Din pərdəsi altında inanclı insanların inamından istifadə etməyə çalışırlar

Bahar Muradova: "Din pərdəsi altında fərdi maraqlarını reallaşdırmaq istəyənlərin yeri göstəriləcək" 


Milli Məclis sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradovanın AZADİNFORM-a müsahibəsi:


- Bahar xanım, ilk olaraq Sizi parlament seçkilərində növbəti dəfə uğur qazanmağınız münasibəti ilə təbrik edirəm. Necə düşünürsünüz, Azərbaycandakı seçki prosesi necə keçdi? 


- Seçki prosesi ciddi dönəmi əks etdirir. Burada müxtəlif siyasi, fərdi, qrup mənafeləri meydana çıxır. Bu mənafelərin ziddiyyətlər fonunda seçicinin üzərinə böyük bir vəzifə düşür ki, o, insanların, vətəndaşların istək və arzularını ifadə edəcək, həmçinin, onların səslərini zamanında lazımı formada müvafiq ünvanlara çatdıra biləcək insanları necə seçsinlər. Bu insanların içindən təkcə millət vəkilini yox, həm də mənsub olduğu dövləti, xalqı təmsil edə biləcək şəxsləri müəyyən edə bilsinlər. Bundan başqa insanları danışdıqları ilə əməlləri, gələcək vədləri ilə bu günə qədər olan fəaliyyətləri arasında uyğunluğu ayırd edə bilsinlər və elə bir qərar versinlər ki, sonda da yanlış olduğunu düşünməsinlər. Bu baxımdan əlbəttə ki, bu, çox vacib bir məqamdır. Onu da deyim ki, bu namizədliyini irəli sürən şəxslərə, namizədlərə münasibətdə belədir. 

Digər tərəfdən də, namizədliyini irəli sürənlər düşünməlidirlər ki, necə davransınlar ki, seçicilər onları düzgün dəyərləndirsinlər. Təsəvvür edin ki, biri özünü göstərir, digəri isə bunu dəyərləndirir. Bu çox vacib məqamdır. 

Seçki prosesi zahirən, seçki qanunvericiliyinin mahiyyətinə, məqsədinə görə oxşar olsa da, ayrı-ayrı ölkələrdə fərqli nəticələr verə bilir. Ona görə də, mən düşünmürəm ki, bir ölkənin əldə etdiyi nailiyyət bütövlükdə digər ölkə üçün örnək rolunu oynaya bilər. Əlbəttə ki, təcrübələr öyrənildiyi halda və istifadə üçün yararlı olanı düzgün seçildiyi zaman müsbət nəticələr verə bilir. Lakin, ümumilikdə, nə bizim üçün hansısa bir ölkənin konkret təcrübəsi tam və sırf örnək xarakteri daşıya bilər,  nə də digər ölkələr Azərbaycan təcrübəsini ayrıca özləri üçün tam nümunə qəbul edə bilməzlər. Ancaq təbii ki, ayrı-ayrı cəhətlərindən istifadə edə bilərlər. O cümlədən biz də, bu günə qədər dünya təcrübəsini, xüsusilə də, demokratik ölkələrin təcrübəsini, uzun illər seçki ənənəsi olan dövlətlərin təcrübəsini həm də, özümüzün qısa bir müddətdə ancaq zəngin təcrübəmizi nəzərə alaraq bu seçkiyə getmişdik. Azərbaycan digər sahələrdə uğur qazandığı kimi, seçki kampaniyasında da çox gözəl təcrübəyə sahibdir. Buna görə də, biz öncə öz təcrübəmizə istinad etdik. Bunları nəzərə almadan seçkidə uğur qazanmaq olmaz. Mən Yeni Azərbaycan Partiyasının (YAP) üzvü kimi deyə bilərəm ki, biz bütün bu tip məsələləri hər zaman nəzərə almışıq. Seçki kampaniyasına da hazırlaşarkən nələrə istinad etməyi çox yaxşı müəyyənləşdirmişdik. Ona görə də, mən həm fərdi, həm də partiyamızın təcrübəsindən çıxış edərək vurğulamaq istəyirəm ki, seçki kampaniyası  Azərbaycanda uğurla keçdi.  


- Sosial şəbəkələrdə deputatlığa namizədlər yetərincə fəal idilər. Maraqlıdır, onlar parlamentdəki fəaliyyətlərində  bu aktivliyi  davam etdirəcəklərmi?


- Yeni tərkib hələ özünü tam göstərə bilməyib. Yeni seçilən millət vəkillərinin bəzilərini əvvəldən ictimai-siyasi fəaliyyətləri zamanı tanıyırdım, bir çoxlarını tanımırdım və yalnız seçki kampaniyası zamanı məlumat almışam. Əlbəttə ki, seçkiyə qədər olan fəaliyyət başqadır, seçkidən sonra parlament daxilində fəaliyyət isə tamamilə bir başqa. Bu əvvəlki fəaliyyətin davamı olsa da, lakin yeni formada, keyfiyyətdə qarşıya yeni tələblər çıxmaqla göstərilən fəaliyyətdir. Bu səbəbdən də hələ bütün bunları izləmək şansımız olmayıb. Bizim ardıcıl iclaslarımız keçirilməyə başlayanda onların parlamentdəki fəaliyyətini izləyərək, yalnız müəyyən müddətdən sonra söyləyə bilərik ki, kimlər öz imkanlarını parlament “relsi”nə necə keçirə bildi və ya keçirə bildimi? Ümumilikdə isə mən inanıram ki, parlament öz fəaliyyətini bundan əvvəlki təcrübəsinin üzərində davam etdirəcək və bu fəaliyyətimiz əvvəlkilərin məntiqi davamı kimi çıxış edir, fasilə yoxdur, davamlılıq var. Bu baxımdan hesab edirəm ki, yenilərin də imkanı var ki, bundan öncəki parlament təcrübəsi olan həmkarlarının fəaliyyətini izləməklə və özlərinin də iştirakı ilə daha tez parlamentin işinə yaxından qoşulacaqlar. Mən inanıram ki, Azərbaycan parlamenti getdikcə daha artıq təcrübəyə malik olur və daha artıq parlament ənənələrini möhkəmləndirir. Parlament həm də ölkədə hakimiyyətin müstəqil qanadı kimi öz fəaliyyətini daha yaxşı yerinə yetirməyə çalışır, bacarır, öhdəsindən gəlir. Mən bunu bu seçki kampaniyasında keçirdiyim görüşlər zamanı insanlardan eşitdim. Onlar parlamentdə seçdikləri deputatdan səlahiyyətinə uyğun fəaliyyət gözləyir, daha böyük kriteriyadan ona qiymət verirlər. Ona görə də, hesab edirəm ki, hər şey getdikcə daha yaxşı olacaq.


- Bahar xanım, bu çağırış Siz həm də Milli Məclisin İnsan hüquqları komitəsinə sədr seçildiniz. Yeni vəzifənizdə hansı yenilikləri etməyi düşünürsünüz?


- Bu çox vacib bir komitədir. Demokratik cəmiyyətlərdə insan haqları məsələsi həmişə öncül mövqe tutur. Onun parlament ölçüsü isə xüsusilə diqqət çəkəndir. Çünki, hər kəs bu komitənin məsələyə necə münasibət bəsləməsini, müdaxiləsini gözləyir, izləyir və dəyərləndirir.  Biz də məsuliyyətimizi dərk edirik. Lakin heç də bu komitənin fəaliyyətini əlahiddə bir fəaliyyət kimi də götürmək niyyətində deyilik. Bu bizim ümumi fəaliyyətimizin tərkib hissəsi, ona ayrılmış səlahiyyət və imkanlar çərçivəsində götürüləcək. Parlamentin işində, Azərbaycanın ictimai-siyasi həyatında, dövlətimizin həyatında, xarici siyasət zamanı bizə düşə biləcək işlərin öhdəsindən gəlməyə çalışacağıq. Çalışacağıq ki, insanlar öz hüquqlarını düzgün anladığı kimi, öz vəzifələrini də dərk etmək həvəsində olsunlar. Onları buna həvəsləndirməyə çalışacağıq. Biz indiyə qədər insanları öz hüquqlarını bilmək və tələb etməyi öyrətmişdik, hesab edirəm ki, bu istiqamətdə çox irəli getmişik. Paralel şəkildə öz vəzifələrini də insanlara anlatmaq və bu vəzifələrini yerinə yetirməyə çağırmaqla da məşğul olacağıq. 


- “MTN işi” ilə bağlı hakimiyyətin sərt qərarları ictimaiyyət tərəfindən yüksək qarşılandı. Lakin etiraf edək ki, bəziləri bu məsələlərdən də divident qazanmaq istədilər. Sizin fikrinizcə, bu aqressiya nədən irəli gəlir?


- Bir qrup insan var ki, onlar hakimiyyətdə kimin olmasından asılı olmayaraq, narazılıqlarının mənbəyi kimi dövlət qurumlarını, məmurları və ya digər şəxsləri görür, açıqlamalarında da onları hədəf götürürlər. Bu tip insanlar hər zaman olub, bu gün də var və gələcəkdə də olacaq. Onlar hakimiyyətin, daha doğrusu iqtidarın, konkret halda cənab prezidentin son vaxtlar apardığı ən müxtəlif istiqamətlərdə islahatlarını, müəyyən neqativ hallara qarşı inzibati tədbirləri, müəyyən şəxslərin qanunazidd əməllərinin qarşısının alınması istiqamətində görülən işlərə fərqli prizmadan yanaşır və bunu öz maraqları üçün bir alət kimi istifadə etməyə çalışırlar. Bununla da ittihamı hakimiyyətə tərəf yönəldirlər. Onların bir qismi elə bəlkə də, bu hadisələrdə müəyyən qədər rolu olan adamlardır və baş verən hadisələrdən öz mənafeyinə zərər gələcəyini düşünən insanlardır. Ona görə də, dolayısı ilə bu məsələlərə bu cür reaksiya verirlər. Hər halda, düşünürəm ki, xalqın mütləq əksəriyyəti həmişə olduğu kimi bu dəfə də ölkə başçısının atdığı addımları ciddi şəkildə dəstəkləyir. Bu günə qədər bu kimi hallardan zərər çəkərək ədalət axtarışında olan, bəzi hallarda ruhdan düşən insanlar da bu addımları alqışlayır, ədalətin bərpa olunmasının yolu kimi qəbul edirlər. Yuxarıda qeyd etdiyim kimi, bəziləri də var ki, nə olur olsun, onu yalnız qara eynək arxasından görür və dəyərləndirirlər. Həbs olunanların kim olduğu və niyə belə etdikləri isə istintaq nəticəsində bəlli olacaq, buna heç kimin şübhəsi olmasın. 


- Nardaranda baş verən hadisələr hamımızı sarsıtdı, bir-iki ekstremist xalqın fikrini qarışdırmağa cəhd göstərdi. Necə düşünürsünüz, ölkə ictimaiyyəti bu cür hallarda nə etməlidir?


- Xalq hər zaman olduğu kimi müdrik olmalıdır. Birinci dəfə deyil ki, Azərbaycanda bu cür müxtəlif meylli dini cərəyanlar ambisiyalarını ortaya qoyur, bunu da pərdələmək üçün inanclı insanların inamından istifadə etməyə çalışırlar. Sadəcə çalışırlar, ondan sona qədər istifadə edə bilmirlər. Ona görə də, düşünürəm ki, xalqımız bu dəfə də öz müdrikliyini göstərəcək. Din pərdəsi altında özünün fərdi maraqlarını reallaşdırmaq istəyənlərin yeri açıq şəkildə göstəriləcək. Normal, doğrudan da təkcə dini inancları ilə deyil, həm də milli adət-ənənələri, vətəndaşı olduğu ölkənin qanunları ilə yaşamağa üstünlük verən insanlar onların fikirlərini ifadə etmədiklərini vurğulayırlar. Hesab edirəm ki, əsl münasibət budur. Bununla da sözügedən məsələ öz düzgün həlli yolunu tapacaq. 


- Son günlər dünya gündəminin əsas mövzusu Rusiya-Türkiyə məsələsidir. Bu iki ölkə arasında gərginlikdən hər kəs narahatdır. Belə bir fikir də var ki, bu Azərbaycan üçün də xoş nəticələr verməyəcək. Bu barədə Siz nə düşünürsünüz?  


- Əlbəttə, Rusiya bizim üçün önəmli ölkədir. Türkiyə isə bizə ən yaxın, doğma, qardaş dövlətdir. Biz hər iki ölkə ilə əməkdaşlığa ciddi əhəmiyyət veririk. Bizi təkcə bu ölkələrlə ayrı-ayrılıqda münasibətlərimizin yaxşı olması deyil, bu ölkələr arasında münasibətlərin yaxşı olması da maraqlandırır. Biz dost olduğumuz ölkələrin də öz aralarında dost, tərəfdaş olmasını istəyirik. Necə ola bilər ki, bizim başımızın üzərindən hər iki ölkə arasında münasibətlər yaxşı olsun və bu münasibətin Azərbaycana xeyri olmasın. Və yaxud əksinə, münasibətləri gərginləşsin və bunun da Azərbaycana təsiri olmasın. 

Dünyanın iki böyük ölkəsi, söz sahibi, hərbi, iqtisadi cəhətdən qüdrətli ölkələri yaxşı münasibətdə olduğu təqdirdə, bunun ətrafda olan ölkələrə, Azərbaycana da faydası dəyir. Bu mənada biz bu ölkələr arasındakı münasibətlərin hər zaman yaxşı olmasını istəyirik. Baş vermiş məlum insidentlə bağlı da hər bir Azərbaycan vətəndaşı narahatlıq keçirir və bunun ciddi ziddiyyətlərə, qarşıdurmaya çevrilməsini istəmir. 

Biz əminik ki, hər iki ölkənin rəhbərliyində də bunu istəmirlər. Baxmayaraq ki, ayrı-ayrı nümayəndələri bir-birinin ünvanına hədələyici fikirlər səsləndirirlər. Hesab edirəm ki, siyasətçilərin, dövlət adamlarının bu kimi hallarda tələsik qərar verməsinə gərək yoxdur. İmkan vermək lazımdır ki, münasibətlər daha yaxşı məcrada cərəyan eləsin. Müsbət təsir göstərə bilmiriksə, mənfi tonunu artıran açıqlamalardan da çəkinməliyik. Məncə hər iki ölkənin rəhbərliyinin müdrikliyi imkan verəcək ki, bu məsələni ağrısız həll etsinlər.


- Azərbaycan hər zaman terroru pisləyib və pisləyir. Ankarada, Fransada, Suriyada baş verən terror aktlarına olan reaksiya bunu bir daha sübut etdi. Lakin etiraf edək ki, sosial şəbəkələrdə Fransada baş verən terrora olan münasibət Türkmənlərə qarşı terrora olan reaksiyadan daha güclü idi. Sizcə bu ayrı-seçkiliyin kökündə nə dayanır?


- Son vaxtlar Avropaya inteqrasiya, “Avropa dəyərlərini qəbul etməliyik” kimi şüarlar dəb halını alıb. Çox təəssüf ki, bu cür yanaşmalar cəmiyyətdə insanları yanlış istiqamətə yönəldir. Hər kəs yaxşı, qabaqcıl dəyərlərin ancaq Avropada olduğunu düşünür. Elə bilirlər ki, inkişaf yalnız Avropadan gəlir və orada baş verənlərə diqqət yetirməklə digərlərini gözardı etmək olar.  Çox təəssüf edirəm ki, bu cür hallar var. Görünür, ictimai rəyi özbaşına buraxanda və yaxud da hansısa bir konkret meylin, istiqamətin ixtiyarına buraxanda belə hadisələr baş verir. 

Yenicə müstəqilliyimizi əldə etmişik və əvvəllər bizə elə gəlirdi ki, bizdə nə varsa hamısı dəyişməlidir və adət-ənənəmizdən tutmuş yeməyimizə, qidamıza, geyimimizə qədər hamısını dəyişməliyik, çünki bunların heç biri bizə yaramır!. Əlbəttə, belə yanaşmalar qətiyyən düzgün deyil. Diqqət etsək görərik ki, zaman keçdikcə bir çoxları bu düşüncələrin artıq yanlış olduğunu qəbul edir və özünəqayıdış meylləri indi daha artıq hiss olunmaqdadır. Təhsil, iş arxasınca Avropaya və digər ölkələrə qaçanlar, hətta Azərbaycanda yaşamağın mümkünsüzlüyünü bəhanə edib başqa ölkələrdən sığınacaq alanlar da bir müddətdən sonra ortada qalanda reallığı görməyə başlayırlar. Onlar heç də Azərbaycanın bu ölkələrdən geridə qaldığını iddia etmir, yanıldıqlarını özləri etiraf etməyə başlayırlar. Hesab edirəm ki, bu kimi hadisələrdə bir çoxları guya ki, daha çox demokrat olduğunu göstərmək üçün avropalıya dəstək göstərməyi özünün Türk-müsəlman soydaşına göstərməkdən üstün sayır. 

Çox təəssüf. Avropada mövcud olan islamafobiya təkcə Avropanın nöqsanı kimi meydana çıxmır. Bu elə bəzi İslam dəyərləri ilə yaşayan ölkələrdə də bir çox şəxslərin düşüncə tərzinə çevrilə bilir. Çox qəribədir, yəni, islamafobiyanı biz heç də İslamdan kənar ölkələrdə görmürük. Bunlar elə çox zaman İslamın daşıyıcıları, İslama mənsub insanların arasında da meydana çıxır. 

Düşünürəm ki, biz ictimai qınaqdan ciddi şəkildə istifadə etməliyik. Əgər ictimai qınaq iki gün ərzində sosial şəbəkələrdə vəziyyətə təsir edə bildisə, deməli, insanların laqeyd qalmaması, biganə olmaması bir çox məsələlərin həllinə təsir edə bilir. Ona görə də, mən bəşəri dəyərləri üstün tutan insanların fəal olmasını arzulayıram. 


- Təsiredici məqamlardan biri də odur ki, elə götürək qardaş Türkiyəni... Azərbaycan gənci onların bəlli bir tarixini, dilini, ənənələrini bildiyi halda, onlar Azərbaycan dəyərlərindən xəbərdar deyillər. Sizcə də, bu təsiredici fakt deyilmi?


- Bu tarixin gedişatında müəyyən rol oynamış dövlətlərin bir çoxunda var. Siz bunu Fransada, Almaniyada, Böyük Britaniyada da görə bilərsiniz. Bu tip ölkələrdə bir növ özlərinə vurğunluq daha üstün mövqedədir. Bizdə isə özündən narazılıq!. Səbəb budur. İnsan nə vaxt malik olduğu sərvətlər haqqında ürək dolusu danışmağa başlayır? Əlbəttə, onu bilib dəyərləndirəndə. Ona yanaşmada naqislik varsa, o onu necə təbliğ edə bilər? Çox təəssüf ki, bu tip insanlar tək deyil və biz özündən narazılıq kompleksimizi çox inkişaf etdirmişik. Özünü dəyərləndirmək deyərkən, özünə vurğunluqdan söhbət getmir. Yəni, özünün malik olduğun dəyərlərlə fəxr etmək hər bir vətəndaşa baş ucalığı gətirir. Başqasını öyrənmək də əlbəttə daha yaxşı. Biz hər zaman başqa ölkələrin, xalqların, millətlərin tarixini öyrənmişik. Bu da bizim biliyimizi, savadımızı artırır. Bunun üçün isə biz həm də Azərbaycanı öyrənməliyik axı... Azərbaycanı öyrənmədən başqa xalqların, millətlərin haqlarında məlumata malik olarkən əlbəttə ki, yanlışlıqlara yol veriləcək. Bizim gənclərimiz bu məsələləri ayırd edib narahat olurlarsa, bu özü çox nümunəvi haldır. Bu fikirlərini də digər soydaşlarına çatdırmalıdırlar. 


Fidan AFƏR

30.11.2015 13:06 / Hits: 764 / Print
 
    Bu bölmədə
     News feed
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo