Diaspor fəaliyyəti intellektual məkanlara və beyin mərkəzlərinə daşınır

Ayhan Demirçi: “Azərbaycan və Türkiyə diaspor təşkilatları hər zaman bir yerdədirlər”

 

Elcan/AZADİNFORM. Azərbaycan-Belçika dostluq cəmiyyətinin sədri Ayhan Demirçi “Azadinform”un suallarını cavablandırıb.

- Fəaliyyət göstərdiyiniz şəhərdə yaşayan həmvətənlərimizin diaspor işində, tədbirlərinizin təşkilində fəallığı necədir?

- Bildiyiniz kimi, Azərbaycan diasporu çox gəncdir. Xaricdə yaşayan həmvətənlərimiz yerli cəmiyyətlərə hələ yeni-yeni inteqrasiya olunmağa başlayıb. Diaspor təşkilatlarının fəaliyyətində onların yaxından iştirakı və müvafiq dəstək vermələri üçün öncə bu proses getməlidir. Yerli cəmiyyətə adaptasiya olub, müəyyən mövqelərə sahib olduqdan sonra onların dəstəyi daha böyük ola bilər. Bütün bunlara baxmayaraq, həmvətənlərimiz cəmiyyətimizin tədbirlərində fəal olmağa çalışır, mitinq, yürüş və toplantılarımıza qatılırlar. Gənc olmasına baxmayaraq, diasporumuz ildən-ilə möhkəmlənir, təşkilatlanır və öz sözünü deyə bilir. İndiki diasporumuz təbii ki, 10-15 il əvvəlki diaspor deyil. Misal üçün əvvəllər erməni işğalına qarşı diaspor təşkilatlarımız yalnız mitinq və yürüşlərlə kifayətlənirdisə, indi problemə diqqət çəkmək üçün başqa metodlardan istifadə edilir. Nüfuzlu yerlərdə konfranslar və sərgilər təşkil edilir, dünya liderlərinə müraciətlər olunur. Bu isə diaspor fəaliyyətinin küçə və meydanlardan həm də intellektual məkanlara və beyin mərkəzlərinə daşınması deməkdir.

- Ölkənin ictimai-siyasi, mədəni həyatında rəhbərlik etdiyiniz cəmiyyətin fəallığı necədir?

- İllər öncə Azərbaycan xaricdə geniş tanınmadığı üçün cəmiyyətlərimiz də tanınmırdı. Azərbaycanın təbliği üçün apardığımız fəaliyyətlər təbii ki, cəmiyyətimizin də Belçikada tanınmasına gətirib çıxarıb. Əsas fəaliyyət istiqamətimiz Azərbaycanın tanıdılması və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli olduğu üçün istər-istəməz Belçika siyasi dairələri və Avropa İttifaqı strukturları ilə təmaslarımız da yaranıb. Dəfələrlə təşkil etdiyimiz tədbirlərdə ictimai-siyasi xadimlər iştirak edib və Azərbaycan həqiqətlərini bizim dilimizdən dinləyiblər. Avropa Parlamentinin üzvlərinə, Belçikalı millət vəkilləri və senatorlara, dövlət strukturlarına, KİV-ə göndərdiyimiz məktub, müraciət və məlumatlar cəmiyyətimizin Belçikanın ictimai-siyasi və mədəni həyatına inteqrasiya etməsinə gətirib çıxarıb. Məhz bu fəaliyyətin nəticəsidir ki, Azərbaycan-Belçika dostluq cəmiyyəti bölgəmizin xaricilərin inteqrasiyası strukturunda təmsil olunur, hər il keçirilən Ham şəhər bayramında Azərbaycanı təmsil etmək üçün rəsmi dəvət alır. 

- Belçikada diaspor fəaliyyəti üçün kifayət qədər geniş imkanlar varmı?

- Təbii ki, bir sıra imkanlar var və bu günə qədər həyata keçirdiyimiz bir çox tədbir, bu qədər geniş fəaliyyət bunun nəticəsidir. Bildiyiniz kimi, Azərbaycanın ən böyük problemi torpaqlarımızın azad edilməsi və erməni işğalına son qoyulmasındadır. Biz hər zaman Azərbaycan dövlətinin yanındayıq və dostluq cəmiyyəti olaraq Belçikada və Avropada Azərbaycan həqiqətlərinin tanıdılması, erməni işğalına son qoyulması istiqamətində fəaliyyət göstəririk. Hər il 20 Yanvar, Xocalı soyqırımı və 31 mart Azərbaycanlıların soyqırımı ilə bağlı yürüş, mitinq və toplantılar keçirilir və Belçika və Avropa ictimaiyyətinə məlumatlar verilir. Onu qeyd edim ki, etirazlarımız tək küçə və meydanlarla məhdudlaşmır. Cəmiyyətimizin son illərdəki fəaliyyəti Azərbaycanın haqq səsini nüfuzlu dairələrə və beyin mərkəzlərinə çatdırmağa yönəldilib. Brüsseldə yerləşən Avropa Parlamentində keçirdiyimiz bir neçə tədbirin də bu istiqamətdə böyük effekti olub. Millət vəkilləri ilə keçirdiyimiz görüşlərdə diqqəti Azərbaycan torpaqlarının işğalına yönəldə bilmişik. Cəmiyyətimizin fəaliyyəti təkcə bununla da məhdudlaşmır. Azərbaycan mədəniyyətinin və turizminin təbliği ilə bağlı tərəfimizdən bir çox sərgi, konsert və konfrans təşkil edilib, məlumat kitabçaları buraxılıb. Təbii ki, güclü dəstək olarsa, daha böyük işlər görmək mümkündür.

- Digər ölkələrin diaspor təşkilatları ilə münasibətlər necədir? Ortaq layihələr icra olunur, tədbirlər təşkil edilirmi?

- Azərbaycan və Türkiyə diaspor təşkilatları hər zaman bir yerdədirlər və mən onlar arasında fərq qoymuram. Bu təşkilatlar bir-birilərinə yaxından dəstək verirlər. Misal üçün Dağlıq Qarabağın işğalı ilə bağlı etiraz aksiyalarımızda türk diaspor təşkilatları hər zaman bizim yanımızdadırlar. Sözdə erməni soyqırımı məsələsində isə Azərbaycandan və Azərbaycan diaspor təşkilatlarından gələn dəstək barədə hər kəs bilir. Amma təəssüflə qeyd etməliyəm  ki, digər türk xalqlarının diaspor təşkilatları ilə əlaqələrimiz zəifdir. Ümid edirəm ki, zamanla onlarla da ortaq fəaliyyətlərimiz olacaq.

- Belçikada fəaliyyət göstərən digər Azərbaycan diaspor təşkilatları ilə birgə hansı addımlar atılır?

- Cəmiyyətimiz Azərbaycanın milli maraqları naminə aparılan bütün fəaliyyətlərdə Belçikada çalışan istənilən diaspor təşkilatı ilə əməkdaşlığa hazırdır və bu günə qədər bir çox birgə fəaliyyətimiz olub. Doğrudur, hərdən diaspor təşkilatlarımız arasında anlaşılmazlıqlar olur, dünən bir yerdə olan insanlar sabah ayrı-ayrı fəaliyyət göstərirlər. Amma mənə elə gəlir ki, bu, ümumi fəaliyyətimizə mane olmur. Birgə və ya ayrı olmasından asılı olmayaraq atılan hər addımın hər zaman bir faydası var.

- Azərbaycandan gedən soydaşlarımızın cəmiyyətə inteqrasiyasında nə kimi çətinliklər olur?

- Yerli cəmiyyətə inteqrasiyanın ən mühüm şərtləri həmin cəmiyyətin dilini və mədəniyyətini bilməkdir. Təəssüflər ki, həmvətənlərimizin də elə ən böyük problemi budur. Bu səbəbdən də yerli cəmiyyətə inteqrasiya olunub müəyyən uğurlar əldə etməyə çox vaxt gedir.

- Təşkilatınıza diaspor işində Azərbaycandan hər hansı bir dəstək varmı? Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələriniz necədir? Onlardan dəstək ala bilirsinizmi?

- Əvvəlcə, ilk sualınızı cavablandırım ki, bizim təşkilatımıza Azərbaycandan hər hansısa bir kömək, dəstək, ümumiyyətlə, olmayıb, indi də yoxdur. İkincisi, Diasporla İş üzrə Dövlət Komitəsi ilə indiyə kimi heç bir mövzu, tədbir ilə bağlı hansısa bir yaxınlığımız, əməkdaşlığımız, dialoqumuz olmayıb. İllərdir ki, bu belədir və bu vəziyyət dəyişmir. Əgər siz məndən bu vəziyyətin səbəbini soruşsanız, inanın ki, mən də bilmirəm. Mənə elə gəlir ki, bunun səbəbini onlardan soruşsanız, daha məqsədəuyğundur. Amma bunu xüsusilə vurğulamaq istəyirəm ki, bizi tanımaqları, bilməkləri o qədər də əhəmiyyət kəsb etmir. Nəticədə biz işimizi görürük. Köməyə, dəstəyə, məsləhətə, əməkdaşlığa ehtiyacımız olduğu bəzi məsələlərdə də Azərbaycanın Belçikadakı səfirliyindən lazımı dəstəyi alırıq. Bunun xaricində indiyə kimi heç bir dövlət adamından, dövlət orqanından, Diasporla İş üzrə Dövlət Komitəsi başda olmaqla, heç bir yardım, kömək görməmişik. Əslində, Diasporla İş üzrə Dövlət Komitəsinin ən çox maraq göstərməli, ən çox dəstək verməli olduğu yer məhz Belçikadır. Bir şeyi unutmamalıdırlar ki Belçika dünyanın mərkəzi olan bir ölkədir. Dünyanın ürəyi məhz bu ölkədə atır, dünyanın taleyi, siyasi hadisələrin gedişi burada müəyyənləşir, hərbi, iqtisadi qərarların qəbulu məhz bu ölkədə gerçəkləşir. Komitəyə nə qədər məktublar yazdıq, müraciətlər etdik, maraqlanın, dəstək verin, vəsaitlə kömək edin, amma illərdir buradakı təşkilatlara münasibət dəyişmir ki, dəyişmir. Bir dəfə maraqlanmırlar ki, bu ölkədə diasporun vəziyyəti necədir. Heç kimin diqqətini çəkmir. Avropada ən fəal təşkilatlar da bəlkə də buradadır. Sadəcə, bir məsləhət verə bilərəm ki, prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Qurultayında söylədiklərinə bir daha qulaq asıb, xatırlasınlar.

- Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı hansı əlamətdar tədbirlər olub? Orada Azərbaycan mədəniyyətinə münasibət necədir? Milli mədəniyyətimizin təbliği onlarda maraq oyada bilirmi?

- Bu günə qədər çoxsaylı mədəniyyət tədbirlərimiz olub. Bura müxtəlif konsert və sərgilər, küçə şənlikləri və mədəniyyət çadırlarını aid etmək olar.  Ən mühüm tədbirlər kimi Azərbaycan qartalları və Bakı ulduzları folklor rəqs qruplarının konsertlərini, Novruz bayramı münasibətilə keçirilən muğam günlərini, Ham şəhərində təşkil etdiyimiz mədəniyyət çadırlarını qeyd edə bilərəm. 2011-ci il mart ayının 17-də Avropa Parlamentində “Azərbaycan-Aİ münasibətləri və mədəniyyətlərarası dialoq” adlı konfransımız isə daha genişmiqyaslı idi.  Konfransa məruzəçi qismində Azərbaycandan qatılmış ekspertlərimiz iştirakçılara Azərbaycanda dini icmaların vəziyyəti, qeydə alınması və fəaliyyəti, dini dözümlülük və tolerant mühit,   eyni zamanda işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsinin ermənilər tərəfindən dağıdılması barədə geniş məlumat verdilər. Təbii ki, bu tədbirlər hər zaman böyük coşğu ilə qarşılanır, belçikalıların və avropalıların geniş marağına səbəb olur. Cəmiyyətimizin əsas məqsədi Azərbaycan mədəniyyətini tanıtmaq olduğu üçün bu sahəyə xüsusi diqqət ayrılır.

- Təmsil olunduğunuz ölkədə təşkilatların diplomatik nümayəndəliyimizlə əlaqələri hansı səviyyədədir?

- Söhbət Belçikadan gedirsə, mən Azərbaycanın Brüsseldəki səfirliyi ilə əlaqələrimizdən yalnız məmnunluğumu ifadə edə bilərəm. Fəaliyyətlərimiz və həyata keçirdiyimiz layihələrlə bağlı səfirliyimiz tərəfindən hər zaman dəstəklənmişik. Bunu mən digər diaspor təşkilatlarımıza da aid edə bilərəm. Diplomatik nümayəndəliyimiz bütün görüşlərimiz zamanı Azərbaycanın milli maraqlarının qorunması ilə bağlı bütün layihələrə dəstək verdiyini və bundan sonra da verəcəyini bəyan edib.  

- Belçikada təhsil alan azərbaycanlı gənclər çoxdurmu? Onlarla münasibətləriniz necədir? Onlar müəyyən problemlərlə bağlı təşkilatınıza tez-tez müraciət edirlərmi?

- Əvvəllər tələbələrimizin sayı doğrudan da çox az idi. Lakin ilbəil Belçikaya təhsil almaq və ya qısa müddətli stajlarda iştirak etmək üçün gələn gənclərimizin sayı artır. Bura dövlət xətti və şəxsi imkanları ilə təhsil almağa gələnlər aiddir. Bir cəmiyyət olaraq biz onlara imkan daxilində yardımçı olmağa çalışırıq. Sevindirici cəhət isə odur ki, tələbələrimizlə bağlı ciddi problemlər yoxdur. Onların Belçikanın müxtəlif təhsil ocaqlarında oxumaları və təhsillərini uğurla başa vurmaları çox vacibdir. Bu həm də Azərbaycanın ən azından bir təhsil ocağında tanınması deməkdir.

12.06.2012 15:41 / Hits: 907 / Print
 
    Bu bölmədə
     News feed
    20.05.2019
    17.05.2019
    16.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo