Əli Həsənov: Azərbaycan ilə Rusiya arasında münasibətlər açıq və səmimi xarakter daşıyır

AZADİNFORM. Bu gün Həştərxanda “Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru” mövzusunda ikinci Rusiya-Azərbaycan regionlararası forumunun açılışı olub. Forum Rusiya və Azərbaycan prezidentləri administrasiyalarının dəstəyi ilə “Avrasiya Tədqiqatları İnstitutu” İnkişaf Fondu tərəfindən təşkil edilib.

Hər iki ölkənin mərkəzi və regional hakimiyyət orqanları, işgüzar dairələri, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi forumda ölkəmizi Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə Azərbaycan Prezidenti Administrasiyasının məsul əməkdaşları, hökumətin üzləri, Milli Məclisin deputatları, respublikanın bir sıra rayonlarının icra hakimiyyəti başçıları, sahibkarlar daxildir. Toplantıda Azərbaycan prezidenti İlham Əliyevin və Rusiya prezidenti Dmitri Medvedyevin forum iştirakçılarına təbrikləri oxunub. Rusiya Federasiyası Prezidenti Administrasiyasının xarici ölkələrlə mədəni və regionlararası əlaqələr üzrə idarəsinin rəisi Sergey Vinokurov forumun iki ölkə arasında iqtisadi və humanitar əməkdaşlığın möhkəmlənməsi işinə xidmət edəcəyini vurğulayıb: “Humanitar, siyasi və iqtisadi sahələrdə əlaqələr uğurla inkişaf edir. Bu, iki ölkənin dövlət başçılarının sıx qarşılıqlı əlaqələri sayəsində baş verir. Keçən il ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi 1,9 milyard dollar olub. Hazırda Azərbaycan bazarında 500-dən çox Rusiya şirkəti işləyir”.
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə bildirib ki, Rusiya ilə qarşılıqlı əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətində prioritet istiqamət olub və indi də belədir: “Azərbaycan ilə Rusiya arasında münasibətlər açıq və səmimi xarakter daşıyır. Hazırda ölkələrimiz arasında əməkdaşlığın bir çox məsələlərinə dair konsensus əldə edilib. Bu onu göstərir ki, tərəfdaşlıq münasibətləri inkişaf etməkdədir. Təkcə bu ilin yanvar-mart aylarında ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi 616 milyon dollar olub. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz çoxdur. Elm, təhsil, səhiyyə, mədəniyyət sahələrində əlaqələr də uğurla inkişaf edir”.
Şöbə müdiri ölkələr arasında qarşılıqlı münasibətlərin keyfiyyətcə yeni səviyyəyə çatdırılmasında ulu öndər Heydər Əliyevin tarixi rolunu xüsusi vurğulayıb.
Xatırladaq ki, forum öz işini “dəyirmi masa” iclaslarında davam etdirəcək. Həmin iclaslarda infrastruktur layihələri, Rusiyanın və Azərbaycanın maliyyə-bank sistemləri, iki ölkənin Xəzərdə strateji əməkdaşlığı məsələləri müzakirə ediləcək.

19.05.2011 19:32 / Hits: 533 / Print
 
    Bu bölmədə
     News feed
    24.03.2019
    19.03.2019
    18.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo