Xarakterimdə muğam sənətinin xüsusiyyətləri var

Təyyar Bayramov: “Qarabağ səsləri o torpağın suyunun, havasının möcüzəsidir”

 

Ümidə Həsənli. “Azadinform”un suallarını Əməkdar artist Təyyar Bayramov cavablandırıb.

- Keçən il yadınızda necə qalacaq, hansı uğurlarınız oldu?

- 2011-ci ildə biz bir çox xarici ölkəyə qastrol səfərlərinə getdik, onların arasında ən yaddaqalanları Rusiya, İran, Özbəkistanda dövlət tədbirində iştirak etməyimizdir. Eyni zamanda, yaxın günlərdə çıxacaq diskimiz üzərində demək olar ki, işləri bitirdik. Bunlarla bərabər, Heydər Əliyev Sarayında professor Siyavuş Kəriminin ideyası əsasında Latın Amerika musiqiçiləri ilə bərabər “Salam Hola” layihəsi reallaşdı. Həmin konsert proqramında mənim də 3 ifam yer aldı. Bu da təqdirəlayiq bir iş idi. 2011-ci ildə Bakıda keçirilən 2-ci Beynəlxalq Muğam Festivalını xüsusi qeyd etmək istərdim. Festival çərçivəsində Opera və Balet Teatrında mən  Müslüm Maqomayevin “Şah İsmayıl” operasında bir daha əsas rolun ifaçısı kimi səhnəyə çıxdım. Ən əlamətdar hadisə isə Festival çərçivəsində Beynəlxalq Muğam Mərkəzində mənim solo-konsertimin keçirilməsi oldu. Bir sözlə, keçən il mənim üçün uğurlu yadda qalacaq.

- Ümumiyyətlə,  həyatınızda yaxşı və pis mənada ən unudulmaz il hansı olub?

- Tək mənim yox, bütün millətimizin, xalqımızın ağrılı, qanlı-qadalı günləri Qarabağımızın işğal altına düşməsidir. Mən də Ağdam rayonunda böyümüşəm, doğulduğum, boya-başa çatdığım yerin işğal altına düşməsi həyatımın ən ağrılı yeridir. Həyatdır, hamı əzizlərini itirir, mənim atam da o qadalı günlərdə - müharibədə şəhid olub. Həyatda elə ikilər olur ki, insana çox pis təsir edir. Vətənimin dərdi  millətimizin ağrılı yeridir – bu da bizim Qarabağımızdır. Ən böyük arzum qanımızla, canımızla da olsa, inşallah, torpaqlarımıza dönməyimizdir. 
 
- Xarici ölkələrdən konsert proqramı ilə çıxış etmək, albom buraxdırmaq təklifi almısınız?

- Hər dəfə xarici ölkəyə gedəndə müəyyən təkliflər edilir. Lakin burada bizim iş qrafikimiz vətəndən çox uzaqlaşmağa imkan vermir. Opera və Balet Teatrında müntəzəm olaraq ay ərzində 3-4 dəfə səhnəyə çıxırıq, ustadlarımızdan üzr istəyirəm, artıq 2005-ci ildən mən də muğamın tədrisi ilə məşğul oluram, öz tələbələrimi yetişdirirəm. Ustadlarımız özləri də hər zaman qeyd edirlər ki, müəllimlik peşəsi ilə məşğul olan zaman tələbəni öyrədə-öyrədə xanəndə özü də öyrənir. Bizim muğamlarımız çox çətindir, qəlizdir. Elə muğamlarımız var ki, məkanından asılı olaraq hər zaman ifa olunmur. Lakin tədris edəndə şöbələr, muğamların ayaq hissələri, girişlər-çıxışlar həm yadda qalır, həm də hər dəfə tələbə ilə işləyəndə yeni nəsə öyrənmək olur. Ustadlarımız düz buyurur ki, öyrədə-öyrədə insan öyrənir. Yəni bu baxımdan buradakı işlərimiz, tədbirlər, konsertlər, çəkilişlər Azərbaycandan çox aralanmağa imkan vermir.

- 2006-cı ildən Opera və Balet Teatrının solistisiniz. Çox xanəndə müstəqil fəaliyyət göstərmək üçün burada məhdud çərçivədə olduğunu deyir. Yəni bunu mütəmadi olaraq məşqlər, tamaşalar tam olaraq yaradıcılığa imkan vermir kimi izah edirlər. Bu, həqiqətən belədirmi və siz geniş yaradıcı işlə məşğul ola bilirsinizmi?

- Bu fikirlə heç razı deyiləm. Deyim ki, mən heç, muğam sənətinə yeni qoşulmuşam, artıq 7-8 ildir bu sənətdəyəm, amma yenidir. Çünki muğamı öyrənmək üçün illər, onilliklər lazımdır. Bizim böyük sənətkarlarımız, eləcə də mənim ustadım Mənsum İbrahimov operada ən çalışqan solistdir, baş rolların ifaçısıdır, hər zaman da efirlərdədir, işgüzarlığı ilə seçilir. Görürsünüz ki, heç bir təsir göstərmir. Nəzakət Teymurova, Aygün Bayramova da onun kimi. Əksinə, xanəndə opera səhnəsində daha da mükəmməlləşir, özünü tanıyır. Çünki ora çox çətin bir səhnədir, mikrofonsuz, canlı səslə orkestrin başı üzərindən tamaşaçıya səs ötürmə asan deyil. 

- Opera və Balet Teatrında tərəf-müqabilləriniz arasında ortaq dili necə tapırsınız, sizin üçün tərəf-müqabilinin oyuna bir təsiri varmı?

- Səhnədə tərəf-müqabili çox böyük şərtdir. “Şah İsmayıl” operasında əsas obrazın ifaçısı kimi Şah İsmayıl rolunda mənim bir çox Gülzarlarım var – Şah İsmayılın səhnədəki sevgilisi. Səhnədə onların hərəsindən bir cür emosiya, enerji alıram. Son vaxtlar mən İlahə Əfəndiyeva ilə bu tamaşada oynayıram, tamaşaçılar, gəlib izləyənlər də ifamızın bir-birini tamamladığını deyirlər. Son 5-6 tamaşada operaya yeni gələn Arzu Əliyeva – gənc Ərəbzəngi ilə bir səhnəni bölüşmüşəm.

- Sizdə uşaq vaxtlarından musiqiyə həvəs vardı, yoxsa sonradan yarandı?

- Uşaqlıqdan mənə səsim olduğunu çox demişdilər. Orta məktəbdə də müəllimlərim valideynlərimə bu barədə bildirmişdi. Hələ o vaxtlar müxtəlif dərnəklərdə iştirak edirdim. Mən hər zaman qeyd edirəm ki, Ağdam rayonunda səsi olmaq qeyri-adi bir şey sayılmırdı, ümumiyyətlə, Qarabağda səsi olmayan bir insan yox idi. Sən buradan oxuyurdun, qonşu oradan səsinə səs verirdi. İndi Ağdam rayonunun mərkəzi Quzanlıda yerləşir, orada keçmişdə bütün dünyaya səsə salan “Şur” ansamblı olub. Ağdam rayon icra başçısı Nizami Sadıqov indi o ansamblı bərpa edib, onlarla bir neçə konsertdə iştirak etmişik, doğrudan da həmin o səslər – Qarabağ səsləri, gözəl ifaçılar gəlir. Bu, o torpağın suyunun, havasının  möcüzəsidir.   

- Bəs niyə hüquqşünas olmaq qərarına gəldiniz?

- Mən əvvəllər cinayətkarlarla işləmək, onları tutmaq, hüquqşünas olmağı arzulayırdım. Ona görə gedib “Dinamo” Cəmiyyətində Yunan-Roma güləşi ilə məşğul oldum. Bir müddət məhkəmə sahəsində işlədim. Amma bu sənət, səs məni daha çox özünə çəkdi. Bəlkə də mənə yol göstərən, dəstək olan olsaydı, elə əvvəldən bu sənəti seçərdim. Həm də xarakterimdə muğam sənətinin xüsusiyyətləri var. Çox zaman musiqi ilə hüquqşünaslığın bir-birinə uyğun gəlməyən sahələr olduğunu deyirlər. Mən bunu qeyd edim ki, iksi də eyni xarakterdə olan sahələrdir. Burada söhbət muğam ifaçısından gedir. Muğam ifaçısından da sanbal, ağırlıq tələb edilir, hüquqşünaslardan da, “ağır otur, batman gəl” məsələsi hər iki peşəyə aiddir. Nə olursan ol, hüquqşünas, xanəndə və ya biznesmen ol, əsas odur ki, xalq üçün yararlı bir övlad olasan.  

- Sizcə hüquqşünas olsaydınız bu qədər populyarlıq qazanardınız?

- Xeyr. Təbii ki, populyarlaşmağın sahələri var ki, idmandır, vətənimizi təmsil edirlər tanınırlar, musiqiçilərimiz də hər zaman efirlərdə, radiolarda xalqımızla birbaşa təmasda olurlar və tanınırlar. Hüquqşünaslarımız, əksinə, efirdən kənar olurlar. Təbii ki, bu da onların vəzifəsindən irəli gəlir. 

- Siz tanınandan sonra dostlarınız çoxalıb, yoxsa azalıb?

- Allah canlarını sağ etsin, qeyd edim ki, çoxlu dostum var. Amma mən daha çox 4-5 nəfərlə dostluq edirəm. Onların arasında sənət yoldaşım İlkin Əhmədov, Elnur Zeynalov, Elşad Aydınoğlu və iki dostum da Ağdam rayonunda orta məktəbdə bir yerdə oxuduğum insanlardır. Onlarla hər zaman görüşürük, bir yerdəyik. Təbii ki, insan bir az tanınanda, populyar olanda yaxın təmasda olan insanlar çoxalır. Bu da sənin sənətinə olan sevgidən irəli gəlir. Hansı sahədə olur-olsun əvvəlcə insanın üzərinə düşən vəzifələrdən biri də əhatəni yaxşı seçmək və tanımaqdır. Mənsum müəllimin qoyduğu təməllə mənim dostlarım arasında həm də özümə müəllim hesab etdiyim Elçin Həşimov və Elnur Əhmədovla ailəvi dostluq edirik. Əhatə gözəl olmalıdır. Elə bir yaxşı insan, yaxşı ifaçı ola bilər ki, əhatəsi onu 3-5 aya məhv edə bilər. İnsanın özündən çox şey asılıdır ki, dostunu seçə bilsin.

- Həyat tərziniz, qohum-əqrəbalarla münasibətinizdə nələr dəyişib?

- Bu sənət elə bir sənətdir ki, təbii ki, təsir edir. Qohum-əqrəbaya çox gedib-gələ bilmirik. Bir də görürsən gileylənirlər, “üzünü çoxdandır görə bilmirik” deyirlər.  Deyirəm ki, elə vallah, evə ancaq gedib çata bilirəm. İndi də bizim işləyən, xalq mahnıları, təsniflər, dəsgahlar yazdırıb saxlamaq, arxivə vermək, disklər çıxarmaq  vaxtımızdır. Bizim oturan vaxtımız deyil. 

- Sizcə indiki zamanda pul qazanmaq asandır, yoxsa çətin?

- Həm asandır, həm çətin. Hər sahədə çətinlik olduğu kimi bizim də sahənin öz çətinlikləri var. Bu, xarakterdən də irəli gəlir - hər yerə getmək olmur, çağırılan yerə seçim etmək məcburiyyətində qalırıq.

- Beynəlxalq Muğam Müsabiqəsində mükafat kimi Fəxri fərman və festivalın emblemi ilə bərabər, sizə 20 min avro pul mükafatı təqdim edildi. Sirr deyilsə, o pulu necə xərclədiniz?

- Bu barədə mənə çox sual verirlər. Həyatdır, pul hər zaman insana lazım olur. Disklərimin işıq üzü görməsində istifadə etdim, bir çox mahnımızı, dəsgahımızı yazdırdım, demək olar ki, yaradıcılığa xərclədim.

- Müsabiqədən sonra Əməkdar artist adına layiq görüldünüz, bununla həm də ən gənc Əməkdar artistlərdən biri oldunuz. Qran-Pridən sonra bu adı gözləyirdinizmi? Elə müğənnilər var ki, 20-25 ildir səhnədədirlər, amma hələ də ya Əməkdar artist adını almayıblar, ya da artıq 50-60 yaşları var, hələ də Əməkdar artistdirlər. Belə insanlar tərəfindən müxtəlif fikirlər eşitmədiniz ki?

- Mən sənətə gələndən, artıq nailiyyətlər qazanandan birmənalı olmayan çox fikir eşidirdim. Əvvəl bir az qıcıqlanırdım, sonra Mənsum müəllim dedi ki, “məndən sənə məsləhət: heç vaxt belə şeylərə fikir vermə. Bu, mütləqdir, olacaq. Sənin nəticən varsa, ifa göstərə bilirsənsə, bunlar mütləq olacaq”. Bu da təbii haldır. Məsələn, müsabiqələrdə hərənin öz favoriti olur. Hamı məni sevə bilməz. Hər zaman Mənsum müəllimin sözlərindən sitat gətirirəm, o deyir ki, ola bilər doğma qardaşın sənə qulaq asmasın, başqa insanı sevsin. Bu, təbii haldır. 25 il səhnədə olanların da, 5 il sənətdə olanların da Allah canların sağ etsin. Onu qeyd edim ki, təbii ki, dövlət başçımız, prezidentimiz cənab İlham Əliyevin mənə göstərdiyi böyük etimaddır, mən də o etimadı çalışıb doğrulduram. Heydər Əliyev Fondunun keçirdiyi 3 böyük layihənin - 2005-2006-cı il Televiziya Muğam Müsabiqəsi, 2009-cu ildə keçirilən Ümumrespublika Muğam Müsabiqəsi və Beynəlxalq Muğam Festivalının qalibi olmuşam. Bununla bərabər, opera sənəti ilə məşğulam. Həm də gənc yaşımda mənə bu adın verilməsi gənclərimizə bir stimul, örnəkdir. Bizi izləyən tamaşaçılar, dinləyicilər hər zaman xoş sözlər deyir. İndiki dövrdə insanın üzünə pis söz demirlər. Lakin mən hər zaman qüsurlarımın üzümə deyilməsinin tərəfdarıyam.

- Sizcə, daha professional və püxtələşmiş ifanı xanəndə neçə yaşında nümayiş etdirir?

- Mən onu deyə bilmərəm. Çünki Əlibaba müəllimin 80-dən çox yaşı var, o indi də öyrəndiyini deyir. Xanəndə üzərində işləyəndə müəyyən dövrdən sonra püxtələşə bilər. Əvvəllər deyirdim ki, burada nə var ki, müəyyən muğamlardır, öyrəndin qurtardı. Amma artıq öyrəndikcə görürsən ki, yenə də ehtiyac var. Bu sənətdə öyrənib qurtarmaq mümkün deyil.

- Bir muğam, xalq mahnısı və kompozisiyanın üzərində nə qədər işləyirsiniz?

- Bəzən bir il, bir il yarım oxuyandan sonra yetişdiyini gördüyüm mahnılar var, birdən də elə olur ki, hansısa mahnı, əsər xoşuma gəlir, bir həftə, 10 günə onu götürüb hazırlayıram. Ancaq sonra fikir verəndə görürəm ki, neçə aylar ərzində oxuduğun ifa daha mükəmməldir, o mahnını daha çox hiss edirəm. Az bir vaxtda yazdırdığın mahnını sonra deyirsən ki, başqa cür oxuyardım, başqa cür edərdim, daha çox vaxt sərf edərdim.

- Repertuarınızda bəstəkar mahnılarına yer verirsinizmi, yoxdursa müraciət etmək fikriniz varmı?

- Yeni üzərində çalışacağımız disklərdə bəstəkar mahnıları yer alacaq.

- Milli mahnılarımız və muğamlarımızın ifaçısısınız, maraqlıdır, başqa janrlarda olan, məsələn, rok, pop, caz, estrada musiqiləri dinləyirsinizmi?

- Xarici musiqilərə qulaq asmıram. Ola bilsin ki, bu mənim mənfi cəhətimdir. Bütün janrlarda ancaq öz musiqimizə qulaq asıram, radioda, televiziyada rast gələndə başqa kanala çevirmirəm, öz musiqimizi dinləyirəm. Estrada janrında müəyyən sevdiyim ifaçılar var, məsələn, Röya çox gözəl ifaçıdır, Ayaz Qasımov çax yaradıcı bir müğənnidir, Xatirə İslama qulaq asıram, yaxşı səsi, yaxşı ifaları var. Türk musiqilərinə qulaq asıram. Məsələn, İbrahim Tatlısəsi günlərlə dinləyərəm. Çingiz Kurtoğlunin ifasını bəyənirəm. Şərt o deyil ki, biz muğam ifaçısıyıq və ancaq bu janra qulaq asmalıyıq. Lakin ən çox klassik muğamları dinləyirəm.

- Duet ifalara münasibətiniz necədir, hansı həmyaşıdlarınız və ya sənətkarlarımızla duet oxumusunuz və oxumaq istərdiniz?

- Artıq bir çox duetimiz var, Vəfa Orucova, Arzu Əliyeva  ilə mahnılar oxumuşam. Estrada müğənnilərindən 3 nəfər mənə duet oxumaq üçün müraciət edib, ancaq məsləhət bilmədim. Ola bilər səviyyəli şəkildə olsun, gələcəkdə oxuyum.

17.02.2012 12:03 / Hits: 917 / Print
 
    Bu bölmədə
     News feed
    19.04.2019
    18.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo