3000-ə yaxın ailəni dolandıracaq zavodun tikintisi əngəllənir

Hasan Yalçınkaya: “Azərbaycanda istehsal edilən sementin və hazır betonun keyfiyyəti daha da yüksələcək”

 

“Norm” MMC-nin baş direktoru Hasan Yalçınkaya ilə müsahibə

- Hasan bəy, zəhmət olmasa rəhbərlik etdiyiniz “Norm” MMC-nin əsas fəaliyyəti barədə məlumat verərdiniz.
- Azərbaycanın yeni yerli şirkəti olan “Norm” MMC “Qızıldaş Sement” zavodunun tikintisinə başlayıb. “Qızıldaş Sement” zavodu Qafqazda ən böyük sement istehsalçısı olmaqla yanaşı, Xəzər bölgəsində API standartlarına uyğun quyu sementini istehsal edən yeganə sənaye müəssisəsi olacaq və bunun sayəsində Azərbaycan bölgənin neft hasilatçıları üçün sement ixracatçısına çevriləcək. Son üç il ərzində on min hektar ərazidə geoloji axtarış, təxminən min hektar sahədə isə qazıntı yolu ilə geoloji-kəşfiyyat işləri aparılıb, iki minə yaxın xammal nümunəsi ölkənin müxtəlif regionlarından toplanaraq Almaniyanın, Fransanın, Hindistanın, ÇXR və Türkiyənin ixtisaslaşdırılmış laboratoriyalarında sınaqdan keçirilib. “Qızıldaş Sement” zavodunun tikintisi və xammal təchizatı üçün tələb olunan ərazilər “Norm” MMC tərəfindən müəyyən edilərək icarəyə götürülüb. Ötən üç il ərzində geniş miqyaslı hazırlıq işləri həyata keçirilib, zəruri topoqrafiya işləri aparılıb, xammal ehtiyatları hesablanıb, habelə zavodun konsepsiyası işlənib hazırlanıb. Qeyd edək ki, zavodun əsas texnoloji avadanlıqları Almaniyanın və Avropanın digər ölkələrinin ən qabaqcıl şirkətləri tərəfindən təchiz ediləcək. Bakının Qaradağ rayonunda inşa edilməkdə olan “Qızıldaş Sement” zavodu ildə iki milyon ton sement istehsal edəcək.
- Şirkətinizdə təxminən nə qədər işçinin çalışmasını planlaşdırırsınız və gerçəkləşdirmək istədiyiniz başqa layihələriniz varmı?
- Bu layihə yeni iş yerlərinin açılması baxımından da böyük əhəmiyyət kəsb edir. Belə ki, zavodda bilavasitə 400 nəfər, xammal mədənlərində isə 100-150 nəfər fəaliyyət göstərəcək. Bundan əlavə, istehsaldan satışadək, o cümlədən kimya, nəqliyyat, yanacaq, qida və digər xidmət sahələrində daha 2500 nəfər ümumi dəyər zəncirindən bəhrələnəcək ki, bu da 3000-ə yaxın ailəni gəlirlə təmin edəcək. Şirkətimizi işçi qüvvəsilə təmin etmək məqsədilə zavodun yerləşdiyi əraziyə qonşu qəsəbələrdə fəaliyyət göstərən peşə məktəblərində sement istehsalı ilə əlaqədar müvafiq hazırlıq kursları və maddi texniki bazanın yaradılması da planlarımızdadır.
“Qızıldaş Sement” layihəsi sıfırdan qurulduğundan ərazilərdə əsaslı infrastruktur yaradılacaq; hal-hazırda yarımsəhra tipli torpaqlarda yaşıllaşdırma, abadlaşdırma işləri aparılacaq; müxtəlif yardımçı kommunikasiyaların çəkilməsi ətrafdakı yaşayış məntəqələrinə də xidmət etməklə əhalinin həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxaracaq. Zavodun fəaliyyətinin ilk on ili ərzində Azərbaycan büdcəsinə təxminən 200 milyon manat vergi ödənəcək. Azərbaycanda istehsal edilən sementin və hazır betonun keyfiyyəti daha da yüksələcək.
- İlk istehsala başlamağı nə vaxta planlaşdırırsınız?
- Zavodun 2013-cü ilin sonunda istismara verilməsi nəzərdə tutulub. Lakin çox böyük təəssüf hissi ilə qeyd etmək istərdim ki, işimizin nəzərdə tutulan qrafik üzrə getməsini əngəlləyən bir sıra amillər də var. Əgər bu əngəllər olmasa, zavod planlaşdırılan zamanda işə başlaya biləcək.
- Deyə bilərsinizmi bu əngəllər nədən ibarətdir?
- Biz xammal əldə etmək üçün Qaradağ rayonu ərazisindəki “Karvansaray” adlanan yatağı icarəyə götürmüşük. Həmin yatağı istismar etmək üçün hazırlıq işlərinin aparılmasına ehtiyac var. Lakin bir sıra şəxslər baş nazirin və Bakı şəhər İcra Hakimiyyətinin sərəncamları əsasında bizə ayrılmış ərazini qeyri-qanuni tutaraq istismar edirlər. Həmin şəxslərə sözügedən ərazinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə bizim şirkətə verildiyini və ərazini qeyd-şərtsiz tərk etməli olduqlarını bildirsək də, təəssüf ki, bütün müraciətlərimizi qulaqardına vururlar və ölkəmizin iqtisadi qüdrətinin artırılmasında əhəmiyyətli rol oynayacaq bir layihənin gerçəkləşməsini ləngidirlər.  

10.02.2012 14:56 / Hits: 453 / Print
 
    Bu bölmədə
     News feed
    19.04.2019
    18.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo