Əsas məqsədlərimizdən biri Belçika sərmayəsinin Azərbaycanın qeyri-neft sektoruna cəlb edilməsidir

Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri və Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Emin Eyyubovun “Azadinform”a müsahibəsi

- Azərbaycanla Belçika arasındakı ikitərəfli əlaqələrin hazırkı vəziyyətini necə dəyərləndirirsiniz? Münasibətlərin mövcud vəziyyətini qənaətbəxş hesab etmək olarmı?
- Azərbaycan və Belçika arasında siyasi münasibətlər bu gün hər iki tərəfi qane edən səviyyədə inkişaf edir. Təbii ki, biz bu münasibətlərin daha da irəliləməsində maraqlıyıq və bunun üçün müvafiq addımlar atırıq. Bildiyiniz kimi, bir çox Avropa institutu Brüsseldə yerləşdiyindən o, Avropanın siyasi mərkəzi hesab edilir. Ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyev Avropa İttifaqı və NATO-nun tədbirlərində iştirak etmək üçün dəfələrlə Brüsseldə olaraq bu ölkənin rəhbərləri ilə görüşüb və ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə ediblər. Ümumiyyətlə, hər iki ölkə yüksək səviyyədə siyasi dialoqun inkişaf etdirilməsində, qanunverici və icra hakimiyyəti orqanları arasında əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu maraqdan irəli gələrək Belçika və Azərbaycan parlamentləri arasında da münasibətlər yaradılıb və qarşılıqlı dostluq qrupları fəaliyyət göstərir. Hər iki ölkə rəhbərliyinin siyasi iradəsi nəticəsində Belçikanın 2007-ci ildə Cənubi Qafqaz ölkələri içərisində yalnız Azərbaycanda daimi əsasda fəaliyyət göstərən səfirliyi açılıb və bu münasibətlərimizin inkişafına olan marağın göstəricisidir. Əlaqələrimizin daha intensiv xarakter alması və yeni əməkdaşlıq sahələrinin müəyyən edilməsi üçün bu il ölkələrimizin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi nəzərdə tutulur. Ancaq bəzi hallarda obyektiv səbəblər üzündən münasibətlərimizdə irəliləyişin ləng getdiyini müşahidə etmək olar. Bunun səbəbi isə Belçikanın spesifik federal quruluşa malik olması, hakimiyyətin tam olaraq federal hökumətdə cəmləşməməsi və səlahiyyətlərin bir qisminin region hökumətlərinə məxsus olmasıdır. Bundan əlavə, Belçikada 2007 və 2010-cu illərdəki parlament seçkilərindən sonra yaranmış siyasi böhran, hökumətin bir neçə dəfə dəyişməsi və artıq bir ildən çoxdur ki, yeni hökumətin qurulmaması bu prosesi ləngidən amillərdən biridir. Qeyd edilənlərə baxmayaraq, ümid edirəm ki, hər iki ölkə rəhbərliyinin siyasi iradəsi nəticəsində ikitərəfli münasibətlərimiz daha da inkişaf edəcək. 
- İki ölkə arasındakı iqtisadi əlaqələrin potensialından yetərincə istifadə olunurmu?
- İqtisadi əməkdaşlıqla bağlı qeyd edilməlidir ki, bunun üçün müvafiq hüquqi baza yaradılıb. “Azərbaycan Respublikası Hökuməti və Belçika Krallığı Hökuməti arasında hava əlaqələri haqqında saziş”, “Azərbaycan Respublikası Hökuməti və Belçika-Lüksemburq İqtisadi İttifaqı arasında sərmayələrin qarşılıqlı təşviqi və qorunması haqqında saziş”, “Azərbaycan Respublikası ilə Belçika Krallığı arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergitutmadan yayınmanın qarşısının alınmasına dair Konvensiya” və “Azərbaycan Respublikası Hökuməti və Belçika Krallığı Hökuməti arasında gömrük məsələləri üzrə qarşılıqlı inzibati yardımın göstərilməsi haqqında ikitərəfli Saziş” həmin hüquqi bazanın mühüm tərkib hissələridir. İqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün digər müqavilə və sazişlərin də imzalanması istiqamətində işlər görülür. İki ölkə arasında ticarət dövriyyəsi onlar arasındakı iqtisadi münasibətlərin əsas göstəricilərdən biri kimi çıxış edir. Hər iki ölkənin iqtisadi sahədə geniş imkanları bu münasibətlərin və mövcud əməkdaşlığın daha da genişləndirilməsinə və dərinləşdirilməsinə imkan verir. 2010-cu ildə Azərbaycanın Belçika ilə xarici ticarət dövriyyəsinin həcmi 45,79 mln. ABŞ dolları, 2011-ci ilin ilk 4 ayında isə 9,87 mln. ABŞ dolları təşkil edib.
- Avropada Azərbaycanı böyük enerji resurslarına malik ölkə kimi tanıyırlar. Təmsil olunduğunuz ölkədə yalnız bununla məhdudlaşırlar, yoxsa Azərbaycan iqtisadiyyatının digər sahələrinə də maraq var?
- Bir sıra digər Avropa ölkələrində olduğu kimi Belçikada da geniş enerji resurslarına malik ölkə kimi Azərbaycana xüsusi diqqət ayrılır. Bununla belə, iki ölkə arasında əməkdaşlıq iqtisadiyyatın digər sahələrini də əhatə edir və səfirlik olaraq əsas məqsədlərimizdən biri Belçika sərmayəsinin Azərbaycanın qeyri-neft sektoruna cəlb edilməsidir. Ölkəmizin təmsilçilərinin iştirakı ilə 24 sentyabr 2009-cu il tarixində Brüssel şəhərində Belçikanın Flandriya regionunun Sərmayə və Ticarət Agentliyi tərəfindən təşkil olunmuş “Azərbaycan və Gürcüstan: biznes imkanları” adlı seminar keçirilib. Seminar çərçivəsində Azərbaycanın sərmayə və ticarət imkanlarına dair təqdimatlar nümayiş olunub, Belçika şirkətlərinin nümayəndələri ilə görüşlər keçirilib. Bunun davamı olaraq, 23 noyabr 2010-cu il tarixində Bakı şəhərində Azərbaycan və Belçika şirkətlərinin iştirakı ilə Azərbaycan-Belçika biznes forumu təşkil edilib. Foruma hər iki tərəfin təmsilçiləri, habelə Belçikanın Flandriya regionunun əsasən kənd təsərrüfatı, sənaye, nəqliyyat və daşıma, konsaltinq sahələrində ixtisaslaşmış şirkət və qurumlarının nümayəndələri, eləcə də Azərbaycandan müvafiq şirkətlərin nümayəndələri qatılıblar. Bu istiqamətdə işlər davam etdirilir və gələcəkdə digər müvafiq təşəbbüslərin həyata keçirilməsi müzakirə olunur. Qeyd edilməlidir ki, Azərbaycan hökuməti tərəfindən sahibkarlığın inkişafına verilən dəstək, qeyri-neft sektorunun inkişafına göstərilən xüsusi diqqət məhz bu istiqamətdə Belçika şirkətləri tərəfindən Azərbaycana sərmayə qoyuluşlarına töhfə verir. Hazırda Azərbaycanda ticarət, nəqliyyat, daşıma, rabitə, habelə kənd təsərrüfatı və yeyinti məhsullarının istehsalı, layihə işləri, tikinti və quraşdırma və s. sahələrdə fəaliyyət göstərən Belçika şirkətləri mövcuddur.
- Ölkələr arasındakı mədəni və humanitar sahədəki əməkdaşlıq hansı səviyyədədir?
- Mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlıq imkanları genişdir. Bu və ya digər tədbirlər çərçivəsində Belçikada hər il Azərbaycan incəsənət xadimlərinin konsertləri təşkil olunur və tanınmış rəssamlarının sərgiləri keçirilir. Bu tədbirlərin təşkilində Heydər Əliyev Fondunun rolu əvəzsizdir. Bu mənada 2010 və 2011-ci illər olduqca səmərəli keçib. Məsələn, Azərbaycanın Əməkdar artisti, Prezident təqaüdçüsü və Beynəlxalq müsabiqələr laureatı pianoçu Murad Hüseynovun, “Azərbaycan qartalları” rəqs ansamblının, Əməkdar artist Tünzalə Ağayevanın konsertlərini, Azərbaycanın gənc rəssamlarının sərgisini və s. qeyd etmək olar. Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə “Euronews” kanalında və digər KİV-də Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı reportajlar da öz töhfəsini verib. Mədəniyyətimizin təbliği ilə bağlı tədbirlər davam etdirilir. Təhsil sahəsi ilə bağlı qeyd etmək lazımdır ki, son illərdə Belçikada təhsil alan tələbələrimizin sayı artıb. Bura həm fərdi qaydada, həm də dövlət xətti ilə gələnlər aiddir. Səfirlik bu tendensiyanı dəstəkləyir. Lakin digər imkanlar da var ki, bu da iki ölkənin universitet və institutları arasında birbaşa münasibətlərin yaradılmasına xidmət edir. Hazırda səfirlik Azərbaycan və Belçika universitetləri arasında daimi əlaqələrin yaradılması və tələbə-müəllim mübadilələrinin həyata keçirilməsi istiqamətində iş aparır. Belçikanın fransızdilli Valoniya regionun Xarici Əlaqələr Baş Komissarlığı ilə əldə edilmiş razılığa əsasən biri müəllim və biri tələbə olmaqla hər il iki azərbaycanlıya təqaüd ayrılır və onlar Brüssel Azad Universitetində və Lövən Universitetində yay kurslarında iştirak edirlər.
- Erməni diasporu ilə yanaşı aparılan fəaliyyətdə Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti nə dərəcədə uğurlu alınır? Bu uğur ən çox hansı sahələrdə hiss olunur?
- Bildiyiniz kimi, erməni diasporu dünyanın bir çox bölgəsində və nüfuzlu dövlətlərində uzun illərdir fəaliyyət göstərir və güclü təşkilatlanma prosesi keçib. Son illərə qədər onlar bu sahədə bizdən çox irəlidə idi. Lakin Azərbaycan rəhbərliyinin diaspor siyasətinə uyğun olaraq, xaricdə yaşayan həmvətənlərimiz fəallıqlarını artırıb və təşkilatlanmağa başlayıblar. Belçikada da bir sıra diaspor təşkilatımız fəaliyyət göstərir. Təbii ki, onların qarşıya qoyduğu əsas məqsəd erməni diasporuna qarşı mübarizə və erməni yalanlarını Belçika və Avropa ictimaiyyətinə çatdırmaqdır. Fəal diaspor təşkilatlarımızdan olan Belçika-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən təkcə bu ilin başlanğıcında bir neçə mühüm tədbir keçirilib. Misal olaraq, “20 Yanvar”, “Xocalı soyqırımı”, “31 Mart Azərbaycanlıların Soyqırımı günü” ilə bağlı mitinqləri, işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsinin ermənilər tərəfindən dağıdılması ilə bağlı Avropa Parlamentində keçirilmiş konfransı və s. göstərmək olar. Diaspor təşkilatlarımızın fəallaşması erməniləri sözün əsl mənasında ciddi təşvişə salıb. 
- Belçikada Azərbaycan diasporunun təşkilatlanma səviyyəsi necədir? Səfirliyin diaspor təşkilatları ilə əlaqələri necə qurulur, təşkilatların işinə necə dəstək verilir?
- Dünyanın digər yerlərində olduğu kimi Belçikada da diasporumuz gəncdir və diaspor təşkilatları əsasən respublikamız müstəqillik əldə etdikdən sonra yaranıb. Onlar bacardıqları qədər fəal olmağa, ölkəmizin bu və ya digər problemlərini Belçika ictimaiyyətinə və Avropa İttifaqı qurumlarına çatdırmağa çalışır, ölkəmizin mədəniyyətinin təbliği istiqamətində əsaslı fəaliyyət göstərirlər. Təbii ki, bundan sonra da görüləcək işlər çoxdur və fəallıq göstərmək həmişə lazımdır. Səfirliyin diaspor təşkilatlarına dəstəyinə gəlincə, biz dövlətimizin apardığı siyasətə uyğun olaraq, onlarla müvafiq iş aparır, dəstək verir və birgə işləyirik. Səfirlik ölkəmizin təbliği ilə bağlı diaspor qurumlarından gələn istənilən təklif və təşəbbüsləri dəstəkləyir.
- Avropa ölkələrinin bəziləri Azərbaycanla bağlı ikili siyasət yürüdür. Bu nədən qaynaqlanır? Azərbaycanın Avropadakı diplomatik nümayəndələri bu ikili standartlara əsaslanan siyasətə son qoymaq üçün hansı addımlar atıb?
- İkili siyasətin yürüdülməsi kimi ünsürlər əsasən məlumatsızlıq və yaxud yanlış, təhrif olunmuş məlumatların yayılması nəticəsində yaranır. Məlum olduğu kimi, erməni diaspor təşkilatları uzun illərdir ki, Avropanın siyasi arenasında Azərbaycan əleyhinə təbliğat kampaniyaları yürüdür və çox təəssüflə qeyd etmək istərdim ki, son vaxtlara qədər bir sıra hallarda onlar öz məqsədlərinə nail olurdular. Lakin son illər ərzində Azərbaycanın fəal siyasəti nəticəsində bu kimi halların qarşısı alınmaqdadır.
Hesab edirəm ki, bu cür hallara qarşı ən yaxşı vasitə həqiqətin və düzgün məlumatların həm geniş Avropa ictimaiyyəti arasında yayılması, həm də aidiyyəti siyasi dairələrə təqdim olunmasıdır. Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyi Avropa Komissiyası, Avropa Parlamenti, Brüsseldə akkreditə olunmuş Aİ-yə üzv ölkələrin Daimi Nümayəndəlikləri, habelə müxtəlif düşüncə mərkəzləri və qeyri-hökumət təşkilatları ilə sıx şəkildə işləyərək Azərbaycanın xarici, iqtisadi və sosial siyasəti, ölkədə həyata keçirilən siyasi və iqtisadi islahatlar, Ermənistan-Azərbaycan münaqişəsi və Cənubi Qafqazdakı siyasi təhlükəsizlik mühiti ilə bağlı onlara mütəmadi qaydada ətraflı məlumatlar verir. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, 2010-cu ilin 20 may tarixində Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Cənubi Qafqaz ölkələrinin ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə edilib, Ermənistanın Azərbaycanın bütün işğal olunmuş ərazilərini şərtsiz azad etməsi və bu ərazilərdən qovulmuş azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq hüququnun tanınması tələb olunub. Bu qətnamənin qəbulu, həmçinin 2011-ci ilin yanvar ayında Avropa Komissiyasının Prezidenti Xose Manuel Barrosonun Bakıya səfəri zamanı Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü tanıdığını açıq şəkildə bəyan etməsi artıq Avropada Azərbaycanla bağlı gerçəklərin tam şəkildə işıqlandırılmasının və həqiqətin hər zaman saxta təbliğatdan üstün sayılmasının bariz nümunəsidir.

7.07.2011 11:09 / Hits: 655 / Print
 
    Bu bölmədə
     News feed
    26.03.2019
    25.03.2019
    24.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo