Korrupsiyaya qarşı mübarizə kampaniya xarakterli deyil

Qərib Məmmədov: “Vətəndaşlarla birbaşa əlaqəni yaxşılaşdırmaq üçün tədbirlər görürük”

 

Atif EYVAZOV. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov “Azadinform”un suallarını cavablandırıb.

- Qərib müəllim, son müddətdə korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilib. Bu problemə qarşı mübarizə bilavasitə dövlət başçısının nəzarəti ilə həyata keçirilir. Bununla bağlı sizin rəhbərlik etdiyiniz komitə hansı işləri görür?

- Bizim komitə bu problemlə bağlı həmişə müvafiq tədbirlər görüb. Bəzi müxalifət qüvvələri və digər tərəflər belə fikir formalaşdırırlar ki, guya bu iş Azərbaycanda ərəb ölkələrində baş verən hadisələrdən sonra başlandı. Belə fikirlər kökündən yalandır. Hələ 1994-cü ildə ulu öndər Heydər Əliyev neqativ hallara qarşı mübarizə aparmaq məqsədilə müvafiq sərəncam imzalamışdı. Ulu öndər 1995-2000-ci illərdə torpaqlardan düzgün və səmərəli istifadə etmək haqqında fərman imzalamışdı. Həmin fərman çərçivəsində komitəyə tapşırıqlar verilmiş və biz də göstərilən işlərlə məşğul olmuşuq. Yəni torpaqlardan səmərəli istifadədə neqativ hallara yol verməmək, torpaqları zərərli kimyəvi maddələrlə çirkləndirməmək, torpaqları özbaşına zəbt etməmək, torpaqların kateqoriyasını dəyişməmək kimi qadağalar qoyulmuşdu. Komitə də bu çərçivədə üzərinə düşən işləri həmişə həyata keçirib. Digər tərəfdən, hələ 2004-2006-cı illərdə cənab Prezident İlham Əliyev korrupsiyaya qarşı dövlət proqramını təsdiq edib. 2007-11-ci illərdə yenə cənab prezident tərəfindən şəffaflığın artırılması ilə bağlı dövlət proqramı təsdiq edilib. Ondan irəli gələn vəzifələrlə bağlı komitə müvafiq işlər görür.

- İndiyə qədər konkret hansı tədbirlər görülüb?

- Məsələn, buna uyğun olaraq komitənin özündə  korrupsiyaya qarşı komissiya yaradılıb. Şəffaflığı artırmaq üçün bir çox tədbir həyata keçirilib. Komitədə “qaynar-xətt” açılıb. Vətəndaşlarla birbaşa əlaqəni yaxşılaşdırmaq üçün tədbirlər görürük. Hər rüb, yaxud altı ayda bir dəfə həm Prezident Administrasiyası, həm də müvafiq qurumlara lazımi məlumatlar veririk. Yəni bu işlərlə komitə həmişə məşğul olub.

- Bir sıra nazirlik və dövlət qurumlarında sözügedən problemlə bağlı bir çox şəxs işdən azad edilib. Komitədə də işdən kənarlaşdırma, yaxud digər tədbirlər görülübmü?

- Korrupsiyaya qarşı mübarizə kampaniya xarakterli deyil, bu, daimi aparılan tədbirdir. Bizim komitə korrupsiyaya qarşı mübarizə aparan qurum deyil. Bununla əlaqədar Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsi var. Bu ayrı məsələdir ki, cənab prezident tərəfindən müxtəlif illərdə qəbul edilmiş  fərman və qərarlar şəffaflığı artırmağa xidmət edir. Yəni dövlət məmurlarından tələb edilir ki, şəffaflıq artırılsın ki, deyilən neqativ hallara da aparıb çıxarmasın. Məsələ bundan ibarətdir.

- Qərib müəllim, torpaqlardan birgə istifadə ilə bağlı müvafiq mexanizmlər hazırlanır. Yeni mexanizmlər  nədən ibarətdir və bu, vətəndaşlara nə vəd edir?

- Bəzən bu mexanizmlərlə bağlı həqiqətə uyğun olmayan fikirlər yayılır. Bu nədir və nədən söhbət gedir. Tutaq ki, birinin 20 sot, birinin 2 hektar və birinin də 50 hektar torpağı var. İndi sual olunur, 20 sot torpağa kombayn, yaxud hansısa müasir texnika salmaq olar? Oradan yüksək məhsul almaq olar? Xeyr. Məqsəd odur ki, yüksək məhsul alaq. Bundan ötəri birləşmək lazımdır. Xatırladım ki, bu, “kolxoz-sovxoz” deyil. Bu birləşmədə hər kəs öz torpağına görə payını alacaq. Birləşmək lazımdır. Buna xaricdə “konsolidasiya”, yəni “təmərküzləşmə” deyirlər. Yəni böyük təsərrüfatlar əmələ gəlir və böyük təsərrüfatlarda da gübrə, növbəli əkin sistemi, meliorasiya, irriqasiya sistemi tətbiq etməklə 50-60 sentner məhsul almaq olur. Söhbət bundan gedir.

- Bəs bu təsərrüfatın rəhbəri kim olacaq?

- Rəhbər elə həmin təsərrüfatdakı insanların biri olacaq. Kolxoz-sovxoz deyil, fermer təsərrüfat kimi. Payı bəlli təsərrüfat. Yəni burada hər kəs öz pay bölgüsünü aydın biləcək. Dövlət heç kəsin torpağını, mülkiyyətini əlindən almır, heç almaq fikri də yoxdur. Bu, dövlətə lazım deyil. Dövlətə yüksək məhsul lazımdır. Fikir verin, rayonlarda bir yerdə 5 hektar, digər yerdə 10 hektar və yaxud başqa yerlər əkilməyib. Niyə? Biri qocadır, biri xəstədir, digərinin imkanı yoxdur. Müxtəlif səbəblərə görə torpaqlar əkilmir. Amma bu mexanizm saat kimi işləyəcək. Alınan məhsul da hər kəsin sahəsinə görə bərabər bölünəcək.

- Rayonlarda elə yerlər də var ki, həmin ərazilər otlaq üçün nəzərdə tutulub. Ancaq həmin sahələri əkmək mümkündür və əkilən yerlər də var. Belə ərazilərin də əkilməsi nəzərdə tutulubmu?

- Cənab prezident tərəfindən bununla bağlı bizə müvafiq tapşırıqlar olmuşdu. Biz də lazımi materialları hazırladıq. Biz əkinlə bağlı 200 min hektar əlavə sahə ayırmışıq. Ancaq bu o demək deyil ki, həmin 200 min hektar sabah əkiləcək. Bu iş mərhələ-mərhələ həyata keçiriləcək. Bu ərazilər Azərbaycanın bütün rayonlarındakı  yay-qış otlaqlarından, dövlət ehtiyat fondundandır. Yenə deyirəm, bu, kolxoz-sovxoz olmayacaq. Bəziləri buna görə vətəndaşları çaşdırmasınlar. Məqsəd yüksək məhsul almaqdır. Bəziləri əkmir, biçmir, hökumətdən, prezidentdən də çörək istəyir. Çörək torpaqdan çıxır axı. Bu torpağı da gərək əkəsən ki, çörək də qazana biləsən.

- Hazırda bu mexanizm hansı mərhələdədir?

- Bizim tərəfimizdən sahələr hazırlanıb. Torpaqlardan analizlər də götürülüb. Bununla bağlı Meliorasiya və Su Təsərrüfatı ASC-yə tapşırıq verilib. İndi onlar həmin hazırlanan layihələrə baxacaqlar. Onlar hara əlini qoysa, orada da işə başlayacağıq.

15.04.2011 16:34 / Hits: 1003 / Print
 
    Bu bölmədə
     News feed
    13.12.2018
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo