Prezident tərəfindən ayrılan vəsaitlə tarixi əhəmiyyətli eksponatlar alınacaq

Nailə Vəlixanlı: “Nəsə etmək lazımdır ki, auksiona çıxarılan nümunələr Azərbaycana gətirilsin”

 

 

Atif EYVAZOV.  Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)  Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının “Azadinform”a müsabihəsi

 

- Nailə xanım, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Milli Azərbaycan Tarixi Muzeyinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan AMEA-ya 1 milyon manat məbləğində vəsait ayrılıb. Sərəncamdan irəli gələn məsələlərlə bağlı nə işlər görülür?


- Bu sərəncamı çox yüksək dəyərləndiririk. Muzeyimizin maddi-texniki bazasının möhkəmləndirilməsinə ehtiyac var idi. Bununla bağlı cənab prezident sərəncam imzalayıb. Əvvəllər də bu kimi tədbirlərin görülməsi üçün hörmətli prezidentimizin müvafiq sərəncamları olub. Bu sərəncamlar muzey üçün mühüm əhəmiyyətə malikdir. Prezident tərəfindən ayrılan vəsaitlə tarixi əhəmiyyətli eksponatlar alınacaq. Bundan başqa, muzeyimizdə korlanan, min illərlə yaşı olan əşyalar restavrasiya, konservasiya olunacaq. Artıq biz əhalidən müəyyən qədər müxtəlif əşyalar almışıq. Nəzərdə tutmuşuq ki, gələn həftə muzeydə yeni alınan eksponatların sərgisini keçirək.


- Alınanlar hansı xarakterli əşyalardır?


- Alınanlar tarixi, elmi əhəmiyyətli, dövlət üçün mühüm əhəmiyyətə malik əşyalardır. Bunlar arasında həm etnoqrafik, həm arxeoloji materiallar var. Yəni bunlar artıq xaricə aparılıb satılmır. Bu şeylər bizim ölkəmizdə qalır. Bu, çox əhəmiyyətli bir fürsətdir.

- Eksponatlar  kimlər tərəfindən restavrasiya olunacaq?


- Artıq tender elan edilib. Bu tenderdə hansı təşkilat qalib olacaqsa, o da bizim işlərimizi görəcək. Tender mayın sonuna kimi başa çatır. Ondan sonra qalib müəyyən ediləcək. Yəqin ki,  işlərimiz ilin sonuna kimi baş çatacaq. Bərpadan sonra “Muzey eksponatlarının ikinci həyatı” adlı sərgi keçirəcəyik. Həmin sərgidə restavrasiya və konservasiya olunan eksponatlar nümayiş olunacaq. Bununla da görünəcək ki, artıq sıradan çıxmış, yaxud çıxmaq üzrə olan tarixi nümunələr yenidən xalqa qaytarılıb.


- Nailə xanım, hazırda muzeyin nə qədər eksponatı var?


- Muzeydə 300-400 min, bəlkə də artıq eksponat saxlanılır.  Bizdə təkcə 100 minə yaxın çox nadir kitab var. Çox qiymətli əlyazmalar var. Bu yaxınlarda çox gözəl əlyazmalar almışıq. Bizdə 2-3 min yaşı olan eksponatlar var. Yaxud gözəl xalçalar, paltarlar, bayraqlar var. Onları zaman xarab edir.


- Bu əlyazmalar haradan alınıb?


- Biz əlyazmaları Azərbaycanın müxtəlif bölgələrindən almışıq. Əhalidə belə dəyərli materiallar çoxdur. Sadəcə, onları axtarıb yığmaq lazımdır. Yeri gəlmişkən, “Sotfi” adlı auksion var.  Səhv etmirəmsə, bu, Böyük Britaniyada yerləşir. Bu yaxınlarda həmin auksionun axırıncı - aprel nömrəsinə baxmışam. Məsələn, bu auksionda Nəsrəddin Tusinin əlyazmalarını satırlar. Orada Azərbaycan xalçaları satışa çıxarılır. Həmin auksionda Azərbaycana məxsus əlyazmalar gördüm. Çox yaxşı vəziyyətdə idi. Hətta qiymətinə də baxdım. Qiymətlər 40-70 min arasında dəyişirdi. Ola bilər ki, bunlar kiminsə şəxsi kolleksiyasındandır. Orada bu şeylərə açıq baxırlar. Təsəvvür edin, bizim xalqa məxsus dəyərli nümunələr, yaxud əsərlər haralara gedib çıxır. Həmin qiymətli nümunələri hansı ölkəninsə nümayəndəsi  alacaq. Bunun bizə nə xeyri var?  Çox maraqlıdır ki, heç bir xalçanın üzərində Azərbaycan sözü yoxdur. Sadəcə, Qazax, Quba və digər adlar yazılır. Yəni şəhərlərin adı ilə gedir. Bunları almaq lazımdır, amma bu da böyük vəsait tələb edir. Düzü, bu, dövlət səviyyəsində həll edilməlidir. Nəsə etmək lazımdır ki, xaricdə satılan, xüsusən auksiona çıxarılan nümunələr Azərbaycana gətirilsin.


- Hazırda nə qədər eksponatın bərpaya ehtiyacı var?


- Restavrasiya  davamlı olmalıdır. Cənab prezident bir dəfə vəsait ayırıb, biz də müvafiq işlər görmüşük. Sonra prezidentin tapşırığı ilə Nazirlər Kabineti vəsait verib və bu işlər görülüb. İndi də bir milyon verilib. Əslində, biz vəsaiti görmürük. İnsanlar tərəfindən bizə verilən əşyaların siyahısı tutulub. Bizdə xüsusi satınalma şöbəsi var. Burada İqtisadi İnkişaf, Maliyyə nazirlikləri, AMEA-nın mütəxəssisləri, iqtisadçılar var. Onların iclası keçirilib və protokol çıxarmışıq. Biz komissiyanın vasitəsilə əhalidən həmin şeyləri qəbul edirik və sonra onları protokollaşdırıb göndərəcəyik. Sonra pul ayrılacaq və həmin pullar da əşya verən əhaliyə veriləcək. Ümid edirik ki, bu işlər davamlı olacaq. Çünki muzeyi yaşatmaqdan ötrü təzə eksponatlar almaq lazımdır. Digər tərəfdən, onları qorumaq da lazımdır. Bərpa olunacaq eksponatlara gəlincə, deyə bilərəm ki, bunların sayı kifayət qədər çoxdur. Onu da qeyd edim ki, bərpanın, konservasiyanın qiyməti həddindən artıq çoxdur.

 
- Nailə xanım, bəs sizin rəhbərlik etdiyiniz muzeyə gələnlərin fəallığı hansı səviyyədədir?


- Muzeyimizə gələnlərin fəallığı yüksəkdir. Deməzdim ki, əvvəlki illərə nisbətən fəallıq aşağı düşüb, əksinə, nisbətən canlanma müşahidə olunur. Xarici qonaqlar həddindən artıq çox gəlirlər. Yerlilər də var. Ali məktəb tələbələri, adi vətəndaşlar da muzeyimizi daim ziyarət edirlər.


- Düşünmürsünüz ki, görəcəyiniz işlərdən sonra fəallıq daha da artsın?


- Bu, istisna edilmir. Bu bir reklamdır. İnsanlar görəndə ki, dövlət, xüsusən ölkənin başçısı belə işlərə diqqət göstərir, o zaman sözsüz ki, xalqın da marağı artar. Yəni bu diqqətin də böyük əhəmiyyəti var.  


- Nailə xanım, dediniz ki, muzeydə kifayət qədər eksponat var. Onların normal saxlanmasına görə muzey üçün əlavə korpusun tikintisi nəzərdə tutulubmu?


- Belə bir binanın tikilməsi nəzərdə tutulmur. Ancaq əlbəttə, Tarix Muzeyi üçün müasir bina tikilsə, çox yaxşı olardı. Çünki burada tarix məsələsi var. Çox yaxşı olardı ki, bizdə arxeoloji muzey üçün bina olsun. Düzdür, bunun tikintisi üçün əmr, sərəncam var, ancaq hələ tikintiyə başlanılmayıb. Vahid arxeoloji fondun olması da vacibdir. Bizdə çox geniş arxeoloji qazıntılar aparılır. Burada tapılan nümunələrin ora-bura səpələnməməsi üçün vahid arxeoloji fondun tikilməsinə ehtiyac var. Mühümdür ki, Azərbaycanda bərpa laboratoriyaları yaradılsın və bunun üçün kadr hazırlansın. 

 

18.04.2011 17:22 / Hits: 961 / Print
 
    Bu bölmədə
     News feed
    13.12.2018
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo