Beynəlxalq güclərə təsir etməklə məsələnin həllini tezləşdirməliyik

Rövşən Rzayev: “ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsinin əleyhinəyik”

 

Mübariz Aslanov/AZADİNFORM. Millət vəkili, Dağlıq Qarabağın Azərbaycan İcmasının sədr müavini Rövşən Rzayev “Azadinform”un suallarını cavablandırıb.

- Rövşən müəllim, son vaxtlar Qarabağ münaqişəsinin nizamlanmasında yeganə vasitəçi olan ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı artan narazılıq belə bir fikir yaradıb ki, artıq heç bir vasitəçiyə ehtiyac yoxdur, problemi üçüncü tərəf olmadan yalnız tərəflər qonşuluq amillərinə əsasən özləri həll edə bilərlər...

- Mən bir balaca fərqli fikirdəyəm. Bu gün zaman fərqli formada davam edir. Ona görə də mən o fikirdə olanlardan soruşuram ki, əgər bu zamanda biz ermənilərlə dil tapa bilirdiksə, bu problem niyə baş verdi? Niyə Xocalı hadisəsi oldu? Bütün bunlar göstərir ki, üçüncü -  nizamlayan tərəf olmasa, ermənilər heç vaxt bizi anlamaq istəməyəcəklər. Əlbəttə, mən bu mövqedə olanların o fikri ilə şərikəm ki, məsələnin həllində coğrafi və tarixi amillər - qonşuluq prinsipi daha cəlbedici görünür. Amma təəssüf ki, ermənilər bu məsələlərdən uzaqdırlar. Ona görə də təbii ki, üçüncü tərəf mütləq olmalıdır. Hətta mən deyərdim ki, məsələnin inkişafı məhz vasitəçi tərəfin aktivliyindən asılıdır.
Bilirsiniz, reallıq odur ki, müasir dövrdə dünyada aparıcı dövlətlər var. Bunlar arasında ABŞ, Rusiya, Avropa ölkələri, xüsusilə Fransa var... İstəsək də, istəməsək də, bu gün onlar dünyada aparıcı rol oynayırlar. Bu məsələnin həllində də onlar zamin olmalıdırlar ki, ermənilər yenidən bizimlə müharibəyə başlamayacaqlar...

- Bəs icmaların görüşü, ümumiyyətlə, xalq diplomatiyası nə vəd edir?

- Xalq diplomatiyası ilə biz ancaq məsələnin sülh yoluna yönəlməsini sürətləndirə bilərik. Yəni gözlənilən nəticə daha tez əldə olunsun, qaranlıq tərəflər daha tez aydın olsun. Eyni zamanda, bu diplomatiya bir tərəfdən icmalar arasında itirilmiş etibarı, münasibətləri bərpa edə bilər. Bununla gələcəkdə problem həll olunduqdan sonra tərəflər arasında daha tez ünsiyyət qurula bilər. Amma xalq diplomatiyası o demək deyil ki, münaqişənin nizamlanmasını biz həll edə bilərik. Bu diplomatiya sülh müqaviləsini həll edəcək deyil, təəssüf ki, indi çoxları məsələyə belə don geyindirilər. Lakin reallıq odur ki, əsas həll edici məqam - sülh müqaviləsinə nail olmaq vasitəçilərin iştirakı ilə yalnız ölkə rəhbərləri arasında, onların apardığı danışıqlar əsasında ola bilər. Bizim missiyamızın da məqsədi odur ki, əgər icmalararası, xalqlararası münasibətlər köhnə münasibətlərə qayıtsa, o zaman bu, problemin həllindəki fəaliyyətdə çox böyük rol oynaya bilər.

- Son günlər Fransada gündəmə gələn “erməni soyqırımı” ilə bağlı məlum qanundan sonra bu ölkənin Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasından kənarlaşdırılması aktuallaşıb. Ümumiyyətlə, siz hazırda ATƏT Minsk Qrupunun formatının dəyişdirilməsinə necə baxırsınız?

- Mən bunun tərəfdarı deyiləm. Biz icma olaraq daha çox tərəfdarıyıq ki, Fransa Minsk Qrupu çərçivəsində Avropa İttifaqı ölkələrinin timsalında çıxış etsin. Yəni Fransadakı bəzi qüvvələr Fransanı öz ənənəvi imicində çıxış etməsinə imkan yaratsınlar. Fransa bu məsələdə də tarixdə olduğu kimi Avropa ölkələrinin mövqeyindən çıxış etsin. Çünki əsl Fransanın Avropada xüsusi çəkisi var. Ona görə də Fransanın ATƏT Minsk Qrupunun tərkibindən çıxarılması fikrinin əleyhinəyik. Ümumiyyətlə, Minsk Qrupunun formatının dəyişdirilməsi fikri ilə razı deyilik. Şəxsən mən birmənalı bunun əleyhinəyəm. Çünki hər hansı bir format dəyişsə, bu, yenə də məsələnin daha 5-10 il uzanmasına rəvac verəcək. Format dəyişdiyi halda ermənilər, onların havadarları bunu bəhanə gətirib vaxt əldə etmək üçün şans əldə etmiş olacaqlar. Buna görə də hesab edirəm format dəyişmək ətrafında düşünməkdənsə, bir tərəfdən xalq diplomatiyasına güc verməklə, digər tərəfdən, ölkə başçısının rəhbərliyi altında beynəlxalq güclərə təsir etməklə məsələnin həllini tezləşdirməliyik.

- Bu gün şüurlarda belə bir deyim də hakimdir ki, Qarabağ münaqişəsinin açarı Rusiyada, Kremldədir...

- Bugünkü Ermənistan hakimiyyəti ictimaiyyətə sübut eləməyə çalışır ki, onlar Qarabağ müharibəsinin qalibidirlər. Bu onların yeganə böyük təbliğatı olmaqla yanaşı, həm də yanlış bir fikirdir. Amma hamı birmənalı olaraq bilməlidir ki, birinci Qarabağ müharibəsini biz bölgədə yerləşən peşəkar 366-cı rus alayına uduzmuşuq. Hansı ki, həmin alayda keçmiş SSRİ-dən qalma və Rusiya tabeçiliyində olan peşəkar hərbçilər cəmləşmişdi. Ona görə də bu problemin yaranmasına əgər o zamankı Rusiyanın siyasi hakimiyyəti imkan veribsə, biz də çalışmalıyıq ki, açarı hələ də özündə saxlayan Rusiyanın indiki hakimiyyəti ilə münasibət qurub problemi həll edə bilək. Problemi həll etmək üçün real variantlar üzərində işləmək nəticəyə daha tez çatmaq üçün əsas şərtdir.

9.03.2012 16:03 / Hits: 471 / Print
 
    Bu bölmədə
     News feed
    19.04.2019
    18.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo