Süni qiymət artımı mütəşəkkil cinayətkarlıq kimi qiymətləndirilməlidir

Əli Məsimli: “Azərbaycanda inflyasiyanın yarıdan çoxu qondarma inflyasiyadır”

 

Həbibə Abdulla/AZADİNFORM. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli “Azadinform”a müsahibə verib.

 

- Büdcəyə əlavə və dəyişikliklərin yaxın günlərdə parlamentin müzakirəsinə çıxarılacağı gözlənilir. Təklifləriniz nədən ibarət olacaq?

 

- Bizə məlumat verildi ki, büdcəyə əlavə və dəyişikliklər parlamentə bu gün təqdim olunacaq. Əvvəlcədən verilən açıqlamalara görə də büdcəyə yenidən baxılan zaman əməkhaqqı və pensiyaların, müavinətlərin artırılması, sosial infrastruktura vəsaitlərin yönəldilməsi gündəmdə olacaq. Hesab edirəm ki, əgər bu istiqamətdə artımlar olacaqsa, müsbət haldır. Eyni zamanda, büdcəyə yenidən baxılması ilə bağlı bir neçə iclas əvvəl çıxış edəndə başqa bir məsələni xüsusi olaraq vurğulamışdım. Bu da süni qiymət artımları ilə bağlıdır. Artıq iki on ildir ki, Azərbaycan müstəqil dövlət olaraq fəaliyyət göstərir. Hökumət də əhalinin güzəranını yaxşılaşdırmaqdan ötrü vaxtaşırı pensiya və əməkhaqlarını artırır. Bu artımlarla paralel olaraq çox əcaib, xalqın güzəranına zərbə xarakterli bir hadisə baş verir. Xüsusilə son illər özünü daha açıq formada büruzə verən bu hadisə süni qiymət artımıdır. Dövlət başçısı hansısa görüşdə, çıxışda elan edən kimi ki, əhalinin güzəranını yaxşılaşdırmaq üçün addımlar atacağıq, əməkhaqlarını, pensiyaları artıracağıq, bir qrup işbaz Azərbaycanın “bazar meydanı”ndakı qiymət karuselinin düyməsini basır və qiymətlər artır. Ölkənin bütöv əmtəə dövriyyəsini götürsək, görərik ki, bu işbazlar 1 faiz qiyməti qaldırmaqla təxminən 130 milyon manatdan çox əlavə vəsait qazanırlar. Bu, 10 faiz olanda il ərzində 1,4 milyard manat deməkdir. Necə olur ki, kimsə kiminsə cibinə girib 50 manat pul çıxaranda, 60 manatlıq telefon oğurlayanda tutub ona iş verirlər, amma əhalinin cibinə girib ildə 1,5 milyard manatdan çox pulunu mənimsəyənlərə gözün üstündə qaşın var deyən yoxdur. Ona görə də mən parlamentin plenar iclasında çıxış edəndə təklif etdim ki, süni qiymət artımı mütəşəkkil cinayətkarlıq kimi qiymətləndirilməlidir. Başa düşürəm, bu, çətin məsələdir, amma Milli Məclis qərar qəbul etməlidir. Əgər indiyə qədər aparılan tədbirlər nəticəsini verməyibsə, deməli, bu, mütəşəkkil şəkildə təşkil edilib.


- Süni qiymət artımı inflyasiyada təxminən nə qədər paya malikdir?


- İqtisadiyyatdan az-çox başı çıxan hər bir adam bilir ki, inflyasiyanın ölkə iqtisadiyyatında gedən proseslərdən doğan hissəsi, bir də dünya iqtisadiyyatından qaynaqlanan hissəsi var. Hesablamalar əsasında aydınlaşdırmaq mümkündür ki, Azərbaycanda ölkə daxilindəki proseslərdən doğan inflyasiya 3 faizin altındadır. Eyni zamanda xaricdən idxal olunan inflyasiya 3 faizin ətrafındadır. Hesab edək ki, mən proqnozlarda 1 faizlik xəta etdim, maksimum 7 faiz inflyasiya olmalıdır. Amma tədbirlər görülməsə, əməkhaqqı, pensiya nə qədər artacaqsa, həmin işbazlar xüsusilə əhalinin daha çox tələbatı olan malların qiymətini bir o qədər artıracaqlar. Əhalinin güzəranına bu cür zərbəni mən təxribat, iqtisadi sabotaj və mütəşəkkil cinayətkarlıq hesab edirəm və düşünürəm ki, müvafiq strukturlar bu istiqamətdə tədbir görməlidir.
Əgər Mərkəzi Bank, Maliyyə Nazirliyi dünya maliyyə böhranının kulminasiya mərhələsində inflyasiyanın monetar xarakterli elementlərinin ifrat həddə çatmasının qarşısını aldısa, böhranın Azərbaycana təsirinin minimuma endirilməsində mühüm rol oynadısa, mən hesab edirəm ki, onlar bu prosesdə də monetar hissəyə aid olan kataklizmlərin qarşısını ala biləcək. Amma ondan başqa hissələr də var ki, bu qurumların səlahiyyətinə aid olan məsələlər deyil, başqa qurumların öhdəliyidir. Sual qoyulmalıdır: biz əməkhaqqını, pensiyanı bir ovuc insanın əlavə varlanmasına xidmət etmək üçün qaldırırıq, yoxsa vətəndaşların güzəranının yaxşılaşdırılması, aztəminatlı əhalinin vəziyyətinin düzəlməsinə yönəltmək üçün? Özünüz də yaxşı bilirsiniz ki, bu gün Azərbaycanda iqtisadi artım templəri xeyli dərəcədə aşağı düşüb. Belə bir şəraitdə əməkhaqqının, pensiyanın artırılması makroiqtisadi risklər yaradır. Yaxşı, bu makroiqtisadi riskə əhalinin güzəranının yaxşılaşdırılması naminə gedilirsə, çox gözəl, yox, bu addım son nəticədə bir qrup adamın cibinin dolmasına xidmət edəcəksə, hökumət ciddi ölçü götürməlidir. Azərbaycanda inflyasiyanın yarıdan çoxu qondarma inflyasiyadır.


- Bu sual son vaxtlar bir qədər ənənəviləşib, amma söhbət büdcəyə əlavə və dəyişiklikdən düşübsə, onun da məqamıdır: əmanətlər qaytarıla bilərmi bu il?

 

- Əmanətlərin qaytarılması ilə bağlı bilirsiniz ki, mən qanun hazırlayıb təhvil vermişəm. Bu da onunla əlaqədar idi ki, hökumət nümayəndələri prosesin başlamamasını qanunun olmaması ilə izah edirdilər. Amma bilirsiniz ki, prezidentin xüsusi sərəncamı var və xüsusi komissiya yaradılmışdı, hökumətə də vaxt verilmişdi ki, qanun, mexanizm, lazım olan bütün sənədlər hazırlansın. Həmin dövrdən artıq 5 ildən çox vaxt keçməsinə baxmayaraq, həmin sərəncamda irəli sürülən tapşırıqlar yerinə yetirilməyib. Bunu nəzərə alaraq, 2008-ci ildə qanun layihəsini hazırlayıb təhvil verdim. Əlbəttə, bir adam üçün bu, ağır idi, amma aylarla işlədikdən sonra layihəni hazırlayıb təhvil verdim. Bir müddət elə çıxdı ki, sanki heç belə bir qanun təhvil verilməyib. Amma mən Milli Məclisin tribunasından açıq mətnlə bunu bəyan etdikdən sonra başqa bir tezis çıxıb: qanun qəbul edilsin, sonra əmanətləri qaytaraq. İctimaiyyət də bu məsələ ilə maraqlanmalıdır ki, qanun təhvil verilib, niyə qəbul olunmur? Əgər mənim soyadım kiminsə xoşuna gəlmirsə, mən həmin qanun layihəsini Azərbaycan ictimaiyyətinə bağışlayıram, mənim adım olmadan müzakirə edib qəbul etsinlər, təki camaatın pulu qaytarılsın. Nə qədər ki, söz oyunu var, əmanətlərin yaxın vaxtlarda qaytarılması ehtimalı aşağı olacaq.


- Parlamentdə kooperasiyalarla bağlı qanun müzakirə edilir. Kooperasiya sistemi nə verəcək kənd təsərrüfatına?


- İsraildə həm kollektiv, həm də fərdi təsərrüfat var. Kollektiv təsərrüfat fərdi təsərrüfatla rəqabətə girir və bu rəqabətdən əmək məhsuldarlığının artması, qiymətlərin aşağı düşməsi, kənd təsərrüfatı ilə məşğul olanların güzəranının artması kimi çox gözəl nəticələr əldə olunub. Bunları nəzərə alaraq hələ islahatlar başlanan zaman biz bir konsepsiya hazırlayıb təqdim etmişdik ki, islahatlar getsin, amma kolxoz və sovxozlar kütləvi surətdə dağıdılmasın. Kimin şansı varsa, hansı ailənin müstəqil surətdə özünün təsərrüfatını qurma imkanı varsa, onlar kolxoz və sovxozlardan çıxsın, qalanları isə kollektiv surətdə fəaliyyət göstərsin. Lakin sovet sisteminə xas olan kolxoz prinsipi ilə yox, bazar münasibətlərinə əsaslanan kooperativ prinsipi əsasında. Təəssüflər olsun ki, bu, əlaqədar qurumlar tərəfindən müsbət qarşılandı, qiymətləndirildi, amma əməl olunmadı. Ona görə də Azərbaycanda aqrar islahatlarda bir ifratdan başqa bir ifrata keçildi. Sovet dövründə kənd təsərrüfatı və torpaqlar kolxoz və sovxozun monopoliyasında oldu və əmək məhsuldarlığı aşağı olduğu, kəndlərin də əksəriyyətinin də vəziyyəti aşağı olduğundan normal islahat qurmaq mümkün olmadı. Sonrakı islahatlar isə başqa ifrata yol açdı, kolxoz və sovxozların avadanlıqları normal istifadə olunmadı, talançılıq, sui-istifadə hallarına yol verildi. Torpaqlar bölündükdə hər ailəyə düşən torpaq heç 1 hektara çatmadı. Normal təsərrüfatı inkişaf etdirmək üçün bu rəqəm minimum 6,3, orta hesabla isə 30 hektara yaxın olmalıdır. Buna görə də həmin təsərrüfatlarda yüksək məhsuldarlığa nail olmaq mümkün olmadı. Torpaq, gübrə çatışmazlığı və digər maddi-texniki təminatla bağlı problemlər kənddə yüksək məhsuldarlığın təmin olunmasına imkan vermədi. O vaxtlar müqayisə olunurdu, Azərbaycanda kənd təsərrüfatına yararlı torpaqların 2-3 faizi həyətyanı təsərrüfatlarda idi, amma bu mənbə kənd təsərrüfatı məhsulunun 39 faizini verirdi. Bu rəqəm açıq formada göstərir ki, əgər fərdi təsərrüfatlar yaxşı qurulsaydı, onlara lazımı səviyyədə kömək olsaydı, biz nəinki özümüzü təmin edərdik, həm də xaricə kənd təsərrüfatı məhsulları ixrac etmək səviyyəsində çox güclü bir aqrar sahə qurmuş olardıq. Kənd təsərrüfatı vergilərdən azad oldu, bu istiqamətdə xeyli güzəşt edildi, amma məhsuldarlıq xeyli dərəcədə aşağıdır. Bu gün adambaşına gündəlik 1,16 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunur. Ondan yeyilməsi mümkün olmayanları çıxanda təxminən adambaşına 1 manatdan aşağı kənd təsərrüfatı məhsulu istehsal olunur ki, belə bir faizlə aqrar sahəni yüksək səviyyədə inkişaf etdirmək olmaz.


- Bu yaxınlarda ölkə başçısının sərəncamı ilə aqrar sahədə islahatlarla, idarəçiliyin dəyişdirilməsi ilə bağlı komissiya yaradılıb. Sizcə nə dəyişməlidir aqrar sahədə?


- Bu sahədə ciddi islahatlara ehtiyac var və arzu edərdim ki, kooperativlərlə bağlı qanun layihəsi bu islahatların yeni mərhələsinin başlanğıcı olsun. Təkcə qanun yox, bununla əlaqədar olaraq konsepsiya, proqram hazırlanmalıdır, həmin proqramın maddi-texniki resurs, maliyyə, kadr təminatı və s. məsələlər ciddi surətdə araşdırılmalıdır. Eyni zamanda dövlət dəstəyi indiki kimi yayğın formada yox, məqsədyönlü şəkildə olmalıdır ki, Azərbaycanda kənd təsərrüfatının inkişafına söykənən güclü bir aqrar sahə yaradılsın.


- Azərbaycanda əhalinin böyük bir kəsiminin narazı olduğu məsələlərdən biri də bankların həddən artıq bahalı kredit faizləri tətbiq etməsidir. Bu bahalığın səbəb nədir? Kreditlər üzrə faiz dərəcələrini necə aşağı salmaq olar?


- Bahalılığın səbəbini bank işçisindən soruşsan, risk dərəcələrinin yüksəkliyi ilə izah edirlər, vətəndaşlar isə bunu haqsızlıq kimi qiymətləndirirlər. Ədalət də bu ikisinin arasındadır. Risk faizləri əlbəttə ki, var, amma bu, heç cür əsas vermir ki, bank faizləri ilə inflyasiya arasında yerlə-göy qədər fərq yaransın. Təsəvvür edin, Türkiyədə istehlak kreditləri 1 faizin altındadır. Bu yaxınlarda keçmiş sovet respublikalarının nümayəndələri ilə görüşdüm, onlarda da normal bank faizləri var. Hesab edirəm ki, bu sahədə ciddi islahatlar həyata keçirilməlidir və bank faizləri ilə inflyasiya arasında fərqin maksimum bir neçə faiz olması təmin edilməlidir. Eyni zamanda, risklərin azaldılması istiqamətində etibarlı bir mexanizm hazırlanıb həyata keçirilməlidir. İndiyədək bu istiqamətdə işlər görülsə də, bu, yetərli olmadığına görə banklar ehtiyatlı mövqe seçirlər. Əslində isə yüksək faizlə alınan kreditlərin qaytarılmaq imkanı məhdud olur. Kredit götürənlər isə çox vaxt proqnozlaşdırmadan kreditə girirlər, sonradan problemlər yaranır. Ona görə də bu sahəni çox obyektiv tədqiq etməyə, təhlillər aparmağa, lazım gəlsə müəyyən müddət dövlət dəstəyinə ehtiyac var. Məsələn, prioritet sahələr üzrə faizləri lap minimuma endirmək olar və dövlət həmin faizlərdə bir neçə il iştirak edə bilər.

19.05.2011 12:06 / Hits: 710 / Print
 
    Bu bölmədə
     News feed
    24.05.2019
    23.05.2019
    20.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo