Avarçəkənlərimiz Polşaya yollanır

Seymur Əliyev/AZADİNFORM. Kayak və kanoe üzrə böyüklərdən ibarət Azərbaycan milli komandası mayın 5-də Polşanın Poznan şəhərinə yollanacaq. Milli Avarçəkmə Federasiyasından “Azadinform”a verilən məlumata görə, yığmamızın baş məşqçisi Aleksandr Kolıbelnikov və onun köməkçisi Anatoli Dudnikin başçılıq edəcəyi nümayəndə heyətinin tərkibində 10 idmançı yer alacaq. Bunlar kayakçılar N.Fiklisova, M.Cavadov, R.Vəlizadə, T.Mustafayev, kanoeçilər V.Demyanenko, A.Əliyev, S.Bezuqlıy, M.Prokopenko, A.Kraytor və B.Kurudzdur.

Təmsilçilərimizin ilk sınağı mayın 6-da Polşanın Poznan şəhərində start götürəcək Dünya Kubokunun I mərhələsi olacaq. Üç gün davam edəcək yarışda millimiz əvvəlki illərlə müqayisədə daha geniş tərkibdə mübarizə aparacaq.
Ardından kayak və kanoeçilərimiz Polşada qalaraq, daha 3 nüfuzlu yarışa hazırlıq məqsədilə təlim-məşq toplantısı keçəcəklər. Həmin yarışlar 27- 29 mayda Almaniyanın Duysburq şəhərində təşkil ediləcək Dünya Kubokunun III mərhələsi, 17–19 iyunda Serbiyanın paytaxtı Belqradda keçiriləcək Avropa çempionatı, 17–21 avqustda Macarıstanın Seqed şəhərində baş tutacaq 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya çempionatı olacaq.
Kayak və kanoeçilərimiz, eyni zamanda, 1–4 sentyabrda Böyük Britaniyanın Eton şəhərində London olimpiadası öncəsi test yürüşündə qüvvələrini sınayacaqlar.

27.04.2011 17:29 / Hits: 515 / Print
 
    Bu bölmədə
     News feed
    18.02.2019
    15.02.2019
    14.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo