların bu sənəti seçməklərində rolunuz olub?

- Onlar Bülbül adına musiqi məktəbində təhsil alıblar. Onlar məktəbə gedəndə onlarla məşğul olmaq üçün müəllim tutdum. Artıq gördüm ki, özləri mahnı yazırlar. Hər ikisinin musiqi təhsili var və uzun müddət Türkiyədə işləyiblər. Oğlanlarımdan biri qayıtsa da, digəri hələ də Türkiyədə yaşayır. Ona bura gəl deyəndə, deyir nə fərqi, burda da əsər yazıram.

 

- Hansı oğlunuzun yaradıcılığı sizə daha çox yaxındır?


- Onlar mahnıdan çox simfonik musiqi yazırlar. Yəqin mənə hörmət edib mahnı yazmırlar. Nə qədər olmasa atamız mahnı yazıb deyə. Oğlum Yusifin bir mahnısını Zülfiyyə Xanbabayeva oxuyub.

 

- “Qəzəlxan” filmi üçün oğlunuzla ortaq mahnı yazmısınız.

- Əslində, mən onda başqa bir filmə musiqi yazırdım. Sonra filmim müəllifinin istəyi ilə biz ikimiz filmə mahnı yazdıq.

19.04.2011 13:16 / Hits: 1677 / Print
 
Bu bölmədə
 News feed
12.12.2018
11.12.2018
10.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo