İlhamə Quliyevanın Flora Kərimovanın pulunda gözü yoxdur

Şəfiqə Nağıyeva: “Onun məqsədi 3 min manat cəriməni alıb qocalar evinə verməkdir”

 

Adəm Abbaslı/AZADİNFORM. Xalq artisti İlhamə Quliyevanın vəkili Şəfiqə Nağıyeva “Azadinform”un suallarını cavablandırıb.

- İki tanınmış insan, tamaşaçıların hörmət etdiyi görkəmli sənətkarlar. Hər ikisi Xalq artisti. Şəfiqə xanım, tərəflər arasında nə baş verir?

- Artıq neçə illərdir ki, İlhamə xanımla Flora xanım arasında məhkəmə mübahisələri gedir. 4 il bundan əvvəl İlhamə xanım Flora xanımı şərəf və ləyaqətin müdafiəsi, işgüzar nüfuzun aşağı salınması ilə bağlı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia tələbi ilə Nəsimi Rayon Məhkəməsinə vermişdi. Bu isə cavabdeh Flora Kərimova tərəfindən uzadılırdı. Çünki o, qarşılıqlı iddia vermişdi. Qarşılıqlı iddiaya isə məhkəmə etiraz edərək qəbul etməmişdi. Bundan sonra F.Kərimova apelyasiya şikayəti vermişdi. Qarşı tərəfin şikayətini Apelyasiya Məhkəməsi də qəbul etməmişdi. Sonra o, şikayətini Ali Məhkəməyə vermişdi və orda da müsbət cavab almamışdı. Beləliklə, qarşı tərəf müxtəlif məhkəmə qərarlarından şikayətlər verə-verə bu prosesin ömrünü 4 ilə qədər uzatdı. Hal-hazırda isə Nəsimi Rayon Məhkəməsi tərəfindən işə baxılıb və qərara alınıb ki, Flora Kərimova İlhamə Quliyevaya vurduğu mənəvi ziyana görə 3 min manat cərimə olunmalıdır.

- Flora xanım mətbuata bildirib ki, İlhamə Quliyeva məhkəməni tanışlıqla udub. Şəfiqə xanım, qarşı tərəfin vəkili olaraq bu fikrə münasibətiniz necədir?

- Necə yəni?! Azərbaycanda məhkəmə dövlətin adından qərar çıxarır. Heç bir tanışlıq da ola bilməz. Belə bir şey ola bilməz! Fikirləşin, müstəqil bir dövlətdə müstəqil fəaliyyət göstərən məhkəmələrə tanışlığın təsiri ola bilərmi?! O sözün arxasında dayanmaq lazımdır. Flora Kərimovanın bu fikri məhkəmələrimizə böhtan atmaq kimi bir şeydir.

- Məhkəmənin qərarı ilə İlhamə Quliyevaya uduzan Flora Kərimova belə bir fikir də səsləndirib ki, İlhamə Quliyevanın ömrü çatacaqmı o pulu məndən almağa?! Bunu necə başa düşmək və qiymətləndirmək olar?

- Niyə çatmır ki!? İlhamə xanım hələ 100 ildən artıq yaşayacaq. Bir də ki, İlhamə xanımın şərəf və ləyaqətini təhqir edən, işgüzar nüfuzuna xələl gətirmək istəyən bir şəxslə məhkəməyə qədər gəlməsi onun hansısa ehtiyacından irəli gəlmir. İlhamə xanım sadəcə, öz vətəndaşlıq hüquqlarından istifadə edərək məhkəməyə müraciət edib. Onun Flora xanımın pulunda gözü yoxdur. İlhamə xanım o pulu özü üçün istəmir. Onun məqsədi məhkəmənin qərarıyla təyin olunan 3 min manat məbləğindəki cərimə pulunu alıb qocalar evinə verməkdir.

- Flora xanım bildirib ki, mən 140 manat pensiya alıram. Bəlkə Flora xanım bunu dilə gətirməklə bu pulu ödəyə bilməyəcəyinə işarə edir?!

- O bizim problemimiz deyil. Məhkəmə dövlətin adından qərar çıxarıb və həmin qətnamə icraya göndəriləcək. Amma hələ ki, Flora xanımım son məhkəmə qərarından apelyasiya şikayəti verib-verməyəcəyi də məlum deyil. Demək istəyirəm ki, məhkəmənin məlum qərarı qanuni qüvvəyə mindikdən sonra icraya gedəcək. Bu zaman isə icra məmurları məhkəmənin qərarını İlhamə xanımım xeyrinə icra etməlidirlər.

- Şəfiqə xanım, Flora Kərimova bildirib ki, ilk olaraq sizin müvəkkiliniz onu təhqir edib. Bu fikrə münasibətiniz varmı?

- Bu, tamamilə yanlış bir fikirdir. Düz dörd ildir ki, mənim müvəkkilim Flora Kərimovadan məhkəməyə şikayət ərizəsi verib. Qarşı tərəf isə bu dörd ildə məhkəmənin bu işə baxmasına imkan verməyib. Yenə deyirəm, bizim üçün müsbət sayılan bütün qərarlardan şikayət verə-verə bu prosesi bu günə qədər uzatdılar. Və nəhayət, məhkəmə bu işə baxdı.

- Şəfiqə xanım, bəs tərəflər arasında təhqiredici məqamlar davam edir, yoxsa səngimə var?

- Şəxsən İlhamə xanım Flora xanımı təhqir eləməyib. Mən yalnız onu deyə bilərəm ki, mən bu problemlə əlaqədar İlhamə xanımın vəkili olaraq 6 məhkəmə prosesində iştirak eləmişəm və mən yalnız o məhkəmələrdən açıqlamalar verə bilərəm. Təhqirlər haqqında isə açıqlamalar verə bilmərəm. İxtiyarım yoxdur.

25.05.2012 13:35 / Hits: 648 / Print
 
    Bu bölmədə
     News feed
    20.05.2019
    17.05.2019
    16.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo