"Terrorçuların əməllərini ancaq radikal müxalifət liderləri dəstəkləyir"

Hikmət Babaoğlu: “Qanunları pozanlar ciddi şəkildə cəzalanacaqlar”


Ötən həftə Nardaranda baş verən hadisələr medianın gündəmində olan əsas mövzulardan biridir. İctimai rəyə təsiri olan müstəqil media qurumları, həmçinin iqtidar mətbuatı bu olaya dövlətçilik mövqeyindən yanaşır, ictimai-siyasi xadimlərin, millət vəkillərinin və ilahiyyatçıların bu istiqamətdəki şərhlərini diqqətə çatdırırlar. Lakin radikal müxalifət liderləri, eləcə də onların ruporuna çevrilən qəzet və saytlar baş verən hadisəni öz mənafelərinə uyğun şəkildə təqdim edir, əsl həqiqətləri təhrif edərək yanlış rəy formalaşdırmağa çalışırlar. Nardaran hadisələri ilə bağlı “Kaspi”nin suallarını “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu cavablandırır.


- Hikmət müəllim, Azərbaycan tolerant ölkədir, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və inkişaf etdirilməsi dövlət siyasətinin mühüm tərkib hissəsidir. Belə olan halda Bakının Nardaran qəsəbəsində ötən həftə baş verən hadisələrin əsl səbəbini nə ilə əlaqələndirmək olar?


- Azərbaycan hüquqi, demokratik, tolerant bir ölkədir. Ölkəmizdə multikulturalizmin çox dərin ənənələri var. Bir növ bu, ölkəmizdə həyat tərzidir. Azərbaycan dövlətinin, cəmiyyətinin bu cür xarakterik xüsusiyyətləri bir sıra xarici qüvvələri daim narahat edir. Azərbaycanla bağlı sadalanan müsbət keyfiyyətlər ölkədəki sabitliyin qarantı kimi çıxış edir. Sabitlik isə bütün inkişafımızın əsasını təşkil edən başlıca vasitədir. Hər hansı cəmiyyətdə sabitlik olmasa, orada inkişafdan söhbət gedə bilməz. Ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan bu sabitlik günü-gündən möhkəmlənir və Azərbaycanın siyasi, iqtisadi, mədəni, intellektual inkişafının əsaslarını təşkil edir. Görünür, cəmiyyətimizin bu keyfiyyəti, dövlətimizin bu qüdrəti bəzi xarici dairələri narahat edir. Çünki hazırkı mərhələdə beynəlxalq münasibətlər sistemində milli dövlətlərə qarşı ciddi bir aqressiyanın olmasının şahidiyik. Xüsusilə müsəlman ölkələrində baş verən hadisələr bugünkü beynəlxalq münasibətlərin xarakterik cəhətləridir. Yəni, milli dövlətin parçalanması, insanların məhvi, din zəminində onların bir-birinə qarşı qoyulması, beləliklə də milli dövlətlərin yıxılmasının şahidiyik. Bu, demək olar ki, əksər müsəlman ölkələrində baş verir. Hesab edirəm ki, Nardaranda baş verən hadisələri də bu kontekstdə qiymətləndirmək lazımdır. Nardaranda baş verən hadisələrin dinlə, dini etiqad azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bu hadisənin iştirakçıları məhz ekstremist qrupların - xarici ölkələrin kəşfiyyat qurumlarının nümayəndələri kimi ortaya çıxıblar. Burada əsas məqsəd, Yaxın Şərqdə reallaşdırılan modelin Azərbaycanda da təkrarlanması olub. Bu səbəbdən, Nardaranda baş verən hadisələri ancaq nardaranlılarla əlaqələndirmək olmaz. Əminəm ki, hüquq-mühafizə orqanları bu barədə təkzibedilməz sübutlar ortaya çıxaracaqlar, tutarlı faktlarla əsl həqiqəti ortaya qoyacaqlar. Azərbaycanda sabitliyi pozmaq ölkənin milli və dövlət maraqlarına ziddir. Sabitliyin pozulması ancaq anti Azərbaycan qüvvələrin maraqlarına uyğundur. Bu qüvvələr ölkəmizdə sabitliyi pozmaqla Azərbaycanın işğal altındakı torpaqlarını, Dağlıq Qarabağ problemini yaddan çıxarmağa, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun qarşısını almağa, yeraltı və yerüstü sərvətlərimizi istismar etməyə çalışırlar. Amma düşünürəm ki, onların bu niyyəti heç zaman gerçəkləşməyəcək. Çünki Azərbaycan hüquqi dövlətdir və burada vətəndaşların hüquqları dövlət tərəfindən ən yüksək səviyyədə qorunur. Qanunları pozanlar kimliyindən və hansı pərdənin altında gizlənməsindən asılı olmayaraq, ciddi şəkildə cəzalanacaqlar.


- Sizcə, nəyə görə istər 2002-ci ildə, istərsə də sonrakı dövrlərdə analoji hadisələr Gəncədə, Lənkəranda, Naxçıvanda və ya Bakının digər kəndlərində deyil, məhz Nardaranda baş verir?


- Diqqət etsək görərik ki, bu, bir növ cəmiyyətin, dövlətin ayıq-sayıqlığının müəyyən edilməsinə yönələn nəbz yoxlamalarıdır. Yəni, bəzi xarici qüvvələr bu kimi hadisələrlə Azərbaycanın zəif nöqtəsini tapmağa, məhz həmin ünvandan başlayaraq ölkədəki sabitliyi pozmağa çalışırlar. Ona görə də bu hadisələr ilk növbədə ermənipərəst dairələrin maraqlarına xidmət edir. Ola bilsin ki, ölkəmizdəki sabitlik zəncirində hansısa zəif həlqələr mövcuddur. Əgər belədirsə, o zəif həlqədən biri də Nardaran coğrafiyasıdır. Bakının kəndlərində İslam dini etiqadlı, imanlı, klassik möminlər daha çox üstünlük təşkil edir. Onların böyük əksəriyyəti İslam dinini dərindən qavramış, siyasiləşmədən, vicdanlı şəkildə ibadətini davam etdirən həqiqi mömin şəxslərdir. Amma hadisələrin təhlili onu deməyə əsas verir ki, insanların dini etiqadından, inancından sui-istifadə etmək, buna siyasi rəng qataraq dövlətə qarşı yönəltmək üçün Nardaranda daha yaxşı mühit var. Sualınızda qeyd etdiyiniz hadisələrin törədilməsi üçün məhz Nardaranın seçilməsi də bu amillə bağlıdır. Ona görə də bu gün başlıca vəzifə milli və siyasi şüuru dini şüurdan yuxarı qaldırmaq məsələsidir. Bütövlükdə Azərbaycan cəmiyyətində ilk növbədə milli şüur, ardınca ölkəmizin siyasi maraqlarını ifadə edən siyasi şüur, ən nəhayət, Azərbaycanın milli-dövlətçilik və siyasi maraqlarını ehtiva edən, İslamın həqiqi dəyərlərini özündə əks etdirən dini şüur olmalıdır.


- Rəsmi qurumların yaydığı məlumata görə, qəsəbə əhalisinin bu günə kimi istifadə edilən elektrik enerjisinə görə dövlətə 42 milyon 267 min, təbii qaza görə isə 1 milyon 376 min manat borcu var. Ölkənin heç bir yaşayış məntəqəsində belə vəziyyət olmadığı halda, nə üçün Nardaran istisna təşkil eyməlidir?


- Əslində sualda sadalanan rəqəmlər, qaz və elektrikə görə ümumilikdə 44 milyon manata yaxın borcun olması faktı da sübut edir ki, Nardaran sakinlərinə bəlli vaxtlarda müəyyən güzəştlər olunub. Təsəvvür edin, paytaxt Bakıda, eləcə də Azərbaycanın digər rayonlarında istehlakçının 1 manat kommunal borcu olan kimi, ona xəbərdarlıq edilir, 10-15 gün müddətində borc ödənilmədiyi təqdirdə, həmin vətəndaşın mənzilinə verilən mavi yanacaq və ya enerji dərhal kəsilir. Görünür müvafiq dövlət qurumları Nardaran sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alıb bu günə qədər onlara güzəşt ediblər, borcu yığmayıblar. Bu isə həmin insanlarda bir qədər ərköyünlük yaradıb. Yaxud həmin şəxslərdə eqoizm yaranıb ki, onlar xüsusi adamlardırlar və onlara ayrıca yanaşma olmalıdır. Reallıqda isə belə bir şey yoxdur. Azərbaycan hüquqi dövlətdir və hər kəs qanun qarşısında bərabərdir. Qanunlar dövlət tərəfindən müəyyən edilmiş ümumi və məcburi davranış qaydalarıdır. İstənilən vətəndaş qaz və işıq pulu ödəmirsə, o, ilk növbədə qanunları pozur. Ona görə də aidiyyəti dövlət qurumları heç yubanmadan Nardarandakı bəzi adamlara Azərbaycanın bərabərhüquqlu vətəndaşları olmalarını xatırlatmalıdırlar. Nardaranda yaşayanların ölkənin digər yerlərində yaşayan azərbaycanlılardan nə üstünlüyü, nə də əskikliyi yoxdur. Yaranan kommunal borclar heç bir güzəşt olmadan dərhal ödənilməlidir. Çünki dövlətin bir sıra hallarda Nardaran sakinlərinə etdiyi güzəştlər yanlış başa düşülüb, hətta dövlətçiliyin və ictimai asayişin qoruyucusu olan polisə müqavimətə, tabesizlik nümayiş etdirməyə gətirib çıxarıb. Bütün Azərbaycan vətəndaşlarının da tələbi bundan ibarətdir ki, kiməsə güzəşt edilməməlidir, hər kəs qanun qarşısında eyni dərəcədə məsuliyyət daşımalıdır. Müvafiq qurumlar dövlətin büdcəsindən yayınan rüsumları və ödəmələri dərhal yığıb təhvil verməlidirlər. Hər bir vətəndaşa fərqli qanun tətbiq edilərsə, həmin dövlətdə düzgün idarəçilik institutunu yaratmaq, qoruyub saxlamaq mümkün olmaz.


- Birinci minilliyin ortalarında Kərbəlada baş vermiş faciədən doğan ideologiyanı özlərinin həyat normasına çevirənlər Dağlıq Qarabağ kimi ümummilli problemi nədənsə yada salmırlar. Bu cür təfəkkür sahibi, dünyagörüşü olan insanlar Azərbaycan cəmiyyətinə nə verə bilərlər?


- İslam dini çox böyük dindir və bir çox millətlər, xalqlar, ölkələr bu dini mənimsəyiblər. Həmin millət və xalqlardan biri də Azərbaycan xalqıdır. İslamın həqiqi dini-ideoloji fəlsəfəsinin qəbul edildiyi ölkələrdə də yerli xalqın özünün milli-mənəvi dəyərlərindən doğan fəlsəfə də ora əlavə edilib. Beləliklə də vahid din-fəlsəfə olan İslam ayrı-ayrı milli platformalarda yeni çalarlar əldə edib. Kərbəla hadisəsi də bizim tarixi-milli şüurumuz tərəfindən düzgün şərh edilməyib, çatdırılmayıb. Bu faciə başqa bir xalqın maraqlarına cavab verdiyi üçün onlar tərəfindən şərh edilərək məzhəbə çevrilib və mənimsənilibdir. Həmin xalq bunu öz milli-mənəvi maraqlarını qorumaq üçün edibdir. Çox təəssüf ki, Azərbaycanın bir hissəsi də məhz başqa xalqın milli-mənəvi maraqlarına cavab verən məzhəbi mənimsəyiblər. Kərbəla hadisəsi tarixi bir faktdır və keçmişdə qalıb. Belə hallarda milli-vətəndaşlıq şüurunun öndə olması vacibdir. Azərbaycanda yaşayan hər bir vətəndaşın dini və məzhəb kimliyindən asılı olmayaraq, dövlət qarşısında konstitusion vəzifəsi, borcu var. Azərbaycanda din-etiqad azadlığı var. Lakin bu azadlığın sərhədi vətəndaşın öhdəçilik həddi ilə toqquşmalı deyil. Dini dünyagörüşümüz dövlətin qanunları ilə toqquşursa, buna heç bir halda bəraət qazandırmaq olmaz. Fikrimcə, ölkədə milli şüuru yüksəltmək lazımdır ki, dini və məzhəb şüurundan uzaq olaq.


- İŞİD bayrağına oxşayan şüarların küçələri bəzədiyi, geyimi və davranışı orta əsr dövrünü xatırlayan insanların yaşadığı, terrorçuların at oynatdığı, dövlət orqanlarının həyata keçirdiyi tədbirləri sabotaj edən bir yaşayış məntəqəsinə qarşı necə davranmaq lazımdır?


- Mövhumatçı şüur dini şüuru üstələyəndə orta əsrlərə aid bir sıra cəlbedici rəmzlər ortaya atılır, bununla ictimai həmrəylik yaradılmasına çalışılır. Nəticə etibarilə bu, Azərbaycanı geriyə götürəcək hadisəyə çevrilir. Yaxud Suriya, Liviya, Misir, İraq kimi bir poliqon formalaşdırmaq üçün zəmin yaradır. Ona görə də bu kimi hallara qarşı ən sərt şəkildə tədbirlər görülməlidir. Nardarandakı ekstremist qüvvələrə rəğbəti olan Azərbaycan vətəndaşlarını barmaqla saymaq olar. Əminəm ki, onlar da öz fikirləri ilə deyil, xaricdən gələn təbliğatın təsiri altında bunu edirlər. Eyni zamanda ekstremistləri Azərbaycanda yalnız radikal müxalifət liderləri dəstəkləyir, onların əməllərinə haqq qazandırırlar. Mahiyyət etibarilə hər iki tərəfin əməlində radikallıq özünü göstərdiyi üçün bir-birinə dəstək olurlar. Təbii ki, bu da yolverilməzdir, dindən siyasi məqsədlər, o cümlədən hakimiyyətə gəlmək üçün sui-istifadə halıdır. Əgər hər hansı Azərbaycan vətəndaşı gələcəkdə də bu cür sabit ölkədə yaşamaq istəyirsə, Nardaranda baş verən hadisələri qınamalıdır. Ekstremist qüvvələrin əməllərinə dəstək verənlər, əslində gələcəkdəki qara günlərinə, övladlarının faciəvi gələcəyinə dəstək vermiş olurlar.


- Dövlət nəyə görə onu tanımaq istəməyən, ümumi normalara uyğun yaşamayan, bütün ictimai birgəyaşayış qaydalarını inkar edən və terrora qucaq açan bu “anklava” qarşı tədbir görməməlidir? 


- Belə danışıqlar heç bir halda ola bilməz. Dövlət heç bir halda terrorçu ilə, polisə silahlı müqavimət göstərən biri ilə danışığa gedə bilməz. Dövlət hər kəsdən hüquqa və qanunlara riayət etməyi tələb edir. Nardaranda da bu cür oldu. Hüquq-mühafizə orqanlarının çağırışına əməl etməyən, xəbərdarlıqlarına əhəmiyyət verməyən birisinə qarşı polis əməliyyat keçirdi və onu məsuliyyətə cəlb etdi. Azərbaycanda ictimai asayiş pozulmamalı, ekstremist qüvvələrə qarşı sərt tədbirlər hər zaman görülməlidir. Azərbaycanı yenidən XX əsrin 90-cı illərinin əvvəllərinə qaytarmağa, torpaqlarımızın daha bir hissəsinin işğal edilməsinə zəmin yaratmağa heç kimin haqqı yoxdur və buna qəti yol vermək olmaz. Bu gün bizim əsas məqsədimiz işğal altındakı torpaqlarımızı, Dağlıq Qarabağı erməni işğalından azad etməkdir. Əgər kimsə İslam dini uğrunda cihad etmək, möminliyini nümayiş etdirmək istəyirsə, buyursun Dağlıq Qarabağa getsin, torpaqlarımızı kafirlərin işğalından azat etmək üçün çalışsın. Əsl cihad ordadır. Vətənə xidmət həm din və iman, həm də vətəndaşlıq borcudur.


- Əgər noyabrın 25-26-da Nardaranda baş verən hadisələr, hansısa terrorçu sektanın qiyamı, hüquq-mühafizə orqanları əməkdaşlarının güllələnməsi Qərb ölkələrində, o cümlədən Fransada və ya ABŞ-da baş versəydi, bu dövlətlərin hakimiyyətləri hansı tədbirlər görərdi?


- Biz artıq bunun nümunəsini görmüşük. İstər ABŞ-da, istərsə də Fransada baş verən terror aktları, polisə qarşı müqavimət, icazəsiz aksiyalar zamanı hüquq-mühafizə orqanları qətiyyət nümayiş etdirdilər. Cinayətkarlara ən sərt şəkildə mübarizə apardılar, terrorçulara qarşı ciddi cəza tədbirləri həyata keçirdilər. Azərbaycan hüquq-mühafizə orqanları da qanun çərçivəsində hərəkət etdi. Azərbaycanda terrorizmə, radikalizmə yer vermək ölkənin gələcəyini, sabitliyini və inkişafını təhlükə altına atmaq deməkdir.


Rufik İSMAYILOV 

1.12.2015 12:29 / Hits: 407 / Print
 
    Bu bölmədə
     News feed
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo