Mahnını tüfənglə yox, oxumaqla qoruyarlar

Səyavuş Kərimi: “Musiqilərimizin başqa adlara çıxılması öz günahımızdır”

 

Ümidə Həsənli/AZADİNFORM. “Azadinform”un suallarını Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Səyavuş Kərimi cavablandırıb.

- “Zəngimsel”inizdə Fikrət Əmirovun “Kürd Ovşarı” simfonik muğamıdır. Bununla Fikrət Əmirov yaradıcılığına məhəbbətinizi ifadə edirsiniz?

- Fikrət Əmirovun yaradıcılığına çox böyük, hədsiz məhəbbətim var. Onu Üzeyir bəyin davamçısı hesab edirəm. Fikrət Əmirovun bütün əsərləri gözəldir. İstifadə etdiyim mobil operatorda isə təkcə “Kürd Ovşarı”nı tapdım.

- Sizə elə gəlmir ki, indi hamı oxuyur?

- İstedadlı gənclər çoxdur, onlara dəstək olmaq lazımdır. İncəsənətdə çox şeyə tez nail ola biləcək sahə müğənnilikdir. Səhnə, tamaşaçılar, kütlə üçün oxumaqla, özün üçün oxumağın arasında fərq çoxdur. Amma layiqli  müğənnilərin sayı çox deyil. Müğənni ilə xanəndə arasında da fərq var. Ancaq hər ikisi bir Allaha - musiqiyə qulluq edir. Əslində, müğənni və xanəndələrin sayının çox olması pis deyil. Çox rəssam, idmançının olması bəyəm pisdir? Yox. Bir şərtlə ki, gərək hər bir sənətin xiridarı olasan. Sənət insanın əlində xəmir kimi olmalıdır.

- Niyə plagiat mahnıların sayı çoxalıb?

- Dünyada mahnıların bir-birinə oxşamasından heç kəs sığortalanmayıb. Nəsə nəyəsə oxşayırsa, bu, oğurluq demək deyil. Dəqiqliklə təkrarçılıq varsa, bu, artıq oğurluq, plagiatdır. Tarixdə elə hadisələr olub ki, dünyanın müxtəlif nöqtələrində yaşayan iki şəxs eyni zamanda bir-birindən xəbəri olmadan eyni musiqini yazıb. O vaxt nə telefon olub, nə kompüter.

- Müasir mahnıların səviyyəsi sizi qane edirmi?

- Şou-biznes məkanında mahnılar çoxdur və əksəriyyəti də bir-birinə oxşayır, bu, həmişə belə olub. Amma hər mahnını dinləyici auditoriyasına təqdim etmək düzgün deyil. Mahnıların kim tərəfindən yazılmasına, zövqlü olub-olmamasına, necə oxunmasına fikir verilməlidir. Bu, hərtərəfli yüksək sənət əsəri olmalıdır ki, həyata vəsiqə alsın və dinləyicilər eşidə bilsin. Biz hələ də 1960-1970-1980-ci illərin mahnılarını sevə-sevə oxuyur və dinləyirik. Çünki onlar peşəkarlıqları ilə seçilir. O zaman da keyfiyyətsiz mahnılar yazılırdı. Lakin auditoriyaya müəyyən komissiya tərəfindən keçən ən yaxşı mahnılar təqdim edilirdi. Bu yaxınlarda həmin komissiyanı əvəz edən bədii şura məsələsi müzakirə edilirdi. Humanitar sahədə insanları zəhərləmək çox asandır. Mən bədii şura olmasının tərəfdarıyam.

- İndi müğənnilərin təbliğat vasitəsi telekanallardır. Bütün telekanallarda bədii şura olmasını təklif edirsiniz?

- Bir bədii şura bütün telekanallara nəzarət etməlidir. Mahnıların efir həyatını bu qurum təyin etməlidir. Telekanal mahnını efirə buraxmazdan əvvəl onun keyfiyyəti haqqında bədii şuranın bunu təsdiq edən kağızına baxmalıdır. Əlbəttə ki, bu halda telekanalların gəlir yeri məhdudlaşacaq. Amma bir var telekanal kommersiya işi ilə məşğul olur, biri də var xalqın, cəmiyyətin maarifləndirməsi ilə. Televiziya dükan deyil ki, pul qazanmaqla məşğul olsun. Niyə 500 manat verməlisən ki, al mənim mahnımı bir az fırlat?! Ona görə də şou bazar yaranıb.

- Bir çox xalq mahnısının oğurlanması faktı artıq adi hala çevrilib. Bununla necə mübarizə aparmaq olar?

- “Mahnı oğurlanıb” düzgün ifadə deyil. Bu material deyil ki, götürülüb cibə qoyula. Mahnını eşidir və oxuyurlar. Musiqilərimizin başqa adlara çıxılması öz günahımızdır. Təbliğatımız güclü işləmir, mahnılarımızı gərək özümüz o qədər təbliğ edək ki, başqası oxuyanda haqqımızı tələb edə bilək. Nəzarətsiz qalan malı istənilən adam götürə bilər. Mədəniyyət nümunəsi daim işlənməlidir. Mahnını tüfənglə yox, oxumaqla qoruyarlar. Zaman keçdikcə biz bunu dərk edəcəyik.

- Musiqinin hansı sahəsində araşdırmaya ehtiyac var?

- Azərbaycanda Üzeyir bəyin qoyduğu təhsil sahəsi davam edir, lakin bizim bir çox problemimiz var və biz bunu araşdırırıq. Azərbaycan musiqisi Azərbaycan mədəniyyətinin tacıdır. Lakin musiqi mədəniyyətimizin tarixi araşdırılmalıdır. Bizim informasiyamız Üzeyir Hacıbəylinin fəaliyyətindən sonra başlayır. Ona qədər olan 2-3 əsr zaman barədə informasiyamız kasaddır. İran, Misir və bir çox Şərq ölkəsində Azərbaycan musiqi tarixinə aid ola bilən tarixi faktları araşdırıb tapmağa çalışırıq.

- 30-dan çox bədi və sənədli film, 15-ə yaxın tamaşa, cizgi filmlərinə musiqi və mahnı, eləcə də müxtəlif janrlarda əsərlər bəstələmisiniz. Sizə hansı janrda işləmək daha rahat və asandır?

- Mənim üçün fərqi yoxdur, hər birində çox rahat işləyə bilirəm.

- Musiqi eşidəndə ondan daha çox zövq alırsınız, yoxsa professional baxımından yanaşırsınız?

- Çörək yeməkdən zövq aldığım kimi musiqidən də zövq alıram. Musiqi ürəyin, beynin çörəyidir.

- Kimi dinləyirsiniz?

- Gənc istedadlı insanların hamısını dinləyirəm. Gənclər xoşuma gəlir. Yaxşı musiqi yaxşı futbol kimidir. Bizim Akademiyada koreyalı tələbə muğam təhsili alır. Belə baxanda koreyalı hara, muğam hara? Bu bizim musiqinin təbliğatıdır. O qədər pul verib gəlib burada oxuyur, təhsil haqqı verir, sabah o gedib öz vətənində muğam oxumaqla həmin pulu qazanacaq. 15-20 nəfər yığıb məktəb yaradacaq və öz dilində muğam öyrədəcək, disklər çıxartdıracaq. Buradan da Arif Babayev, Alim Qasımovun disklərin aparıb orada paylayacaq.

- Bir neçə beynəlxalq layihə həyata keçirmisiniz. Latın amerikalılara, eləcə də gənclərin muğam konsertini təşkil etdiniz. Daha hansı ölkənin musiqiçiləri ilə işbirliyi etmək fikriniz var?

- Xalq artistləri Mənsum İbrahimov və Aygün Bayramovanın ifasında “Leyli və Məcnun” operasının CD variantını işləyib bitirmişəm. 100 ildə heç kəsin ağlına       gəlməyib ki, bu əsəri yazmaq lazımdır. Texniki tənzimlənmə prosesindədir. Danışıqlardan asılı olaraq Skandinaviya və ya Avropa ölkələrindən birində bu       layihə hazırlanacaq. Növbəti Muğam Festivalı üçün çox gözəl bir hədiyyə olacaq. Yeri gəlmişkən, gələn il Muğam Festivalı üçün Şərq və Afrika ölkələrinin bir çoxunu cəlb etmək fikrindəyik. Biz nəinki Şərq, Qərb ölkələrini də cəlb etmək niyyətindəyik. Norveçli və ya meksikalının öz milli musiqi alətində muğam ifa etməsi əlbəttə ki, cəlbedicidir. Milli musiqimizi sintez etmək üçün maraqlı ölkələr, musiqilər çoxdur. Xorvatiya, Çernoqoriya kimi Balkan ölkələri, Meksika, Panamerika ölkələrinin musiqisi xoşuma gəlir. Bir neçə il bundan əvvəl Malu musiqiçiləri ilə işbirliyimiz olub. Müsəlman musiqisi ilə yaxınlıqları çoxdur.

- Ötən il keçirilən Beynəlxalq Muğam müsabiqəsində “Qran Pri” mükafatının təqdim edilməməsinə səbəb nə idi?

- “Qran Pri” mükafatına dəyər vermək lazımdır. Azərbaycan nümayəndəsi İranla birinci yeri bölüşdü. Amma hesab etdik ki, “Qran Pri”yə layiq ifaçı yox idi. Bu, “Qran Pri”nin mahiyyətini bir daha yüksəyə qaldırır.

- “Rast” simfonik muğamını bir neçə ölkədə təqdim etdiniz, “Rast” daha hansı ölkəyə gedəcək?

- Bu, böyük Niyazinin gözəl musiqisinə hazırlanan maraqlı bir layihədir. Ukrayna, Türkiyə, Latviya kimi ölkələrdə bu layihəni etdik. Amerika Birləşmiş Ştatları, Moskva, Sankt-Peterburq Milli Simfonik orkestri ilə “Rast” simfonik Muğam layihəsini həyata keçirmək istəyirik, danışıqlar gedir.

- Yaradıcılığınızda hansı yenilikləriniz var?

- Musiqili Komediya Teatrında “Molla İbrahimxəlil kimyagər” tamaşasına yazdığım musiqini tamamladım. Mirzə Fətəli Axundzadənin 100 illiyinə həsr edilən Teatr festivalında tamaşa nümayiş etdirildi. Musiqili Komediya Teatrının açılışında da tamaşanın premyerası olacaq. Əksər əsərlərim kompyuterdə, ya da not variantındadır, işləmək prosesindəyəm.

- İş prosesinizi necə təsvir edə bilərsiniz?

- İnsanın rastına kim çıxacaq bilmək olmaz. Layihə və planlarımı əvvəlcədən də bilmək istəmirəm. Gözlənilməz situasiya həmişə maraqlı olur. Birdən ilham pərim gəlir yazıram, birdən də yazmalıyam deyə yazıram. Tələbədən soruşurlar ki, Çin dilini neçə günə öyrənərsən. Cavab verir ki, imtahan nə vaxtdır? Peşəkar üçün bu problem deyil. Əgər lazımdırsa, günü sabah hazır olmalıdır. Elə olub ki, tamaşadan iki gün əvvəl rəqs musiqisi yazmışam.

- Müğənnilərlə işbirliyiniz davam edirmi?

- Tələbəm Əməkdar artist Anar Şuşalı, Xalq artisti Samir Cəfərovla işləyirəm və çox güman ki, Konservatoriyadan da tələbələr dəvət edəcəyəm. Deyir ki, əgər Allahı güldürmək istəyirsənsə, planlarını danış. Vaxtında müğənnilərlə çox işləmişəm. Amma yaradıcılığımı kənara qoymuram, çünki mənim üçün çox doğmadır. Lakin pedaqoji fəaliyyət də yaradıcılıqdır.

- Oğlunuz bəstəkar Emin Kəriminin yaradıcılığını necə qiymətləndirirsiniz?

- İndi mənim müğənnilərlə olan yaradıcılığımı Emin davam etdirir. O, bu sənətə gələndə mənə demədi, ancaq problemi olanda məsləhət alır (gülür), özü yaxşı bilir nə etmək lazımdır. Emin gözünü açıb evdə Emin Sabitoğlu, Mübariz Tağıyev, Cəfər Behbudov, Firəngiz Rəhimbəyova, Rafiq Babayevi görüb. Çox istedadlı insandır, onun yaradıcılığını yüksək qiymətləndirirəm və bəyənirəm. Oğlum çox demokratik bir şəraitdə böyüyüb. İnsan taleyini özü seçir. Atam neftçi idi, mən də onun yolunu davam etdirmək istəyirdim, amma gəlib musiqiçi oldum.

- Yayda harada dincələcəksiniz?

- Türkiyədə Bodrumda, ya da Quş adasında dincələcəyəm. Mən oteldə qalmağı sevmirəm. Ona görə də istəyirəm ki, orada özümə məxsus bir məkan olsun.

21.06.2012 15:00 / Hits: 736 / Print
 
    Bu bölmədə
     News feed
    20.05.2019
    17.05.2019
    16.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo