Yeni bir Miriş ortaya çıxsa, onu yaradaram(Fotosessiya)

Arif Quliyev: “Tamaşaçının qarşısına elə çıxmaq lazımdır ki, sənin gülüşünü mənalı, dərin qəbul edə bilsin”

 

Adəm Abbaslı. Xalq artisti Arif Quliyev “Azadinfom”un suallarını cavablandırıb.

- Arif müəllim, gülmək çətinləşib, güldürmək?


- Əlbəttə, bugünkü zəmanə elə bir vaxtdir ki, insanlar yeni gülüş, yeni gülüş tərzi, yeni ifaçılıq tələb edir. Gülmək mənə elə gəlir ki, çətinləşib, ona görə ki, yeni yazılar, yeni dramaturji komediyalar çox azdır. Əvvələr var idi. Bizim yazıçılarımız çox idi bu sahədə. İndi qıtlıq əmələ gəlib və təsəvvür edin ki, qəbul etdiyin yeməyi yeyirsən, sənə nuş olur, cana yatır, sənin daxili bədən orqanlarının və özünün inkişafını təmin edir. Söz, yumor azalanda isə insan bir balaca qəmginləşir. Bax, biz bu aclığı hiss etdiyimiz üçün gülmək çətinləşib.


- Bəzən incəsənət işçiləri haqqında, elə sizin haqqınızda da “çoxdandır görsənmir” deyə fikirlər olur. Doğrudanmı görsənmirsiniz, yoxsa sizi görmürlər?


- Bilirsinizmi, bizim dövrümüzdə bir TV kanal var idi. Yəni bizə uyğun, ümumiyyətlə, aktyorlar üçün spesifik verilişlər var idi ki, o verilişlərdə Arif də, başqa aktyorlar da mütəmadi olaraq görünürdü. İndi deyirlər ki, siz görsənmirsiniz?! Mən öz işimdəyəm, teatrdayam. 40 ildir mən səhnədəyəm. Əgər görmək istəyən varsa, həqiqətən də arayıb-axtarıb gəlir Musiqili Komediya Teatrına və orda məni, eyni zamanda başqa aktyorları görür. Yəni görünmürsünüz sözü bəzən bizə deyilməməlidir. Niyə? Biz teatr aktyoruyuq, öz işimizdə, sənətimizdə işləyirik. Televiziyada isə spesifik proqramlar hazırlananda bizi dəvət edirlər, biz də onda görsənirik. Amma kanallar çox olduğuna görə görünməyimiz azalır. Məsələn, birində göstərirlər, o birilərində göstərmirlər. Yəni hamı bir kanala baxmır axı, görsünlər ki, Arif görsənir, ya yox!? Biz diktor deyilik ki, hər gün televizorda çıxış edək və bizi görsünlər. Ona görə də görünmürsünüz söhbəti mənə elə gəlir ki, düzgün deyil. Az-az görünməyin özü bir şirinlikdir. Çox görünsəm, gözü yoraram. Əlbəttə ki, bu bir zarafatdır. Əslində, mən görsənirəm. Telekanallara da çıxıram, amma ola bilsin ki, elə verilişlərə çıxırıq ki, o verilişlərə heç baxmırlar.


- Onda belə bir sual yaranır məndə. Sizi görmək istəyənlər görünməməyinizdən şikayətlənirlər, amma teatra gəlmirlər. İnsanlar teatrdan niyə uzaq düşüb?


- Mənə elə gəlmir ki, uzaq düşüblər. Son zamanlar bizim teatrımızda gedən tamaşalar – “Amerikalı kürəkən”, “Xanuma”, “Ər-arvad”, “Evlənmə” və b. tamaşalarda mən tamaşaçıları görürəm. Musiqili Komediya Teatrının tamaşalarında zal dolu olur. Baxmayaraq ki, bizim teatr təmirdədir və biz Gəmiçilik İdarəsinin klubunda fəaliyyət göstəririk, 400 nəfərlik zal yenə də dolu olur. Yəni istəyən gəlir. Bilirsinizmi, dövr, zaman elə bir məqama çatıb ki, internetin geniş yayılaması, müxtəlif istiqamətli dünya telekanallarına girişin açıq olması, yəni bütün bunlar incəsənətdə canlı ünsiyyət vasitələri olan teatrları üstələyib. Amma əsər yaxşı olanda, tamaşaçını maraqlandıran problemlər və onların zövqünü oxşayan əsərlər olanda, tamaşaçının teatra münasibəti, məhəbbəti, sevgisi çoxalır.


- Arif müəllim, deyirsiniz tamaşalara gəlirlər. Amma bir şeyi səmimi etiraf edin, o tamaşaçıların neçə faizi dəvət olunur, neçə faizi öz cibindən pul verib bilet alır?


- Onu bilmirəm. Mən səhnədə çıxış edən aktyoram, onu administrasiya bilər. Əlbəttə ki, dəvət olunanlar olur. Amma tamaşa 10 dəfə oynanılandan sonra tamaşaya heç kimi dəvət etmirlər. Hamı özü gəlir. Yəni səs-soraq salır və tamaşaçılar onun ardınca gəlirlər. Birinci, ikinci, üçüncü ppremyeralara dəvət ola bilər, amma daha bütün zalı bağışlaya bilməzsən ki. Bir sözlə, 400 nəfərlik yerin 50-si dəvətnamə ilə gəlir. Qalan tamaşaçılar öz axınıyla, öz ürək istəkləriylə, öz sevincləriylə bu tamaşalarda görünürlər və alqışlarıyla bizi sevindirirlər.


- Sovet dövründə sizin ekranlarda çıxışınız səbirsizliklə gözlənilirdi. Mənə elə gəlir ki, bu gün heç də belə deyil. Sanki hər şeydə müasirlik axtaran tamaşaçı güldürənin də müasirini axtarır. Bu məqamda özünüzü günahkar saymırsınız?


- Yox, mən özümü günahkar saymıram. Müasirlik deyəndə ki, bu günün özündə də Cəlil Məmmədquluzadə müasirdir. Amma əgər rejissor tamaşaya qoymursa, deməli, təqsir ona o şəraiti yaratmayandadır. Heraklit deyib ki, hər şey dəyişir, hər şey inkişaf edir. Bu inkişafda, dəyişiklikdə, bu məqamların görünmə perspektivində yaradıcılığa da, yumora da yeni baxış meydana gəlir. Bu yeni baxış əlamətlərinin xüsusi simptomları, xüsusi izləri ondan ibarətdir ki, şərait yaradılsın. Əvvəllər “Komediyalar aləminə səyahət”, “Səhər görüşləri”, “Yumoristik novellalar” verilişləri var idi. Mən də öz imkanımdan istifadə edib orda çıxışlar edirdim. Bu gün isə o verilişlər olmadığına görə imkanımı göstərə bilmirəm. Həm də bu gün o verilişlərin hamısı sponsorludur. Hətta hava haqqında proqnozu da sponsorla verirlərsə, deməli, efirə çıxmaq çətinləşib. Gəlin belə danışaq, bir nəfər çıxsın desin ki, bax, bu televiziyada mən bu vaxtı alıram, doldurmaq lazımdır. O mənə 40 dəqiqənimi, 1 saatımı ayda bir dəfə versin, mən “Dünyanın təbəssümü” adlı bir veriliş açım və orda gözəl, yeni, bu günün nəfəsinə, izinə, sözünə, ahənginə, baxışına, gedişinə, duyumuna uyğun yumorları incə-incə xırdalayım və tamaşaçılar da görsünlər. Yəni o şərait indi yoxdur, o bağlayıcı amil yoxdur. İşləmək həvəsi, işləmək əzmi isə var. Yalnız şərait yoxdur. Hətta o boyda tamaşalara az qalırlar sponsor tapsınlar. Yeni yumoru da, televiziyaya çıxmağın özünü də sponsor həll edir. Bu şərait yaradılsın, açacağım verilişin məhsulu isə mənlikdir.

- Arif müəllim, bir replikaya, bir obraza, bir lətifəyə, yəni eyni yumora bir adam nə qədər gülə bilər? Ümumiyyətlə, belə bir limit varmı?


- Çox gülə bilər. Bir yumora yüz dəfə də gülə bilər. Əgər aktyor onu hər dəfə eyni cür demirsə. Onu dəyişdirirsənsə, onun üstünə yaradıcılıq qoyursansa, iş qabiliyyətini, münasibətini, ürəyini qoyursansa, dəfələrlə ona qulaq asılar və tamaşaçı hər dəfə onu yeni kimi qəbul edər. Məsələn, mən bir yumoru danışanda gələn dəfə unuduram ki, bu yerində başqa cür demişəm. Bu da ondan irəli gəlir ki, məndə əzbərçilik yoxdur. Bir yumoru 50 dəfə danışsam da, hər dəfə başqa tərzdə deyirəm. Və yaxud da teatrda obrazı mən əzbərləmirəm, daha doğrusu, əzbərləyə bilmirəm. Mənimsəyirəm, özümünkü eləyirəm və öz beyin süzgəcimdən keçirib sonra tamaşaçılara çatdırıram. Bəzən məni danlayırlar ki, replikanı düz vermədin, əvvəlində bu cümlə olmalı idi, demədin. O söz ki, təsirsizdir, dəyərsizdir, o sözü mən ötürüb başqa söz deyirəm.
- Arif müəllim, istəyirəm mən də bir yumoristik sual verim sizə. Belə bir söz var “filankəs gülməkdən öldü”. Təsəvvür edin ki, məcazi mənada deyilən bu fikir siz səhnədə hansısa bir yumoru təqdim edəndə reallaşır və zalda kimsə həqiqətən də gülməkdən ölür. Bu zaman neyləyərsiniz?
- Həqiqətən çox maraqlı sualdır. Olub belə hadisələr. Əgər mən səhnədə olanda belə bir hadisə baş verərsə, o zaman mən öz gülüşümün gücünə gülərəm. Gülərəm ki, əgər mən güldürdümsə, zalda kimsə gülməkdən, qəh-qəhədən öldüsə, mən öz gülüşümün gücünə, təsirinə gülə bilərəm ki, pah atonan, gör ey, güldürdüm öldü.


- Sizin mən deyərdim ki, “Bəyin oğurlanması” filmindəki kiçik, amma yaddaşlara həkk olunan, hətta replikaların bəzəyinə çevrilən Miriş obrazı daha çox yadda qalıb. Bəs bu gün necə, Arif müəllim yeni yaradıcılıq axtarışları üçün Mirişlik edirmi, yəni ora-bura qaçırmı nəsə tapmaq üçün?


 - Təbii, mən axtarışdayam. Yaradıcı adam dayanarsa, işləməyən qıfıl kimi paslanar. Bu gün mən teatrda fəaliyyət göstərirəm, İncəsənət Univerisitetində dərs deyirəm, öz satira teatrım var. Yəni mən hər yerdə istəyirəm ki, daim fəaliyyətdə, hərəkətdə, nəzərdə olum. Bu mənim sənətimin tələbidir. Bizim sənətdə dayanmaq qeyri-mümkündür, çünki alışırsan və o alışdığının istisinə də qızınırsan. Qızınırsansa, deməli, ondan zövq alırsan. O zövqün yaradıcısı kimi onun aludəçisinə çevrilirsən. Bu baxımdan mən deyərdim ki, axtarışdayam. Yəni yeni kino olsa, çəkilərəm. Bu mənim arzumdur. Teatrımızda yeni əsərlər də var. O tamaşalarda oynayıram, çıxış edirəm. Amma yeni filmlərlə bağlı yaradıcılıq istiqaməti olsa, yeni bir kino obrazı, yeni bir Miriş ortaya çıxsa, mən onu yaradaram. Amma yoxdur...

- Obrazlarınız arasında elə biri varmı ki, əsas xətt kimi saxlayırsınız və o sizinlə qəlbən, ruhən hər an yol yoldaşlığı edir. Konkret olaraq zövq aldığınız bir obrazınız varmı?


- Elə bir rol, elə bir obraz yoxdur ki, mən onu seçim, ayırım. Çünki hər bir obrazı mən yaratmışam, onun vasitəsilə insanların ürəyinə daxil olmuşam. Axı bir obrazla bu qədər məhəbbət qazanmaq və onun sahibinə çevrilmək olmaz. Hər bir obraz öz məhəbbətini gətirib. İstər “Qayınana”da Əli, Qoqolun “Evlənmə”sində Jevakin, “Ər-arvad”da nökər, “Məşədi İbad”da hambal, “Amerikalı kürəkən”də həkim, istərsə də Miriş olsun, bunlar hərəsi hissə-hissə, dama-dama məni insanlara yaxınlaşdırıb, onların sevgi həyatına qovuşdurub. Yəni aktyorun ən böyük qazandığı şey tamaşaçı məhəbbəti, tamaşaçı alqışıdır. Mən bu gün xoşbəxtəm ona görə ki, insanlar məni sevir. Deməli, mən ən dövlətli insanam. Obrazlarımı da ona görə biri-birindən ayırmıram. O obrazlar mənə böyük bir xalqın məhəbbətini qazandırıb.


- Belə başa düşdüm ki, peşmançılıq çəkdiyiniz rolunuz və ya replikanız olmayıb.


- Xeyr, yoxdur. O vaxt peşmançılıq ola bilərdi ki, sənə verilən obrazı dəqiq, mənalı, yerli-yerində ifa edə bilməyəsən. Peşman olarsan o vaxt ki, böyük bir obrazı oynayasan və onu tamaşaçıya çatdıra bilməyəsən. Mən mahiyyətini çatdıra bilməyəcəyim obrazı heç vaxt götürmərəm. Məsələn, bu yaxınlarda Əziz Nesinin “Şəhərdə manyak var” tamaşasını teatrımızda səhnələşdirmək üçün götürdülər və orda qaz ustası rolunu mənə verdilər. Gördüm ki, mən onu çəkə bilməyəcəm, o rolu qoydum qırağa və oynamadım. Yəni aktyor özü hiss etməlidir ki, nədən yapışır, necə yapışır və onun gücü o obraza çatırmı!?


- Yəni yüz ölçüb, bir biçirsiniz.


- Bəli. Qoy bir kəlmə osun, amma ürəyincə olsun. Tam ürəyimcə olmadıqda heç böyük rol da mənə lazım deyil. Özünü təqdim edə biləcəyin qədər bacarığından istifadə etməlisən. Mən həmişə çalışmışam ki, verilən obrazlara öz xüsusi münasibətim, öz xüsusi yaradıcılıq ampulam olsun ki, dəyərli ifaçılıq qabiliyyətimlə onu qaldıra bilim.


- Gülən, güldürən Arif Quliyev haçansa sənətindən bezib ağlayıbmı?


- Sənətimdən bezib heç vaxt ağlamamışam və ağlamaram da. Əgər bu sənəti özüm seçmişəmsə, heç vaxt bezmərəm bu sənətdən. Əslində, seçməmişəm, bunu özümdə hiss eləmişəm. Deyir özü yıxılan ağlamaz. Bu sahəyə gəlmişəm, bu sahənin fədaisiyəm və mən özümü şəxsən sənətimin fəhləsi sayıram.


- Müasir yumor aktyorlarının zövqü ilə sizin yumor zövqünüz necə, ortaq məxrəcə gəlirmi?


- Niyə gəlmir, gəlir. Bu gün məni onların ifaçılıq tərzi tam təmin etməsə, deyərəm ki, təmin eləmir. Mən hiss eləyirəm ki, onların gülüşü bizim gülüşümüzün davamıdır. Davamıdır, yəni inkişaf etmiş formada. İndiki yumor ustalarının hamısını mən qəbul edirəm. Elməddin, Fərda, Müşfiq, Coşğun və Rəfael, KVN teatrının üzvləri. Bunlar yumorun bütün sahələrini əhatə edirlər. Teatrlarda da istedadlı aktyorlar var. Bizə qədər də, bizdən sonra da səhnələrdə yumor təqdimatı gözəl inkişaf edəcək. Və səhnəmiz heç zaman gülüşsüz qalmayacaq. Gələn gənc nəsil bizi ləyaqətlə, lazımi qədər əvəz edəcək. Bir şeyi unutmaq olmaz. Tamaşaçının qarşısına elə çıxmaq lazımdır ki, o sənin ifa etdiyini başa düşsün, qavrasın və öz baxış süzgəcindən keçirib sənin gülüşünü mənalı, dərin qəbul edə bilsin.

1.06.2011 13:16 / Hits: 823 / Print
 
Bu bölmədə
 News feed
25.05.2019
24.05.2019
23.05.2019
20.05.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo