Moskva Qafqazda heç nəyi həll etmək istəmir

Vəfa Quluzadə: “Azərbaycan müsbət addım görmədikcə ordusunu getdikcə gücləndirəcək”

Mübariz Aslanov. Politoloq Vəfa Quluzadə regionda baş verən son hadisələrlə bağlı “Azadinform”un suallarını cavablandırıb.

 

- Vəfa müəllim, Azərbaycan hərbi təşkilatlara alternativ olan “Qoşulmamaq hərəkatı”nın İndoneziyada keçirilən 6-cı konfransında bura tamhüquqlu üzv olacaq. Artıq siyasi dairələrdə bu addımı Azərbaycanın NATO-dan uzaqlaşması kimi xarakterizə edirlər...


- Şəxsən mən bu gün düzgün hərbi əməkdaşlıq baxımından Azərbaycanın NATO-dan başqa yolunu görmürəm. Ola bilsin ki, indi bu qərarla Bakı siyasi manevr eləyir, NATO-ya, xüsusilə də ABŞ-a təsir göstərmək istəyir ki, “bizim başqa yolumuz da var”. Amma həqiqətdə mən başqa yol görmürəm. Ona görə ki, bu “Qoşulmamaq hərəkat”ı elə manevrlər sayəsində ortaya çıxıb. Çünki elə vaxtilə Varşava Paktı (SSRİ və ona tərəfdar ölkələr) ilə NATO (ABŞ və Qərbi Avropa) arasında da bunların heç birinə qoşulmayan ölkələr bu hərəkat adı altında “başlarını girləyirdi”lər. İndi artıq Varşava Paktı yoxdur, Rusiyanın da təşkil etdiyi hansısa alternativ təşkilat da boş şeydir, elə Moskvanın özü deməkdir. Deməli, bu gün Azərbaycan nə ilə nəyin arasında qala bilər? Heç seçim etmək üçün bir şey yoxdur. Bu gün üçün sizə maraqlandığım dəqiq faktı açıqlayıram ki, Azərbaycan NATO ilə bütün əlaqələrini saxlayır və inkişaf etdirir. O cümlədən hamıya aydın Sülh Naminə Tərəfdaşlıqda iştirak eləyir, qoşunlarını Əfqanıstanda saxlayır və eyni zamanda da fəaliyyəti olmayan bir hərəkata qoşulur. Yəni göründüyü kimi, bu, Azərbaycana heç bir maneçilik törətmir, yalnız üzvlük naminə Azərbaycan bu hərəkatda iştirak eləyir. Amma Bakı özünün digər təşkilatlarda heç bir öhdəliyindən imtina etmir.


- Belə bir fikir var ki, indiki şəraitdə Azərbaycanın bu manevri Rusiya ilə İranı qıcıqlandırmamaq üçün edilir...


- Heç ağlım kəsmir. Çünki bu gün Rusiya və İran o qədər ağlını itirməyib ki, Azərbaycan bu qədər asan addım atsın və onlar da buna inansın. Tehran və Moskva indi Bakının həddindən çox sirrini bilir. Mən bunu tam məsuliyyəti ilə deyirəm. Bu gün Rusiya çox gözəl bilir ki, Azərbaycanın Avropa İttifaqı ilə hansı əməkdaşlığı var və niyyəti nədən ibarətdir. O cümlədən Moskva Bakının ABŞ-la olan əlaqələrini də yaxından izləyir, çünki Rusiyanın bu gün Qafqazda yeganə işi bundan ibarətdir. Rusiya bu gün Qafqazdakı hadisələrə öz daxilindəki hadisələrdən çox “burnunu soxub”. Ona görə də Azərbaycanın bu manevrində Rusiya və İranı aldatmaq istəməsi kimi fikirlər həqiqətə uyğun deyil. Bakı heç vaxt belə şeylərə bel bağlamaz, çünki bu, mümkün deyil.


- Gələn ay Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü planlaşdırılır. İndiyə qədər belə görüşlər çox olub, amma nəticə verməyib. Bu görüşdən nə gözləyək?


- Bu da heç bir nəticə verməyəcək. Səbəb sadədir, ona görə ki, Moskva bu gün Qafqazda heç nəyi həll etmək istəmir. Baxmayaraq ki, bölgədə bu gün ağalığı Rusiya edir. Bu gün nəinki regionu, hətta bütün dünyanı artıq bir sual ciddi maraqlandırır, “necə olur ki, Rusiya bu qədər vədlərin arxasında Qafqazda heç nə həll edə bilmir”. Sadəcə sözlər vəd edir, bəyanatlar verir. Hesab edirəm ki, prezidentlərin gələn ay nəzərdə tutulan görüşləri də olsa- olsa yeni sözlər meydana çıxaracaq. Qarabağın, eləcə də istənilən digər kiçik problemlərin həllini belə bu görüşdən gözləmək ağlabatan deyil. Uzaqbaşı Rusiya hansısa bəyanatın müəllifi olacaq, lakin heç bir iş görülməyəcək.


- Belə söhbət var ki, Rusiyada yaxınlaşan prezident seçkisi öncəsi Dmitri Medvedev ölkəsində yaşayan çoxsaylı azərbaycanlıların səsini qazanmaq üçün Qarabağla bağlı hansısa müsbət addım atacaq...


- O, indiki halda prezident olsa belə, buna imkanı yoxdur. Çünki faktiki olaraq ixtiyar onun əlində deyil, Rusiyada real hakimiyyət baş nazir Vladimir Putinin əlində cəmlənib. Bütün Rusiyaya və onun addımlarına Putin komandası nəzarət edir. Bu gün orada Medvedev qondarma bir prezidentdir, ona görə də ondan indən belə nəinki müsbət, heç mənfi addım da gözləmək olmaz. Əgər imkanı olsaydı, siz deyən variantı seçə bilərdi, amma buna zərrə qədər də imkanı yoxdur. Ümumiyyətlə, nə qədər ki, hakimiyyət Putinin əlindədir, belə şeylərə ümid bağlamağın yeri yoxdur.


- Vəfa müəllim, Azərbaycan hərbi büdcəsini yenidən artırır. Necə hesab edirsiniz, bu, Cənubi Qafqazda yeni insidentin yaxın olduğunu göstərmirmi?


- Bilirsiniz, Azərbaycanda hərbi hazırlıq gözlənilən bir addımdır. Bu, indiki halda regionda heç kimi qıcıqlandırmamalıdır. Hamı çox yaxşı bilir ki, Azərbaycanın torpaqları işğal altındadır və bundan da çox narahatdır. Regiondakı, eləcə də regionda gözü olan digər dövlətlər çox yaxşı bilirlər ki, bu məsələdə Azərbaycan müsbət addım görmədikcə ordusunu getdikcə gücləndirəcək. Çünki müharibə şəraitindədir. Bütün Cənubi Qafqaza bağlı olan ölkələr də bunu aydın anlayırlar. Əks halda Azərbaycan durduğu yerdə hərbi büdcəsini artırmır ki, bu, kimisə qıcıqlandırsın və dərhal münaqişəyə səbəb olsun. Nə qədər ki, torpaqları başqa ölkənin nəzarəti altındadır, Azərbaycanın daim müharibə etmək imkanı var. Bunu anlayan çoxdan buna hazırdır.

 

24.05.2011 12:37 / Hits: 851 / Print
 
    Bu bölmədə
     News feed
    24.05.2019
    23.05.2019
    20.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo