O, ummadığım yerdən mənə qazanc gətirdi

Humay Qədimova: “Efirlərə şou göstərmək yox, sənət göstərmək üçün çıxmaq istəyirəm”

 

Adəm Abbaslı/AZADİNFORM. Humay Qədimova illərdir sinəsinə sıxıb çaldığı tarı ilə böyüyüb. Bu gün peşəkar musiqiçilərlə bir səhnədə sənət göstərən tarzənin iddiaları böyükdür. Azadinform xəbər verir ki, Humay “Lider” televiziyasında “Muğamın səsi” verilişində yeni layihələrinin ilk müjdəsini də verib.


- Müjdələrimdən biri budur ki, Asəf Zeynallı adına Kollecdə dərs dediyim bir neçə tələbəm Azərbaycan Milli Konservatoriyasına daxil oldu. Gənc müəllimə üçün bu fəxrdir. Yetirmələrim ümidlərimi doğruldur. “Muğamın səsi”də aparıcılıq etməyim  təsadüf oldu. Sənətimə o qədər aludə olmuşam ki, aparıcılıq edəcəyim ağlıma gəlmirdi. Hərdən dostlarım  zarafatla deyir ki, “başın tara elə qarışıb ki, ailə həyatı qurmaq yadından çıxıb”. İdeya televiziya rəhbərliyi tərəfindən oldu. Belə bir layihə əvvəldən nəzərdə tutulmuşdu. Aparıcı olaraq, mənim adım üzərində dayandılar. Sənəti bilməyim, sənətkarları tanımağım mənə bu şansı verdi. Muğam müsabiqələrinin iştirakçıları, xalq və əməkdar artistləri, peşəkar musiqiçiləri qonaq qismində dəvət edirik. Qısa zaman ərzində böyük izləyici auditoriyası toplamışıq.

 

- Tarla bağlı planlarınız nədi?

 

- 7 əsas muğamımız var. Çoxdankı arzumdu ki, tarın müşayiəti altında həmin muğamları dəsgah şəklində lentə yazdırım və qızıl fonda təqdim edim. Bunu gələcək nəslə ərməğan etməyi düşünürəm. Bu layihə ilə bağlı tərəddüdlərim çox oldu. Bir neçə dəfə cəhd elədim, amma düşündüm ki, daha da püxtələşməliyəm. Elə bir ifa olmalıdır ki, sənətkarlarımız dinləyəndə “afərin” deyə bilsinlər. İndi özümü buna hazır görürəm. Ümid edirəm ki, 2016-cı ilin ilk aylarında bu layihəni təqdim edəcəyəm. Daha bir layihəmdə var, o barədə yaxın günlərdə dəqiq informasiya verə biləcəyəm.

 

- Humay efirlərdə az görünür. Həmin vaxtınızı nəyə xərcləyirsiniz?

 

- Peşəkar sənət nümayiş etdirmək üçün mənim aylarla məşqə ehtiyacım var. Efirlərə şou göstərmək yox, sənət göstərmək üçün çıxmağı istəyirəm. Gün ərzində müəyyən qayğılar var, onların həllinə vaxt ayırıram, tələbələrimlə görüşürəm. Daha çox gecə saatlarında məşq edirəm. Bütün şəhər yatır. Mən elə olur sübhə qədər məşq edirəm.

 

- Humayı son vaxtlar həm də milli saz, ud alətində ifasını eşidirik. 

 

- Tarı əlimə 1999-cu ildə almışam. O dövrdə bəllidir ki, milli alətlər, milli musiqi bu günkü qədər təbliğ olunmurdu. Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun dəstəyi ilə muğam sənəti və muğam ifaçıları böyük dəstək və qayğı görməyə başladı. Mən tarı əlimə götürəndə onun maddi tərəfini qətiyyən düşünmürdüm. Tarı sadəcə sevmişəm. Evdə məni fortepianoya göndərirdilər. Amma müəyyən tərəddüdlərdən sonra tar sənətinə yiyələnə bildim. Bu tərəddüd ondan yaranırdı ki, tarı daha çox kişilər ifa edir.   Lakin alətə olan məhəbbətim, sevgimdən mən tarın simasında tanındım. 

 

- Vokal sənətinə keçməyiniz insanlarda belə bir fikir yaratdı ki, Humay tarı atıb.

 

- Bir gün əlim tarın siminə toxunmasa, məndə əhval-ruhiyyədən əsər-əlamət qalmaz. Mən rahatlığımı sənətimdə tapıram. Tarı dediyim kimi sadəcə sevdim, o, ummadığım yerdən mənə şan-şöhrət də gətirdi, qazanc da. Onu niyə atmalıyam?

8.10.2015 12:09 / Hits: 401 / Print
 
Bu bölmədə
 News feed
12.12.2018
11.12.2018
10.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo