Yaradıcılığımla yaxından tanış olanlar deyirlər ki, məni tanımaq olmur

Nuriyyə Hüseynova: “Özümü heç vaxt zəif hiss etməmişəm”


Ümidə Həsənli. “Azadinform”un suallarını Qədim Xalq Çalğı Alətləri Ansamblının solisti Əməkdar artist Nuriyyə Hüseynova cavablandırıb.
- Bu yaxınlarda Filarmoniyada solo konsert proqramı ilə çıxış  etdiniz. Necə keçdi konsertiniz, təəssüratlarınız necədir?
- 3 il öncə bu layihə haqqında düşünürdüm. Bülbül adına orta ixtisas musiqi məktəbinin kollektivi, xüsusən də onun direktoru Teymur Göyçayevə dərin təşəkkürümü bildirirəm. Müəyyən müğənnilərin ifasında Kamera Orkestri ilə milli alətlərin konserti çox olub. Burda məqsəd o idi ki, Azərbaycanın klassik 7 əsas muğamı bir araya gəlmişdi. 7 əsas muğam bir-birindən bəhrələnərək birindən digərinə keçidlər və bu keçidlərin arasında təsniflər, xalq mahnıları, bizim korifey bəstəkarların yazdıqları simfonik əsərlər, milli ruhda yazılan əsərlər də qatılaraq kompozisiya hazırlamışdıq. Mənim üçün tamaşaçı fikri əsasdırsa, musiqiçilərin, nəzəriyyəçilərin fikri daha önəmli idi. Və orda bizim hörmətli musiqişünaslarımızın fikri belə oldu ki, Azərbaycanda çox konsert olub, çox çıxış olub, amma bu səpkidə ilk dəfədir. Bülbül adına orta ixtisas musiqi məktəbinin tələbələri də bunun öhdəsində çox yaxşı gəldilər. Mən oxumaqdan yox, həyəcandan yoruldum o konsertdə. Çünki onlar körpə idi, çaşa bilərdilər, ritmi tuta bilməzdilər. Orda mənim iki, Əlibaba Məmmədov, Arif Babayev, Qəzənfər Abbasov, Firuz Səxavət və Sahib İbrahimovun hərəsinin bir tələbəsi çıxış etdi.
- Bu tələbələrlə səhnəni bölüşməkdə məqsədiniz nə idi?
- 80-ci ildə bizi dövlət Bülbül adına musiqi məktəbinə gətirmişdi və oxutdurdu. Xalq mahnıları, təsniflər oxuyuruq, düzdür, istedad olmalıdır, amma yaxşı musiqiçi olmaq, yüksək səviyyədə, dünya arenasına çıxacaq bir səviyyədə musiqiçi yetişdirmək üçün səslə bərabər, mədəniyyət, həyata baxış, ətraf mühitə münasibət çox böyük şərtdir. Və Bülbül adına musiqi məktəbində məqsəd bu tələbələri məhz bu sivil formada yetişdirməkdir. Mən onları ilk dəfə olaraq səhnəyə çıxardım, onların yaşı çox azdır. Mən hətta orda Arif Babayevə dedim ki, əgər bunların bir qüsuru olsa da, siz  bağışlayın, çünki bunların nəfəsindən hələ ana südünün ətri gəlir. Yəni 3-4-5-6-cı sinfin tələbələri ilə dəsgah muğamlar işləmək, ayrı-ayrı şöbələri izah etmək çətindir. Vətən haqqında mən onlara qəzəllər keçirdim. Dərk edərək oxumaları üçün Vətən məfhumunu, anlamını mən onlara analiz edirdim. Məsələn, orda Xocalıdan Faiq adlı bir uşaq var, mən ona deyirdim ki, Faiq sən bu segahı daha yanıqlı oxumalısan. Çünki sənin anadan olduğun yer talan olub, təsəvvür et ora gedə bilmirsən. Şübhəsiz ki, zamanla, yaşa dolduqca, onlar inkişaf etdikcə hər bir şeyin nə olduğunu anlayacaqlar.
- Bu neçənci solo konsertiniz idi?
- Mənim ilk solo konsertim 2003-cü ildə Opera və Balet Teatrında Ağaverdi Paşayevin rəhbərlik etdiyi Xalq Çalğı Alətləri Orkestri ilə olub. 2006-cı ildə Filarmoniyada yenə Ağaverdi Paşayevin rəhbərlik etdiyi ansamblla Azərbaycanın klassik əsərləri və muğamlardan ibarət iki hissəli konsert olub. 3-cü konsertim isə tamam fərqli oldu. Burda mən özümə çox yer ayırmadım. Mən yalnız muğamlar və müəyyən keçidlərdə oxuyurdum, əsas üstünlüyü uşaqların ifasına vermişdik.
- Azərbaycan Dövlət Qədim Musiqi Alətləri Ansamblının solistisiniz. Adından da göründüyü kimi burda yalnız qədim alətlərdə musiqilər ifa edilir. Burada özünəməxsusluq nədir? Sizin ruhunuzda da qədimliyə bir meyillilik var?
- Mənim ifamla, yaradıcılığımla yaxından tanış olan insanlar deyir ki, məni tanımaq olmur. Mən birdən dönüb bir başqa oluram. Birdən mən türk mahnısı oxuyuram tamam başqa bir ifa, başqa bir səslə, qədim alətlərdə mahnılar ifa edirəm səs dəyişir, olur tamam başqa və ya orkestrlə ifa zamanı yenə səsdə tamam başqa bir avaz olur. Mən qədimlik, köhnəlik, milliliyi sevən bir insanam. Çünki vətənimə, torpağıma bağlı bir insanam. Və ən böyük müasirlik odur ki, insan köhnəliyi bərpa edir və köhnəliyi yeniləşdirir, onu qoruyub saxlaya bilir. Mən həmişə buna çalışmışam. Qədim alətlər ansamblı tamam başqa bir aləmdir. Orda əsrlərdən gələn səslər tamam unudulub yaddan çıxan alətlər -  Şərq alətləri, Azərbaycanda ifa olunan musiqi alətləri vasitəsilə bərpa edilir. Bizim çox hörmətli professorumuz Məcnun Kərimov tərəfindən o alətlər bərpa edilib. Artıq 95-ci ildən bu günə qədər o musiqi alətləri mövcuddur. Bu ansambla 1995-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən dövlət statusu verilib. O gündən bu günə dövlət ansamblı kimi dünyanın bir çox ölkəsində Azərbaycan mədəniyyətini təmsil edib.
- Sizi həm xanəndə, həm də pedaqoq kimi təqdim etdik. Sizcə, ən çox hansı sahədə daha çox uğur qazanmısınız və tanınırsınız?
- Mən deyərdim ki, yaşıdlarım içərisində ən birinci pedaqoji fəaliyyətə başlayan olmuşam. Sənət dostlarımın xətrinə dəyməsin, bir növ xanəndənin müəllimlik etməsini mən dəbə salmışam. Çünki 1992-ci ildə Dövlət Konservatoriyasını bitirən kimi Asəf Zeynallı adına Musiqi Texnikumunda müəllimlik fəaliyyətinə başladım. O vaxt mənim 21-22 yaşım var idi. Hətta müəyyən yaşlı nəslin nümayəndələri olan müəllimlər var idi, deyirdilər ki, uşaqdır, bu nə qanır muğam nədir?! Amma mən çox istəyirdim və deyirdim “bilmirəm, sizdən öyrənəcəm”. Təcrübə əsas şərtdir. İnsan işləyə-işləyə, görə-görə götürür, öyrənir. Məsələn, mən 1995-ci ildə Asəf Zeynallıdan Bülbül adına orta ixtisas musiqi məktəbinə müəllim gəldim, o vaxtı Əlibaba Məmmədov orada işləyirdi və fikirlərini söyləyirdi, imtahanlarda irad tuturdu. Bu mənim üçün çox sağlam bir tənqid idi. Yəni sağlam tənqiddən çox nəticə götürdüm. Mən deyə bilmərəm ki, əsas müəllim kimi məşhuram, yoxsa xanəndə kimi. Bunların ikisi də eyni paralel formada gedir. Mənim müəllimliyim xanəndə kimi səhnədə formalaşmağıma da çox kömək edib. Çünki müəllimlik oxuduğun şeyləri təkrarlamaq, bilgi əldə etmək, yeniləmək, təzələmək, yeni bir şeylər öyrənmək deməkdir.
- Özünüzü bir aktrisa kimi də sınamasınız. Rejissor Rövşən Almuradlının Sabir Rüstəmxanlının ssenarisi əsasında çəkdiyi "Cavad xan" filmində xanın həyat yoldaşı Şükufə xanım rolunda çəkilmisiniz. Bu necə oldu? Yəni peşəkar aktrisa yox, xanəndə çəkildi bu filmə...
- Aktrisa olmaq, rola girmək, dəyişib başqa cür olmaq bir az xarakterimə uymayan bir şeydir. Bunu mənə deyəndə, Rövşən müəllimə dedim ki, ola bilər mənim görüntüm, üz cizgilərim sizi qane etsin, amma oynaya bilməyəcəyəm, bunu bacarmayacağam. O da söylədi ki, elə onlara rola girmək yox, sadəcə özüm olmaq, öz ailəmdə, öz uşaqlarımla, həyat yoldaşımla hansı formada davranıramsa elə rəftar etməyim lazımdır. Əlbəttə, mən həmişə söyləmişəm ki, peşəkar aktrisalar çoxdur, onların görünüşü də, qabiliyyəti də imkan verir istənilən rolun öhdəsindən gəlməyə. Amma “Cavad xan” filminə görünməmiş bir sima, aktrisa kimi tanınmamış bir insan lazım idi. Və bir də onlar üçün maraqlı idi ki, Cavad xanın həyat yoldaşı da həyatda müəyyən əxlaqi keyfiyyətləri, davranışı, mədəniyyəti ilə xalqın nüfuzunu, sevgisini qazanmış bir insan olmalıdır ki, film çəkiləndən sonra irad tutmasınlar Cavad xanın həyat yoldaşı roluna bu insanı niyə çəkmisiniz?! Yəni bu baxımdan da onlar məni dəvət etdilər. Rövşən müəllim və əlbəttə ki, Cavad xan rolunu ifa edən bizim istedadlı aktyorumuz Nurəddin Mehdixanlı sağ olsun.
- Peşəkar aktyorlarla kamera qarşısına çıxmaqdan çəkinmədiniz?
- Əlbəttə, mənim üçün çox çətin idi. Mən böyüyə-kiçiyə, insanların sənətinə, peşəsinə həmişə hörmət edən insanam. Amma özümü heç vaxt zəif hiss etməmişəm, heç vaxt da çəkinməmişəm ki, filankəs burada oturubsa, mən oxumayım, ayıb olar. Mən bu sözün qətiyyən əleyhinəyəm. Hörmət əlaməti olaraq hörmət edirsən, amma özümü zəif hesab etmirəm. Bu baxımdan da onlarla iş birliyim çox rahat oldu.
- O filmdə çoxlu döyüş səhnəsi var, at çapmaq, qılınc oynatmaq. Nə qədər məşq etdiniz? Bunların öhdəsindən necə gəlirdiniz?
- Həyatda nəyi bilmirsənsə ondan qorxursan. Mən həmişə at çapmaqdan qorxurdum, hətta atın yanından keçəndə belə, o ki qaldı onu çapmaq. Amma bu filmdə elə bir məqam gəldi ki, mən öyrəndim. Atı mən elə çapırdım ki, hətta məşqçi heyran qalırdı ki, bu həmin qızdır atın yanından keçəndə qorxurdu. Film zamanı məşqlərdə öyrəndim at çapmağı. Elə öyrənmişdim ki, hətta hər gün həyat yoldaşıma deyirdim ki, gedək Gənclikdə Cıdırda at çapaq. Bu həm xeyirdir, həm də idmandır. Bu baxımdan artıq vərdiş halını almışdıq. Bir də qılınc oynatmaq deyəndə ki, hər bir işin öz texnoloji bir yolu var. O yolu biləndə insan üçün hər şey sadə və aydın olur.
- Musiqiçi kimi o filmdə sizdən istifadə edildi?
- Əvvəl belə bir fikir oldu ki, olunsun, amma sonra fikir dəyişdi.
- Sonra sizə başqa filmlərə çəkilmək üçün dəvət oldumu?
- Yox, dəvət almadım. Amma alsam, əlbəttə, qəbul edərəm. Ancaq bu şərtlə ki, oradakı obraz, xarakter mənim təbiətimə, həyat davranışıma uyğun olsun.
- Sizin Kərkük mahnılarından ibarət bir musiqi albomunuz var. Niyə məhz Kərkük mahnılarını bir araya yığdınız?
- Bir neçə il bundan əvvəl Kiprdə bir tədbirdə olduq. Və orada bir neçə musiqi ifa etdik. Bizim çox hörmətli, vətənpərvər mövzuda yazılan mahnıların ifaçısı Şəmistan Əlizamanlı ilə orada Kərkük mahnısı ifa etdik. Sonra o mənə məsləhət bildi ki, səsimə bu mahnılar düşür və oxusam çox yaxşı olar. Mən özümü sınadım və onunla bir neçə Kərkük mahnısını duet yazdırdıq. Bu gün o mahnılar çox sevilir. Mən Şəmistan müəllimə təşəkkür edirəm, o bu mahnıları mənə sevdirdi.
- Milli mahnılarımız və muğamlarımızın ifaçısısınız. Başqa janrlarda olan musiqiləri dinləyirsinizmi? Kimlərə qulaq asırsınız?
- Muğam ifaçısı olduğum üçün çoxları elə bilir mən bütün günü muğam dinləyirəm. Mən muğamı öz saatı, öz vaxtında dinləyirəm. Və bir də kimisə təkrar etməməyim üçün yeni nəfəslər, yeni zəngulələr axtarışında olanda dinləyirəm. Estrada, caz, pop fərqi yoxdur, dünya səviyyəsində sevilən nəhəng klassik musiqiçilər var, mən onların hamısını dinləyirəm. Məsələn, mən Azərbaycanda Azər Zeynalovun ifasını çox sevirəm, onu dinləyirəm, Alim Qasımova qulaq asıram, demirəm hər saat, amma qulaq asıram. Məsələn, Şövkət xanımın ifasını çox sevirəm, insanın ruhunu dincəldir o ifa. Müasir estrada müğənnilərini dinləyirəm desəm, yalan olar. Amma xaricilərdən Selin Dionu çox sevirəm. Mən muğamı nə dərəcədə sevirəm, nə dərəcədə mən məst edir, valeh edir, o qadının ifası məni bir o qədər çəkir alır öz ağuşuna. Yəni burada təbii səsdir. İfa baxımından yüksək, nəhəng professionallıq var.
- Yeni səfərlər, yeni konsert, yeni albom hazırlamaq planlarınız var?
- 4-cü albomu hazırlayırıq. Artıq bir neçə mahnı yazılıb, hazırdır, bir neçə mahnı da yazılmaq üzrədir. Onlar hazır  olandan sonra yeni albom olacaq. Amma səfərlərdir, müəyyən böyük işlərdir onlar bir andır, bir məqamdır gəlir və düşünürsən ki, mən bunu etməliyəm. Yəni bu işlərə imza atmağım üçün səbəb olmalıdır, səbəb olanda nəticə də olur.

4.07.2011 13:25 / Hits: 745 / Print
 
    Bu bölmədə
     News feed
    25.05.2019
    24.05.2019
    23.05.2019
    20.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo