Gürcüstanda ermənilər demək olar ki, buxarlanır

Mahmud Hacıxəlilov: “Son 5-6 ildir ki, əksər erməni ailələri soyadlarını gürcü soyadlarına dəyişirlər”

 

 

Mübariz Aslanov. Gürcüstan-Ukrayna Müstəqil Universitetinin rektoru Mahmud Hacıxəlilov “Azadinform”un suallarını cavablandırıb.

Mahmud Hacıxəlilov Gürcüstanda yaşayan fəal azərbaycanlı ziyalılarındandır. O, 1954-cü ildə Gürcüstanın Marneuli rayonunda doğulub. Sovet İttifaqı dağıldıqdan  sonra azərbaycanlı gənclərin Gürcüstandan axınının qarşısını almaq məqsədilə 1991-ci ildə ilk dəfə bu ölkədə Azərbaycan təmayüllü özəl Kvemo-Kartli Müstəqil Universitetini təsis edir və 1999-cu ilə kimi bu universitetin fəaliyyətini davam etdirir. 1999-cu ildə isə həmin universitetin nəzdində Tiflis Dövlət Universitetinin Borçalı mahalı üzrə filialının təsisçilərindən olur. 2007-ci ildə isə həmin filial ləğv olunduqda onun bazasında yenidən özəl Gürcüstan- Ukrayna Müstəqil Universitetini təsis edir. Hazırda həmin universitetin rektoru və Marneuli Azərbaycan Mədəniyyət Mərkəzinin həmtəsisçisidir.


- Mahmud müəllim, bu gün Gürcüstandakı soydaşlarımızın vəziyyəti və fəaliyyəti necədir?


- Ümumi vəziyyətə gəldikdə, bütün Gürcüstanda vəziyyət necədirsə, oradakı azərbaycanlılar da o ahəngdədirlər. Müəyyən müddət bundan əvvəl, daha konkret desək, SSRİ dağıldıqdan sonra Gürcüstanda etnik problemlərdən, xüsusilə də azərbaycanlıların yaşadıqları məhrumiyyətlərdən danışmaq olardı. Amma artıq o problemlər arxada qalıb. Bu, daha çox İttifaq dağıldıqdan sonra Qamsaxurdiyanın dövründə idi və azərbaycanlılar bu problem üzündən demək olar ki, Gürcüstanda öz ata-baba yurdlarını tərk edib müxtəlif ölkələrə baş götürüb gedirdilər. Çünki o vaxt elə bir vəziyyət yaranmışdı ki, harada azərbaycanlı yaşayırdısa, hər gecədən bir onun evinin qarşısında bir partlayış baş verirdi. O zaman biz bunun üçün Azərbaycan təmayüllü universitet açmaqla bir növ gənc soydaşlarımızın diqqətini vətənə cəlb etməyə çalışdıq. Müxtəlif dostlarımızın köməyilə buna müəyyən mənada nail də olduq. Lakin sonradan Gürcüstan da cərəyan edən siyasi proseslər və dəyişikliklər azərbaycanlılara qarşı etnik məhrumiyyətləri tamamilə aradan qaldırdı. O dövrdə hətta bəzi azərbaycanlılara aid rayonlar və kəndlərin adları də dəyişdirilmişdi. İndi tədricən bunlar da aradan qaldırılır. Onu da deyim ki, biz orada diaspor adlanmırıq. Çünki ümummilli lider 1996-cı ildə ora səfəri zamanı bizi yığıb dedi ki, siz əslində, diaspor deyilsiniz, çünki bura sizin doğma vətəninizdir və siz burda bir Azərbaycansınız. Hərdən Azərbaycan televiziyaları gedib Gürcüstanda azərbaycanlılar yaşayan kəndlərdə sosial problemləri çəkib, onu etnik problem kimi təqdim edirlər. Amma sizi inandırım ki, bu belə deyil. O problemlər var, amma tək azərbaycanlılar üçün deyil, bütün Gürcüstan vətəndaşları üçün mövcuddur. Sadəcə olaraq, bizim televiziyalar ancaq bizim yaşadığımız yerləri çəkirlər. Buna da etnik don geyindirildikdə istər-istəməz bizə bu, orada irad tutulur.
Bu gün Gürcüstandakı soydaşlarımız əlbəttə ki, Azərbaycandakılar kimi yaşaya bilməyəcəklər. Çünki Gürcüstanın kifayət iqtisadi çatışmazlığı var. Azərbaycanla nisbətdə kasıb ölkədir. Bu da təbii ki, o ölkənin bütün vətəndaşlarının sosial vəziyyətinə təsir edəcək.


- Azərbaycanlıların təşkilatlanması hansı vəziyyətdədir?


- Bu gün Gürcüstanda sosial problemlərdən biri də işsizlikdir. Bu, azərbaycanlıların, xüsusən də azərbaycanlı gənclərin Gürcüstanı tərk etmələrinə səbəb olur. Biz bir qrup şəxs bacardıqca buna görə əlimizdən gələni edirik, lakin nəzərə alsaq ki, bu, bütün respublika üzrə olan problemdir, o zaman bunun həlli də dövlət səviyyəsində baş tutmalıdır. Bu tərketmə gənclərin təhsilə axınına da təsir edib. Biz çox çalışırıq oradakı gənclərimiz təhsildən yayınmasın, lakin ailələrdəki işsizlik buna təsir edir. Bu səbəbdən də hazırda Gürcüstanda yaşayan azərbaycanlı gənclərin təhsilə axını azalır və bu gün bu bizim ciddi problemdir. Buna görə bizim Azərbaycandakı soydaşlarımızın yardımına da ehtiyacımız  var. Məsələn, bizim universitetdə müəyyən qədər kadr potensialına ehtiyac var. Onların hazırlanması burda da təşkil oluna bilər. Bundan başqa, bu gün bizdə Gürcüstanda oxuyub Azərbaycana gələn gənclər var ki, onların diplomlarının tanınması ilə bağlı burada problemlər yaşanır. Azərbaycan prezidenti İlham Əliyevin xaricdə yaşayan soydaşlarımıza, xüsusən də Gürcüstan azərbaycanlılarına böyük diqqəti var. Biz bunu dəfələrlə hiss etmişik. Ümid edirəm ki, bizim müraciətlərimizdən sonra bu problem də həllini tapar. Çünki istənilən ölkədə azərbaycanlıların təşkilatlanmasında təhsil, maarifçilik birinci şərtdir. Biz Gürcüstanda o vaxt universitet təsis edəndə də, elə indi də təhsil ətrafında soydaşlarımızın birləşməsini əsas götürürük. Bundan başqa, bizim Marneulidə Mədəniyyət Mərkəzimiz var. Biz mütəmadi olaraq orada Azərbaycan mədəniyyətinin təqdimatını təşkil edirik. Bu gün Gürcüstanda Azərbaycan aşıq folklorunu tanımayan yoxdur. Bundan başqa tez-tez istər Tiflisdə, istərsə də Gürcüstanın digər şəhərlərində Azərbaycan günləri təşkil edirik. Dövlət özü də bu işlərdə bizə geniş şərait yaradır.


- Etnik cəhətdən müxtəlif olan Gürcüstanda kifayət qədər erməni də yaşayır...


- Bilirsiniz, bu gün Gürcüstanda ermənilər demək olar ki, “buxarlanır”. Bu onların harasa köç etməsi ilə bağlı deyil. Son 5-6 ildir ki, əksər erməni ailələri soyadlarını gürcü soyadlarına dəyişirlər. Bununla onlar gürcülər arasında assimilyasiya olub əriyirlər. Bununla onların bir millət kimi təxəyyülləri də qarışır. Məsələn, xatırlayırsınızsa, sovet dövründə Gürcüstana köçənlərin əksəriyyəti ermənilər idi və getdikcə sayları azərbaycanlıları üstələyirdi. Amma bu gün demək olar ki, azərbaycanlıların yarısı qədər orada erməni familiyası qalmayıb. Bundan başqa, mən son 10 ildə bir dəfə də ciddi azərbaycanlı- erməni qarşıdurmasına rast gəlməmişəm. Qarabağ müharibəsi zamanı, oradan buraya bizim övladlarımız gəlib vuruşan zaman da ermənilərin bir hissəsi müharibədən şikayətlənirdi. Məsələn, biz 1991-ci ildə azərbaycanlılar üçün universitet təsis edəndə istər-istəməz digər millətlərin də nümayəndələri ora qəbul olunmağa başladılar. O zaman neçə-neçə erməni ailəsi bizə yaxınlaşıb xahiş edirdi ki, “şərait yaradın bizim də uşaqlarımız burada oxusunlar. Əks halda onlar Ermənistan getsələr, məcbur Dağlıq Qarabağda döyüşlərə göndəriləcəklər və orada da tələf olacaqlar”. O vaxt belə xahişlər bizə çox olurdu. Sonradan biz onları qəbul da etdik və heç bir problem də görmədik.
Bu gün də elə bir problem hiss olunmur. Nəzərə alsaq ki, bu gün Gürcüstanda azərbaycanlıların təşkilatlanması ermənilərə nisbətdə fəaldır, o zaman hansısa ciddi problem də gözləməyə dəyməz. Daha önəmlisi də odur ki, bugünkü Gürcüstan dövləti özü də heç buna imkan verməz.


- Son bir neçə ildə Gürcüstanda siyasi kurs demək olar ki, tamamilə dəyişib. Bu, azərbaycanlılara nə kimi təsir edir?


- Ümumiyyətlə, Gürcüstan müstəqillik əldə etdikdən sonra oradakı digər xalqlar kimi azərbaycanlılar da kifayət qədər problem yaşadılar. Lakin bu bir tarix idi və hər şey arxada qalıb. Bugünkü Mixail Saakaşvili hakimiyyəti digər etnik xalqlar kimi azərbaycanlılara da diqqətlə yanaşır. Məsələn, əsrlər boyu Gürcüstan da Novruz bayramı rəsmiləşməyib, lakin Saakaşvili bu bayramı azərbaycanlıların bayramı kimi dövlət səviyyəsində rəsmiləşdirdi. O cümlədən bir sıra Azərbaycan kəndləri var ki, əvvəlki hakimiyyət dövründə adları dəyişdirilmişdi, indi yenidən həmin kəndləri adları özünə qaytarılır. Ümumiyyətlə, tək bizim üçün yox, bütün Gürcüstan üçün Saakaşvili hakimiyyəti mütərəqqidir. Kifayət qədər iqtisadi çatışmazlıqlara baxmayaraq, korrupsiyanın, inhisarçılığın kökü kəsilib. Ona görə də bir vətəndaş kimi Mixail Saakaşvilinin, azərbaycanlı kimi isə İlham Əliyevin sözü bizə qanundur.

14.07.2011 11:04 / Hits: 837 / Print
 
    Bu bölmədə
     News feed
    26.03.2019
    25.03.2019
    24.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo