Bakıda hər şey əladır, çox xoşuma gəlir

Nina Badric: “Tünzalə Ağayeva ilə duet oxumaq istərdim”

 

Ümidə Həsənli. “Azadinform”un suallarını Xorvatiyanın “Eurovision-2012” təmsilçisi Nina Badric cavablandırıb.

- Çıxışa hazırsınızmı?

- Çox həyəcanlıyam. Çünki ilk dəfədir “Eurovision” Mahnı Müsabiqəsində iştirak edirəm. Bu mənim karyeramda bir ilkdir. Burda olduğuma görə çox xoşbəxtəm. 9 yaşımdan oxuyuram, 20 illik professional səhnə təcrübəm var. Bu müsabiqə mənim üçün yeni təcrübədir və burda olmaqdan məmnunluq duyuram. Məşqlərimiz çox uğurla keçdi. Çalışacağam ki, səhnədə əlimdən gələni edim.

- Qələbənizə inanırsınızmı?

- İnsanlar tərəfindən 20 ildir sevilən bir müğənni hər zaman seviləcək. Mənim pərəstişkarlarım və ölkəm üçün qalib olub-olmayacağım fərq etmir. Çünki onlar məni belə də sevir və dəstəkləyir. Bu belə də davam edəcək. Çox xoşbəxt qadınam ki, ölkəm məni sevir. “Bakı Cristal Zal” həyatımda gördüyüm ən böyük səhnələrdən biridir. Bakı gözəldir, burada hər şey əladır, çox xoşuma gəlir. Xüsusilə İçərişəhər, milli yeməklərinizi sevdim, çox dadlı xörəkləriniz var. İçərişəhərdə paxlava və qutaba qonaq olduq, ayran içdik. Çox ləzzətlidir. İnsanlara isə qonaqpərvərlik və mehribançılıqlarına görə minnətdaram. Bakıda özümü evimdəki kimi hiss edirəm. Lakin “Bakı Cristal Zal” bir az soyuqdur (gülür), bu isə səsə ziyandır.

- “Eurovision” səhnəsində mahnı, yoxsa performans gözəl olmalıdır?

 - Tək mahnı və performans yox, iştirakçıdan hər şey tələb edilir, istedad, bacarıq, inam, güvən, gözəl səs. Bunlar olarsa, qalib gəlmək şansı çoxdur.

- Musiqidən başqa hansı maraqlarınız var?

- Model kimi də fəaliyyət göstərirəm. Məşhur saat firmalarından birinin simasıyam. Humanitar fəaliyyətlə məşğul olmağı da sevirəm. Musiqinin popdan caza qədər demək olar ki, bütün janrlarında ifa edə bilirəm, eyni zamanda bəstəkar kimi də fəaliyyət göstərirəm. Elə “Eurovision-2012”-də ifa etdiyim “Nebo” mahnısının müəllifi özüməm. Mən ömrümü tam olaraq musiqiyə həsr edirəm, musiqi mənim həyatımdır. Digər maraqlarıma gəldikdə isə səyahəti çox sevirəm.

- Müsabiqədə favoritiniz və rəqibiniz kimdir?

- Favoritim İsveç təmsilçisi Loreendir. Onun gözəl səsi, performansı var. Rəqibə gəldikdə isə düşünürəm ki, hər kəs güclüdür.

- Azərbaycan haqqında planlarınız varmı?

- Azərbaycanın çox gözəl milli mahnıları var. Tünzalə Ağayevanı dinləmişəm, çox gözəl səsi var, onunla duet oxumaq istərdim.

24.05.2012 17:16 / Hits: 691 / Print
 
    Bu bölmədə
     News feed
    20.05.2019
    17.05.2019
    16.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo