Bu oyunlar mənim xoşuma gəlmir

Çingiz Abdullayev: “Hər şeyi biləndən sonra münsiflər heyətindən 10 nəfər imtina edəcək”

 

Günel Əbilova/AZADİNFORM. Milli Kitab Mükafatının qalibi ilə bağlı yaranan qalmaqala dair “Azadinform”un suallarını Yazıçılar İttifaqının katibi, münsiflərdən biri Çingiz Abdullayev cavablandırıb.


- MKM-də nə baş verir? Niyə münsiflər heyətindən çıxdınız?

- Mən inanmıram ki, münsiflər bizim tanınmış yazıçılara bir bal, iki bal versinlər, digərlərinə isə 10 bal. Münsiflər bunu qəsdən ediblər və mən bununla razı deyiləm. Mən Pərvizin əleyhinə deyiləm, hesablamanın əleyhinəyəm.

- Siz Pərvizə neçə bal verdiniz?

- Mən heç kimə aşağı bal vermədim. Bunu çap edəcəklər. Mən bütü iştirakçılara 5 və 10 bal arası səs vermişəm. Kiməsə əgər 1 bal versək, gərək digər münsiflər ona 10 bal versin ki, o, birinci olsun. Onlar qəsdən ediblər. Dörd münsif  bir-birilə razılaşıb, hər hansı əsərə bir bal verib. Mən münsiflər heyətindən imtina etdim və heç vaxt iştirak etməyəcəyəm.

- Onluqda olan 10 əsəri də oxumusunuz? Sizcə “Yad dildə” birinciliyə layiq idi?

- Mən Məqsəd Nuru daha çox bəyəndim, nəinki Pərvizi və ona Pərvizdən də çox bal verdim. Hesab edirəm ki, Paşa Qəlbinur, Natiq Rəsulzadə, Azər Abdullanın əsərləri Pərvizin əsərindən yaxşı idi. Natiq Rəsulzadə və Paşa Qəlbinur - finala qədər ən çox müzakirə olunan bu iki şəxs idi və hamı deyirdi ki, onlar  münsiflərə özünü tapşırıb. Həmçinin Natiq Rəsulzadənin rusdilli əsərinin MKM-də finala yüksəlməsini çoxları qəbul etmirdi.

- Sizin münasibətiniz necədir?

- Natiqi qəsdən çox müzakirə etdilər və rus dilində yazıb, ona səs verməyin obrazı yaratdılar. Yəqin xəbəriniz var, Pərviz həm də mkm.az saytında internet səsverməsinin də qalibi olub. Birinci mən də baxmışdım Natiq qabaqda idi. Sonra necə oldusa bir gün içində Pərviz birinci oldu. Bu oyunlar mənim xoşuma gəlmir. Düşünürəm ki, əgər milli mükafat veririksə, biz bunu ciddi şəkildə müzakirə etməliyik. Təbii ki, münsiflərin ixtiyarı var ki, kimə istəyir səs versinlər, amma mən daha olmayacağam.

- MKM-də münsiflər heyətində 17 nəfər var. Sizcə, bu rəqəm çoxdur?

- İndi başa düşürəm ki, bu, qurulmuş bir şeydir. 17 nəfər olanda təbii ki, qruplaşma olur və mən heç inanmıram ki, 17 nəfər də bu əsərləri oxuyub. İstəsəm də, istəməsəm də, mən AYB-nin katibi olduğum üçün o əsərləri oxuyuram. Bəzi münsiflər heç o əsərlərin adlarını da eşitməyib və ona zəng vurub deyirlər ki, buna bu qədər bal ver. Mən Nigar Köçərliyə də artıq etirazımı bildirdim. Orda digər münsiflər hər şeyi bilmir, hər şeyi biləndən sonra münsiflər heyətindən 10 nəfər imtina edəcək. Biz istəmirik hər şeyi danışaq. Abırlı adam öz abrını saxlayır. Əgər onlar nə baş verdiyini bilsələr, Rafiq Əliyev, Vaqif Səmədoğlu, Rüstəm İbrahimbəyov, Cəmil Həsənli də mütləq etiraz edib imtina edəcək

- Çingiz müəllim, biz bu barədə Rafiq Əliyevlə danışmışıq. O Pərvizin birinciliyə layiq olduğunu və özünün də ən çox səsi ona verdiyini bildirib. O, heç nəyə etiraz etmir.

- Olanları bilmir. Sizə söz verirəm ki, bu gün onunla danışacağam, bəzi şeyləri ona açıqlayacağam. Sabah artıq o bu sözü deməyəcək.

- Nəyi bilmirlər? Onlar əsərləri oxuyub səs veriblər.

- İnanın ki, bunun əsərlə bağlılığı yoxdur. Tələb edirəm ki, hər şeyi açıq şəkildə desinlər, söz azadlığı olsun. Amma görəndə ki belə oyun gedir...

- Oyunda kimin əli var?

- Bilirəm kimdir o. Amma indi mən bunu desəm... Adam utanır, mən öz abrımı saxlayıram. Əgər onlar hesab edirlərsə o əsər birinciliyə layiqdir, qoy səslərini versinlər. Bir şeyi qeyd edim, qalib Pərviz nə Yazıçılar İttifaqını, nə yazıçıları bəyənir. Əgər Pərviz bugünkü yazıçıları, ədəbiyyatı bəyənmirsə, niyə yarışmada iştirak edib və özünü  yazıçı kimi təqdim edib? Bu və bir çox səbəbdən mən imtina etdim.

6.06.2011 13:28 / Hits: 794 / Print
 
    Bu bölmədə
     News feed
    26.03.2019
    25.03.2019
    24.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo