Bu məsələyə fərqli don geyindirməyə cəhd etməsinlər

Sahib Məmmədov işçi qrupun əfvlə bağlı təkliflərinin nəzərə alınacağına inanır 

Bu gün insan haqları üzrə işçi qrupunun iclası keçiriləcək və iclasda hüquq müdafiəçiləri, deputatlar, Prezident Administrasiyasının məsul əməkdaşları iştirak edəcəklər. İclas zamanı hansı məsələlərin müzakirə olunacağı ilə bağlı işçi qrupun üzvü Sahib Məmmədovla söhbətləşdik. Müsahibimiz bildirdi ki, onların əsas işləri ölkədə insan haqlarının durumunu, həbs olunmuş şəxslərlə bağlı vəziyyəti araşdırıb təqdim etməkdir. Daha sonra isə həmin məsələlər sözügedən iclasda hərtərəfli şəkildə müzakirə olunur, təkliflər irəli sürülür.

- Sahib bəy, işçi qrupunun iclası ilə bağlı nə deyə bilərsiniz, hansı məsələlər müzakirə olunacaq? 

- İnsan haqları üzrə işçi qrupunun iclasını həmsədrlər çağırıblar. Gündəlikdə duran, müzakirə olunması planlaşdırılan bir neçə məsələ var. Təbii ki, diqqət mərkəzində olan xüsusi mövzular var. Söhbət məhkum olunmuş, o cümlədən, barəsində istintaq aparılan şəxslərdən gedir. Yəni müzakirələr əsasən bizə daxil olmuş şikayətlər üzərində qurulacaq. Həmkarlarım da yəqin ki, insan haqlarının durumu ilə bağlı ümumi məsələləri müzakirəyə çıxaracaqlar. İnsan haqları üzrə işçi qrupunun mandatı yalnız bununla bitmir. Ola bilər ki, üzvlərdən kimsə gündəliyə əlavə təkliflər irəli sürsün.

- Bəs əfv sərəncamı ilə bağlı müzakirələr aparılacaqmı? 

- Bəli. Bu barədə əvvəldən təklif verilib. Artıq əfv komissiyasının iclası olub. Əlbəttə, bizim də verdiyimiz hansısa təkliflər, tövsiyələr var. Əgər əfv sərəncamı verilərsə, bizim də tövsiyələrimizin nəzərə alınacağına ümid edirik. Nəzər çatdırım ki, əvvəlki sərəncamlarda ölkə prezidenti insan hüquqlarını müdafiə edən təşkilatların müraciətlərini nəzərə almışdı və bu, sərəncamda da qeyd edilmişdi. Bu səbəbdən, eyni vəziyyətin növbəti dəfə təkrarlanacağına ümidliyəm. Daha doğrusu, belə addımı gözləyirik. İnanırıq ki, bizim qrup tərəfindən səsləndiriləcək tövsiyələr qəbul olunacaq. Təbii ki, uyğun gələrsə. Hətta bu dəfə də təkliflərimiz rəsmi sənəddə öz əksini tapa bilər.

- Təklifləriniz nələrdən ibarətdir? 

- Biz fikirlərimizi əsasən müzakirələr zamanı səsləndirəcəyik. Ona görə də təkliflərimizi indidən ictimaiyyətə açıqlamaq istəmirəm. Hüquq müdafiəçiləri əsasən məhkumların vəziyyəti ilə bağlı vəsatətlər qaldıra bilərlər.

- Sizcə, əfv sərəncamına kimlərin adı salına bilər? 

- Onlarla bağlı heç nə deyə bilmirik. Məsələni, adları müzakirə edən əfv komissiyası üzvləri də konkret söz deyə bilmirlər. Məlumdur ki, komissiya tövsiyə verən orqandır. Səlahiyyətimiz yalnız bu qədərdir. Tövsiyəmizi veririk, qəbul olunub-olunmamasını isə zaman göstərir. Kimisə əfv etmək hüququ yalnız prezidentə məxsusdur. O, bizim tövsiyələrimizi nəzərə ala da bilər, almaya da. Buna görə də ən çox məlumatı olan adamlar da bu məsələ ilə bağlı proqnoz verməyə çəkinirlər, qəti söz deyə bilmirlər. Ona görə də bu haqda detalları ilə danışmaq mümkün deyil. Birmənalı şəkildə deyə bilərəm ki, müzakirə olunan mövzular insan haqları məsələləridir. Bununla bağlı, hüquq müdafiəçilərinin öz fikirləri, mövqeləri olacaq. Belə ki, onlar həbs olunan və ya haqqında cinayət işi açılan şəxslərlə bağlı fikirlərini bildirəcəklər. Yekun qərarın nə olacağını proqnozlaşdırmaq çətindir. Dediyim kimi, müstəsna hüquq prezidentə məxsusdur. Ona görə də heç kim əvvəlcədən siyahıya kimlərin adlarının salınacağını deyə bilməz. Biz sadəcə, məhkumların durumu ilə bağlı məsələləri qaldıracağıq və təkliflərimizi səsləndirəcəyik. Hüquq müdafiəçiləri kimlərinsə əfv olunması ilə bağlı öz fikirlərini bölüşəcək, müəyyən təkliflər irəli sürəcəklər.

- Siz kimlərin adını təklif edirsiniz? 

- Həmkarlarımın bəzi təklifləri var. Məsələn, artıq barələrində hökmlər qüvvəyə minmiş şəxslərin adları var. Mən ictimai fəalları nəzərdə tuturam. Təbii ki, siyahımıza heç kimin tanımadığı sıradan şəxslər də daxildir. Bütün şikayətlərə baxırıq. Məsələn, şərti məhkum olunmuş bir şəxsin şikayəti var. Onun üzərindən bu şərti məhkumluğun götürülməsi ilə bağlı məsələ qaldırılacaq. Yəni məhkəmə qərarına yenidən baxılması ilə bağlı təklifimiz olacaq.

- Müxalifət bu mövzunun gündəmə gəlməsini Yaqlandın ölkəmizə komissiya göndərmək istəməsi ilə əlaqələndirir. Deyilənlər həqiqəti nə dərəcədə əks etdirir? 

- Təbii ki, razı deyiləm. Deyilənlər səhv fikirdir. Düzdür, çoxdandır işçi qrupun iclası çağırılmırdı. Amma əfv sərəncamının verilməsi ərəfəsində belə bir iclasın olacağı gözlənilirdi. Yəni “əfv ərəfəsi” dedikdə, ilin sonunu nəzərdə tuturam. Çünki həmişə Dünya azərbaycanlılarının həmrəylik günü ilə bağlı əfv sərəncamı verilir. Ona görə də bu məsələyə də fərqli don geyindirməyə cəhd etməsinlər.

Şəfa Tapdıq

24.12.2015 13:52 / Hits: 363 / Print
 
    Bu bölmədə
     News feed
    22.11.2017
    21.11.2017
    17.11.2017
    16.11.2017
    15.11.2017
    14.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo