Təhsilsiz yaxşı heykəltəraş olmaq mümkün deyil Gənc heykəltəraş

Zamiq Rzayev: "Heykəllərə bir nöqtədən baxılmır"

 

Taleh - çox təəccüblü və sürprizlərlə doludur. Bəzən insan, həyatında baş verənlərin onun xeyrinə olduğunu anlamır. Yalnız illər sonra başa düşür ki, bir vaxtlar onun məğlubiyyət kimi qəbul etdikləri, məhz talehin planlarının bir hissəsi imiş və onun həyatını yüksəyə doğru aparmaqdan ötrü baş verib. Elə gənc heykəltəraş Zamiq Rzayevin həyatında baş verənlər də talehin sürprizləri  olub. Uşaq olarkən, o rəssam olmaq  arzusunda idi. 

Gənc heykəltəraş Zamiq Rzayevin Azadinform-a müsahibəsini təqdim edirik:


- Zamiq, niyə məhz heykəltəraşlıq?


- İncəsənətə meylim hələ uşaqlıqdan, rəngkarlıq dərnəyindən başlayıb. Daha sonra mən peşə məktəbinin qrafika fakültəsinə daxil olmaq istədim. Lakin bir fəndən kəsildim və heykəltəraşlıq fakültəsinə daxil oldum. İlk aylardan anladım ki, bu mənim sənətimdir. Buna qədər fikirləşirdim ki, bu sənət mənlik deyil. Lakin əlim ilk dəfə gilə dəyəndə başa düşdüm ki, başqa heç nə ilə məşğul olmaq istəmirəm. Peşə məktəbini bitirəndən sonra isə heykəltəraş olmaq arzusu ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil oldum. Hazırda isə magistraturanın birinci kurs tələbəsiyəm. 


- Necə oldu ki, siz anladınız ki, heykəltəraş olmaq istəyirsiniz?


- Bilirsiniz, məndə heykəltəraşlığın nə olması barədə səhv təsəvvür mövcud idi. Fikirləşirdim ki, bu çox tozlu və çirkli sənətdir. Lakin işləməyə başlayanda, bunun mənə nə qədər zövq verdiyini anladım. Mən heç bir incəsənət növünü pisləmək istəmirəm, sadəcə onları özümə uyğun görmürəm. Heykəltəraşlıq - dəqiq sənətdir. Heykəllərə bir nöqtədən baxılmır, bu 3D formatlı işlərdir. Bu da tamamilə mənim xasiyyətimə uyğundur. Mən hələ məktəbli olarkən dəqiq elmləri sevirdim. Sözsüz ki, rəngkarlığın da öz üstünlükləri var, geniş rəng seçimi və sairə. Lakin gil və ya plastilin ilə işləməyi mən heç nəyə dəyişmərəm. 


- Rəngkarlıqda çoxlu axınlar var. Bəs heykəltəraşlıqda necə? Siz hansı axının nümayəndəsisiniz?


- Bu gün çoxları konseptual əsərlər yaratmağa üstünlük verir. Mən hesab edirəm ki, bu yalnız akademik bünövrə olduğu halda qəbul ediləndir. Bəzi hallarda akademik bünövrə olmadan, birbaşa konseptuallığa müraciət edirlər. Hesab edirəm ki, bu yolverilməzdir. Çünki əlifbanı bilmədən, hərflərdən istifadə etmədən, şeir yazmaq mümkün deyil. Heykəltəraşlıqda təsadüf olmur. Əgər kimsə təsadüfən gözəl bir  heykəl yaradıbsa və onu təkrarlaya bilmirsə, deməli, onun lazımı akademik təhsili yoxdur. Təhsil professionallığın əsasıdır. Əlbəttə ki, tarixdə Ogüst Roden kimi təhsilsiz, dahi heykəltəraşlar da olub. Lakin bu çox nadir haldır. Mən şəxsən hesab edirəm ki, təhsilsiz yaxşı heykəltəraş olmaq mümkün deyil.


- İşlərinizdə hansı obrazlara üstünlük verirsiniz?


- Mən bağlı gözlə işləmək üslubunun tərəfdarıyam. Yəni mən işlərimi təsəvvürümdən götürürəm. Hətta natura ilə işləsəm belə onu, olduğu kimi təkrarlamıram, görünməyən cəhətlərini əks etdirməyə çalışıram. Obrazlara gəlincə, işlərimdə həmişə insan obrazına müraciət edirəm.


- Niyə?


- Ona görə ki, insan bədəni çox plastik, gözəl və mükəmməldir.


- Fikirinizcə bu günə kimi ən uğurlu işiniz hansıdır?


- Bilirsiniz, yəqin ki, mən qədim oyunlarımızla yaxından tanış olan sonuncu nəslin nümayəndəsiyəm. Bizdən sonrakı nəsil kompüter oyunları nəslidir. Və mənim fəxr etdiyim işim – diplom işim, məhz uşaqlıqdan gəlir. Bu əzəli oyunu əks etdirən heykəldir. Bu kompozisiya iki oğlan obrazından ibarətdir. Əyilmiş şəkildə duran uşaq bir qədər kədərli və vəziyyətindən narazı, oppanan oğlan isə şən obrazdadır.


Söhbətləşdi:

C. Əsgərov

15.12.2015 10:16 / Hits: 736 / Print
 
Bu bölmədə
 News feed
22.11.2017
21.11.2017
17.11.2017
16.11.2017
15.11.2017
14.11.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo