Yaxın Şərqdəki bütün faciələrin arxasında Qərbin yürütdüyü siyasət dayanır

ABŞ-ın keçmiş dövlət katibi, tanınmış diplomat və ictimai-siyasi xadim Henri Kissincer bu yaxınlarda “Handelsblatt” nəşrinə müsahibəsində bəşəriyyəti gözləyən yeni təhlükələr və Yaxın Şərqdəki münaqişələrə toxunub. O, Qərb ilə Rusiya arasında yenidən “soyuq müharibə”nin başlama təhlükəsinə diqqət çəkib, baş verəcəyi halda bunun tarixi faciə olacağını vurğulayıb. Dünya şöhrətli diplomat Yaxın Şərqi hazırda ən həyəcanlı region kimi qələmə verib, bu regionda mövcud rejimlərə qarşı çıxışların, müxtəlif dini qruplaşmalar arasında münaqişələrin illərdir davam etdiyini söyləyib. Belə bir ərəfədə mediada Ağ Evə istinadən Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən getmə tarixi barədə məlumatlar da yayılıb. Həmin məlumatlarda qeyd olunub ki, Vaşinqtondan Suriya münaqişəsi ilə məşğul olan ekspertlərə məxfi sənəd göstərilib. Bu sənəddə Bəşər Əsədin yeni Amerika prezidentinin hakimiyyətə gəlişindən 2 ay sonra, yəni 2017-ci ilin martında postundan getməli olacağı əksini tapıb. Yaxın Şərqdə və ümumilikdə dünyada cərəyan edən proseslərlə bağlı “Kaspi”nin suallarını Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli cavablandırır.


 

- Elçin müəllim, ABŞ-ın keçmiş dövlət katibi H.Kissincerin Qərb ilə Rusiya arasında yenidən “soyuq müharibə”nin başlaması barədə fikrinə münasibətiniz necədir? Belə bir müharibə təhlükəsi nə dərəcədə realdır?


- Təhlükə artıq yaranıb. Xüsusən ABŞ və Rusiya arasında “soyuq müharibə”nin nüansları çoxdan özünü büruzə verməyə başlayıb. Oxşar paralellər aparsaq, hadisələr Vyetnam müharibəsi dövründə, bir qədər də irəliyə getsək Əfqanıstanda olduğu kimidir. İndiki şəraitdə Qərblə Rusiya arasında münasibətlərin normal məcraya yönəldilməsi üçün kifayət qədər zaman lazım gələcək. Çünki buna mane olan amillər çoxdur. Bu qarşıdurmanın genişlənməsi prinsip etibarilə faciəyə o baxımdan səbəb ola bilər ki, dünyada mövcud olan bütün təhlükəsizlik mexanizmləri sıradan çıxmış olsun. Reallıqda təhlükəsizlik mexanizmlərinin bir hissəsi öz əhəmiyyətini itirib. BMT Təhlükəsizlik Şurası çərçivəsində bu günə qədər mövcud olan uzlaşmalar artıq mümkün olmur, bir çox hallarda sərt qarşıdurmalara gətirib çıxarır. Bu mənada Kissincerin fikirlərini bölüşmək olar. Proseslərin bu şəkildə davam etməsi, eyni zamanda Rusiya iqtisadiyyatında yaranan ciddi böhran rəsmi Moskvanın daha sərt siyasət yürütməsinə zəmin yarada bilər. Tarixə fikir versək görərik ki, Rusiyanın başlatdığı müharibələr, yaxud aqressiv siyasət yürütdüyü zaman kəsikləri adətən bu ölkənin daxilində iqtisadi böhranların güclü səviyyədə olduğu dövrlərə təsadüf edir.


- H.Kissincerin də ən həyəcanlı region kimi qələmə verdiyi Yaxın Şərqdə illərdir davam edən müharibələr, günahsız insanların qətliamı, mövcud rejimlərə qarşı çıxışlar, müxtəlif dini qruplaşmalar arasında münaqişələr nə üçün sona çatmır, bu ərazilərdə normal dövlət üsul-idarəsi qurulmur?


- Burada bir çox səbəb var. Bunun birincisi bu regionda olan rejimlər və bu rejimlərin bir çox hallarda ABŞ, yaxud ayrı-ayrı güclər tərəfindən idarə olunması, ikili standartlar, əhalinin təhsil və mədəni səviyyəsinin həddən artıq aşağı olması, demokratik dəyişikliklərə hazır olmamalarıdır. Bundan başqa, regionda iqtisadiyyatın əsasən enerji sektoru və ticarət amilləri üzərində qurulması da müəyyən problemlər yaradır. Kissincer gözəl danışır, lakin təəssüflər olsun ki, müasir dünya onun şahmat taxtası üzərində təsəvvür etdiyi kimi deyil. İndi tamamilə fərqli reallıqlar formalaşıb. Bu reallıqların meydana gəlməsində də Kissincerin təmsil etdiyi ölkənin bilavasitə rolu var. Çünki monarxiya rejimlərinin dəstəklənməsi və bunun qarşılığında hətta ən pis formada olsa belə, respublika üsul-idarəli dövlətlərin daxili işlərinə müdaxilə, həmçinin bu ölkələrdə inqilabların gerçəkləşdirilməsi nəticə etibarilə müxtəlif faciələrə yol açıb. Hazırda ABŞ Səudiyyə Ərəbistanı, Küveyt, Qətər və bu kimi digər monarxiya tipli ölkələrlə yaxından əməkdaşlıq edir, onların siyasi elitasını dəstəkləyir, müdafiə edir və onlarla tərəfdaş qismində çıxış edir. Gəlin, qarşıdurmaların baş verdiyi ölkələrə diqqət yetirək. Respublika tipli İraqda Səddam Hüseyn demokrat olmasa belə, ölkədə müəyyən seçkili orqanlar mövcud idi. Liviya və Suriyada da belə respublikalardan idi. Çox maraqlıdır, nə üçün ABŞ İraq, Suriya, Liviya kimi respublikalara qarşı sərt davranışlarını monarxiya tipli ölkələrə qarşı yönəltmir? İnsan hüquq və azadlıqlarının ən kobud şəkildə pozulduğu, hətta baş kəsmək kimi edam cəzalarının mövcud olduğu ölkələr nə üçün Amerikanın diqqətindən kənarda qalır? Bu kimi aspektlərdən prosesləri dəyərləndirəndə hadisələrin bilavasitə ABŞ-ın atdığı addımlarla əlaqəli olduğu üzə çıxır. ABŞ dünyada vahid gücə çevrilmək istəyir. Birqütblü dünyanın yaradılması istiqamətində, həmçinin Çin kimi dünya nəhənginin, Rusiya kimi güclü dövlətin sıradan çıxarılması yönündə aparılan siyasət indiki mənzərənin yaranmasına səbəb olub. Yaxın Şərqdəki bütün faciələrin arxasında Qərbin - Amerikanın yürütdüyü siyasət dayanır.


- Hazırda Yaxın Şərqdə ən qaynar nöqtələrdən biri Suriyadır. Burada İraq Şam İslam Dövlətinə (İŞİD) və beynəlxalq terrorizmə qarşı Bəşər Əsəd rejimi-İran-Rusiya-İraq, ABŞ-ın rəhbərlik etdiyi NATO ölkələri, həmçinin Səudiyyə Ərəbistanın rəhbərliyi altında 34 dövlətdən ibarət 3 koalisiya mübarizə aparır. Əgər düşmən və hədəf birdirsə, nə üçün bu mübarizə konkret nəticə vermir?


- Çünki hər üç koalisiyanın əsas məqsədi beynəlxalq terrorizmə qarşı mübarizə deyil. Mövcud terror qruplaşmalarının kimlər tərəfindən maliyyələşdirildiyi hər kəsə məlumdur. İŞİD-in necə meydana çıxması, “Əl-Nüsra” və bu kimi terror qruplarının yaranmasında ABŞ-ın rolu olub. Suriya bütövlükdə Aralıq dənizi hövzəsinin enerji resurslarına nəzarət etmək üçün əsas düyün nöqtəsidir. Suriyada hakimiyyətə və üstünlüyə kim sahib olacaqsa, bölgədə söz sahibi də o dövlət olacaqdır. Eyni zamanda, dünyada tükənməkdə olan enerji resursları üzərində də nəzarət həmin dövlət tərəfindən həyata keçiriləcəkdir. Bu baxımdan Suriyadakı müharibə enerji resursları uğrundadır. Rusiyanın isə bu proseslərdə rolu bir qədər fərqlidir. Rusiya bu mücadilədə ilk növbədə özünün statusunu və digər bölgələrdəki hərbi mövcudluğunu, eyni zamanda Aralıq dənizi hövzəsində varlığını, sovetlər dövründə olduğu kimi mühüm dəniz limanları üzərində nəzarəti qoruyub saxlamağa çalışır. Kreml üçün həmin dəniz limanları strateji xarakter daşımaqla, çox böyük əhəmiyyətə malikdir. Digər tərəfdən, Rusiyanın Suriyadan sıxışdırılıb çıxarılması faktiki olaraq bu dövlətin dünya gücü olmaq statusunun üzərindən də xətt çəkir. Rusiya bu gün öz sərhədlərindən, bəzi MDB dövlətlərindən kənarda hərbi mövcudluğu yoxdur. Əgər Rusiya Suriyadan da hərbi gücünü geri çəkərsə, qlobal gücdən regional gücə çevriləcək. Digər ölkələrin də Suriya məsələsində öz maraqları var. İran dövlət maraqlarını müdafiə etmək üçün Bəşər Əsəd rejiminə dəstək verir, bu ölkədə savaşır. Amma rəsmi Tehran bununla həm də blef edir. İran bir tərəfdən Rusiyanın iqtisadiyyatını çökdürmək üçün sutka ərzində bazara 4 milyon barrel neft çıxarmağa hazırlaşır ki, bu da neftin qiymətlərinin aşağı düşməsinə xidmət etməkdir. Eyni zamanda İran öz dini rejimini qorumaq üçün Suriyada mövqelərini möhkəmləndirmək istəyir. Türkiyə Suriya məsələsində ABŞ-ın müttəfiqidir. Rəsmi Ankara da regional güc kimi öz maraqlarını güdür. Bütün bunları nəzərə alsaq, Suriyada terrorizmə qarşı müharibə deyil, qarşılıqlı maraqların savaşı gedir. Ona görə də İŞİD-ə qarşı sistemli mübarizənin, bu istiqamətdə konkret nəticənin şahidi olmuruq. Rusiyanın bombaladığı ərazilərdə İŞİD-lə bərabər Bəşər Əsəd rejiminə müxalif olan qüvvələr də var. Həmin silahlı müxalifət heç bir halda öz maraqlarını Rusiya ilə uzlaşdırmaq istəmir. Bir çox hallarda ABŞ-ın da atəş altında saxladığı mövqelər İŞİD-ə aid olmur. Ona görə də beynəlxalq güclərin vahid mərkəzdən idarə olunması barədə söylənilənlər yalnız nağıldır. Səudiyyə Ərəbistanının rəhbərliyi ilə yaranan İslam dövlətləri koalisiyası isə doğulduğu gündən ölüb. Bu koalisiya heç bir gücü və perspektivi olmayan qüvvədir. Bu koalisiyanın yaradılması Səudiyyə Ərəbistanının bölgədə liderliyini önə çıxarmağa hesablanmışdı. Ona görə də yeni koalisiya Türkiyə, İran, Pakistan kimi güclər tərəfindən məqbul sayıla bilməz.


- Ötən ilin noyabr ayında Vyana görüşü zamanı BMT-nin bayrağı altında əldə edilən razılaşmaya görə, Suriyada prezident seçkiləri 2017-ci ilin avqustunda keçirilməlidir. Məlumatlara görə, buna qədər ölkəni keçid hökuməti idarə edəcək. Yanvarın 25-də isə Cenevrə şəhərində keçiriləcək növbəti konfransda yeni detalların razılaşması gözlənilir. Beynəlxalq siyasi vəziyyəti nəzərə alsaq, Sizcə, bu gözləntilər özünü doğrulda bilərmi?


- Düşünürəm ki, bu ümidlər özünü doğrultmayacaq. Çünki BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı qəbul olunan son qətnamə real mənzərəni ortaya çıxarır. Həmin qətnamə BMT-nin daimi üzvləri arasında böhranın, ziddiyyətin nə qədər dərin olduğunu göstərir. Suriya böhranının mərhələli həll planının 18 ay müddətində həyata keçirilməsi nəzərdə tutulur. Həmin planda həm konstitusiya, həm də hakimiyyət dəyişikliyi məsələsi öz əksini tapıb. Bu isə Suriyada yalnız sabitlik bərpa olunandan sonra mümkündür. İndiki halda isə Suriyadakı mövcud rejim, silahlı müxalifət, İŞİD qruplaşması və sair qüvvələr arasında uzlaşma yoxdur. Hətta Rusiya bu istiqamətdə müəyyən fon yaratmağa cəhd etsə də alınmadı. Uzlaşma olmadığı təqdirdə problemin qısa zamanda həllini tapması qeyri-mümkündür. Belə şəraitdə aparılan danışıqlar, keçirilən görüşlər ciddi nəticə verməyəcək. Yekun nəticəyə nail olmaq üçün beynəlxalq uzlaşma olmalıdır. Suriya ilə bağlı bu günə kimi BMT Təhlükəsizlik Şurası 13 qətnamə qəbul edib. BMT Baş katibinin isə bu böhranla əlaqədar 6 siyasi bəyanatı var. Adətən bəyanatlar BMT Təhlükəsizlik Şurasının üzvləri ilə razılaşdırılır. Ancaq təəssüf ki, bu qətnamələrin heç biri indiyə qədər icra olunmayıb. BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərin veto qoymaq hüququnu da nəzərə alsaq, Suriya məsələsində beynəlxalq güclərin uzlaşacağı, vahid qərara gələcəyi gözlənilmir.


- Rusiya və İran Suriyanın gələcəyində B.Əsədin iştirakını vacib bilir və onun yeni seçkilərdə namizədliyini irəli sürmək hüququnu dəstəkləyirlər. Sizcə, Vaşinqton Tehran və Moskvanın mövqeyini nəzərə ala, onlara güzəştə gedə və B.Əsədə yenidən şans tanıya bilərmi?


- Bəşər Əsədlə bağlı Vaşinqtonun mövqeyi ortadadır. Sonuncu dəfə ABŞ dövlət katibinin açıqlamasında da biz bu mövqeyi bir daha dinlədik. Rəsmi Vaşinqton Bəşər Əsədin gələcəkdə Suriyada keçiriləcək seçkilərdə iştirakını məqbul saymır. Amma mən bu məsələnin fundamental əhəmiyyət kəsb etdiyini düşünmürəm. Çünki, əgər ABŞ-la Rusiya və ya İran arasında Suriya böhranı ilə əlaqədar hər hansı anlaşma olacaqsa, o zaman Rusiyanın özünün də Bəşər Əsədi qurban verməsi mümkündür. Yaxud ABŞ-ın da Bəşər Əsədin seçkilərdə iştirakı ilə barışması gözləniləndir. Yəni, bu, uzlaşmanın prinsipial nöqtəsi deyil. Sadəcə, Bəşər Əsəd uzlaşılmayan digər məqamları gizlətmək üçün görüntüdür, istifadə alətidir. 


Rufik İSMAYILOV 

8.01.2016 15:57 / Hits: 270 / Print
 
    Bu bölmədə
     News feed
    21.09.2017
    20.09.2017
    19.09.2017
    18.09.2017
    15.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo